K.Sayns: Bütün yarış təkərləri qorudum

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, İspaniya yarışına yaxşı yerdən başlasa da, təkərləri qoruya bilmədiyi üçün çətinlik çəkib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa ikinci yerdən başlayıb və startda yerini qoruyaraq podium üçün iddiasını ortaya qoyub. Lakin yarış ərzində təkərləri qoruya bilmədiyi üçün geriləyib. O, Həmilton, Rassell və Peresə keçilərək 5-ciliyə razı olub.

Karlos Sayns: “Düzünü desəm, bütün yarış ərzində təkərlərə nəzarət etməli oldum, çünki təkərləri tez öldürürük. Üstəlik yeyilmənin çox olduğu İspaniyada bolidi limitlərdə sürə bilmədim. Bu bizim maşınımızın ən zəif tərəfidir. Burada iki dəfə pitə girəcəyimizi bilirdik.

Yarışın hər hissəsində hədəflədiyimiz qədər dövrə vurmaq üçün təkərlərə nəzarət etməli idik və əksər hallarda bu hədəfə çata bilmədik. Belə yüksək sürətli döngələri olan trasda bolidimizin zəif tərəfləri özünü göstərdi və təkərləri tez öldürdük. Ancaq şənbə günü yaxşı dövrə vurduq və yarış günü yenə geriyə düşdük. Belə traslarda həmişə geridə qalırıq”.

Ferrari bolidi sürətləndirmək üçün Barselonaya yeniliklər gətirmişdi. “Qırmızılar” maşının performansını artırmaq üçün yeni altlıq və Red Bull tərzi yeni saydpodlara keçmişdi.

Karlos Sayns: “Yeniliklərin fərq yaradıb-yaratmadığını demək çətindir. Bazadakılar yenilikləri çatdırmaq üçün çox işləyir. Buna görə də hələ yeniliklərdən tam istifadə edə bilməmişik.

Yüksək sürətli döngələrə və dalğalanmaya görə burada zəif olacağımızı bilirdim. Buna görədə yeniliklər barədə danışmaq üçün çox tezdir, ancaq komanda onları maşına əlavə etmək üçün çox işlədi. Bazadakı bütün işçilərə təşəkkür edirəm. İnkişaf etməyə davam edəcəyik”.

Yarışa pouldan başlayan Maks Ferstappen startda Medium təkərləri seçdiyi halda, Sayns Soft təkərləri seçmişdi. Lakin ispaniyalı sürücü startda rəqibinin yanına qədər gəlsə də, keçə bilmədi və ikinci yerdə qaldı.

Karlos Sayns: “Sözün düzü, onun Medium təkərlərdə olduğunu bilirdim. Soft təkərlər hesabına daha yaxşı ilişməm olacaqdı. Lakin Maks yaxşı müdafiə olundu və məni xaricdə saxladı. Düzgün addım atdı. Qaçış yolu ilə gedə bilərdim, amma qaydaları pozmaq istəmədim. Bunu sınamalı idim.

Mercedes-in yarış tempi böyük surpriz oldu. Deyəsən onlardan 45 saniyə geridə qaldıq. Bu, Mayamidəki nəticəni xatırladır. Birdən Mercedes bizimlə Red Bull-un arasına girdi. Orada Aston Martin olmalı idi, ancaq nə baş verdiyini bilmirəm.

Startda Soft təkərləri Maksı keçmək üçün seçmədik. Yarışın ilk yarısını o təkərlərlə keçirməyon daha yaxşı olduğunu düşündük. Yarışda Lyuisin Soft təkərlərlə performansına baxanda o təkərlərin dözümlü olduğunu görürük. Bizim üçün elə olmasalar da, rəqiblərimiz o təkərlərlə daha çox sıxıb, daha yaxşı nəticə qazandılar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*