Mükafatlandırma mərasiminin formatı dəyişdiriləcək

Podiumda kubok və şampan şərabı ilə qeyd edilən ənənəvi mükafalandırma mərasimi bu il sosial məsafəyə görə fərqli formada keçiriləcək.

F-1.az xəbər verir ki, bu barədə danışan Formula1-in idman direktoru Ross Braun startlardan əvvəl olan sürücülərin paradının da ləğv ediləcəyini bildirib.

Ross Braun: “Biz koronavirusdan qorunmağa zəmanət verən protokollar tərtib edirik. Bunun nəticəsində də, əvvəl keçirilən bəzi mərasimlərin bu il də keçirilməsi mümkün olmur. Məsələn, maşınlar startdan əvvəl yerlərini tutduqda, orada əvvəlki kimi çox adamın olması qəbuledilməzdir. Biz hər aspekti – iştirakçıların trasa gəldikləri ilk andan ordan ayrılacaqları ana qədər hər bir şeyi düşünürük. Lakin bütün qərarları hələ tam qəbul edib başa çatdırmamışıq və FİA ilə birlikdə bunun üzərində işləyirik.

Podium mərasimi də əvvəlki kimi ola bilməz. Lakin yarış başa çatdıqdan sonra fərqli formatda mərasim təşkil etməyə çalışırıq. Variantlardan biri maşınların trasda saxlanılması və pilotların önlərində dayanmasıdır. Kubokları onları qazananlara verə bilmərik, çünki təmas olmamalıdır. Həll yolunu tapmağa çalışırıq və bunun televiziyadan necə görünəcəyini də düşünməliyik.

Dövlət himni səslənən zaman pilotlar yanaşı dayanmayacaqlar. Start düzülüşündə uşaqların olmasına da icazə verə bilmərik, lakin onlar bu tədbirin bir parçası olmağa davam edəcəklər. Məsələn, onlara bir forma göndərmək olar və formanı dolduraraq “xoş gəlmisiz” mesajını verə bilərlər.

Yarışdan əvvəl sürücülərin paradı da olmayacaq. Çünki 20 nəfəri bir maşına mindirmək olmaz. Bunun əvəzində, komandaların bokslarında onların hər birindən qısa müsahibə alaraq bu lentləri yayımlayacağıq. Sağlamlıq və təhlükəsizliyə sadiq qalmaq şərti ilə tamaşaçılarımızla ünsiyyət qurmağın bir çox yolu var.

Formula1-i maraqlı edə biləcəyimizə əminəm, lakin çox şey bir qədər fərqli olacaq. Nə qədər davam edəcəyini bilmirik, lakin ilin sonuna qədər belə qalacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*