Haas-da yenilənmiş mühərrik yalnız Oliver Börmanın maşınında olacaq. Esteban Okon isə bu həftəsonu əvvəlki versiyalı mühərriklə, lakin aerodinamik yeniliklərlə çıxış etməli olacaq.
Esteban Okon: “Məndə tam yenilənmiş maşın olmayacaq. Aerodinamikaya gəlincə, yeniliklər olacaq, amma ADUO çərçivəsində təkmilləşdirilmiş mühərriki almayacağam – komandada belə mühərrikdən cəmi bir dənə var. Buna görə də mən güc qurğusunun köhnə versiyası ilə yarışmalı olacağam ki, bu da təbii ki, nəzərəçarpan çatışmazlıq olacaq. Amma yenilənmiş aerodinamikanı alacağam, ona görə də görək nəyə nail ola biləcəyik.
Cümə günü trasda yenilənmiş maşını yoxlamaq imkanını səbirsizliklə gözləyirəm. Bizdə yeni aerodinamik paket var. Çərşənbə axşamı onu simulyatorda sınadım və orada maşın özünü daha yaxşı hiss etdirirdi. Əlbəttə, indi həmin hissləri trasa daşımaq lazımdır, amma bu, heç də həmişə eyni nəticəyə zəmanət vermir.
Komandada hamı maşının nəyə qadir olacağını maraqla gözləyir. Əlbəttə, Monza bu yenilənmə üçün ən nümunəvi tras deyil, buna görə də artımın hamısını görməyəcəyik. Böyük ehtimalla, bunu tam şəkildə qiymətləndirmək Madriddə mümkün olacaq. Amma yenə də Lesmo və Parabolica döngəlarında maşının davranışını əvvəlki ilə müqayisə etmək maraqlı olacaq. Yeniliklər kifayət qədər ciddidir və mən onları sınamaq fürsətini səbirsizliklə gözləyirəm”.





