Krək: Monzada ötmələrin sayına görə rekord görə bilərik

Aston Martin komandasının yarış direktoru Mayk Krək hesab edir ki, trasın özünəməxsus xüsusiyyətlərinə görə Monzada keçiriləcək yarış ötmələrin sayına görə rekord qıra bilər.

Əvvəlki rekord 2023-cü il Niderland Qran Prisində qeydə alınmışdı. Yağışın dayandırdığı xaotik yarışda dövrənin yekununa görə 186 mövqe dəyişikliyi baş vermişdi.

Bu mövsümün ilk Qran Prilərində dəfələrlə belə hal yaşanıb ki, rəqibini ötən sürücü batareya enerjisini tükətdikdən sonra, demək olar ki, dərhal mövqeyini itirib. Monzanın uzun düzlüyündə hadisələrin bu cür inkişaf etməsi ehtimalı kifayət qədər yüksəkdir.

Mayk Krək: “Maraqlıdır görək, real vəziyyət bizim simulyasiya nəticələrinə nə dərəcədə bənzəyəcək və komandalar bunun öhdəsindən necə gələcəklər.

Bir tərəfdən, bu effektin nə qədər böyük və ya kiçik olacağından danışmaq olar, digər tərəfdən isə, ötmə etmək üçün rəqibin arxasınca lap yaxın məsafədə getmək imkanı olmalıdır.

Bu həftəsonu enerjinin toplanması və sərf olunması baxımından kifayət qədər çox məhdudiyyət var. Maraqlıdır görək, komandalar bu problemi necə həll edəcəklər, ötmə nə qədər asan olacaq, əks ötmələrin sayı nə qədər çox olacaq. Bu həftəsonu bütün zamanların ötmə sayına görə rekordunu görə bilərik, mübarizə MotoGP-dəki kimi parlaq alına bilər.

Risk dərəcəsi artacaqmı? Adətən həftəsonu ərzində komandaların dövrəboyu enerjidən istifadə ilə bağlı yanaşmaları bir-birinə yaxınlaşır, buna görə də hər hansı ciddi fərqlər gözləmirəm. Amma sürücülər enerjini tamamilə fərqli şəkildə xərcləsələr, risk artar”.