Ferrari F60

Dekabr testlərində çempionat iştirakçıları yeni reqlamentin tələblərinə cavab verəcək aerodinamik elementləri yoxlasalar da, yalnız təqdimat mərasimlərindən sonra 2009-cu ildə maşınların […]
fer1

Dekabr testlərində çempionat iştirakçıları yeni reqlamentin tələblərinə cavab verəcək aerodinamik elementləri yoxlasalar da, yalnız təqdimat mərasimlərindən sonra 2009-cu ildə maşınların necə görünəcəkləri barədə fikir yürütmək mümkündür. Son illər olduğu kimi ilk təqdimat mərasimini Ferrari komandası gerçəkləşdirib. Fyoranoda havanın pis olması üzündən mərasim komandanın ikinci trasında baş tutub, Mücelloda səhər saat 12-də yeni maşın jurnalistlərə nümayiş etdirilib.

fer2

Bu il komanda maşının adında F hərfi və ili göstərməkdən imtina edib, komanda bu ənənəyə F2001-dən başlamışdı və yalnız 2006-cı ildə maşın F248 adlandırılmışdı, bu dəfə 2009-cu ilin yeni maşınına F60 adı qoyulub – komandanın Formula1-də çıxışının 60 illik yubiliyei şərəfinə.

Stefano Domenikali: “Maşının adında biz Formula1-in tarixini əks etdirməklə komandamızın bütün çempionatlarda iştirak etdiyi faktını qeyd etmişik.”

Maşının xarici görünüşü aerodinamikada radikal dəyişikliklərə uyğundur – Ferrari ilk dəfə enli ön və ensiz arxa antiqanadları nümayiş etdirib, düzdür, Melburn yarışına kimi maşın hələ bir çox dəyişikliklərə məruz qalacaq.

fer3

Maşının arxa hissəsi çox maraqlı görünür – motorun üzərindəki hava kanalı diffuzora kimi hamar daralır. Bu hissəni jurnalistlər “kola butulkası” adlandırıblar, doğrudan da gözəl görünür.

F60-da kinetik enerjinin yenidən istifadəsi sistemi – KERS quraşdırılıb, sistem Magneti Marelli-nin mühəndisləri ilə birgə hazırlanıb, amma sistemin ilk yarışlarda tətbiqi hələ qərara alınmayıb. Brembo-nun hazırladığı yeni əyləc sistemi və uzununa yerləşdirilmiş yüngül fibrokarbondan hazırlanmış ötürmələr qutusu maşının optimal çəki paylanmasına kömək etməlidirlər.

fer5

Stefano Domenikali: “Biz stendlərdə KERS-dən istədiyimiz effektliyi alandan sonra sistemdən yarışlarda istifadə edəcəyik. Əgər titul qazanmaq istəyiriksə, bu belə olmalıdır. Bugünkü təqdimat çox vacibdir, çünki mərasimdən sonra KERS-in real trasda ilk testləri başlayacaq.

Problemlər qaçılmazdır və onları həll etməli olacayıq, amma test məsafəsi qısaldılıb və mövsümün gedişində biz testlər keçirə bilməyəcəyik, ona görə də mövsümöncəsi proqramdan maksimum effektiv yararlanmalıyıq. Bəlkə biz əvvəlki illərə nisbətən daha çox detalların stendlərdə yoxlanmasına diqqət yetirəcəyik.

Birinci məqsədimiz maksimal etibarlılıq əldə etməkdir. Keçən mövsüm müəyyən imtinalar üzündən əziyyət çəkdik, ona görə də indi KERS-in potensialını bilməliyik, sonra isə bütün etibarlılıq problemlərini həll etməliyik. Hələlik deyə bilmərəm ki, məhz hansı yarışdan başlayaraq sistem bizim maşına quraşdırılacaq, amma biz onu ən tez müddətə hazırlamağa çalışacayıq.”

F60-ın layihəsi üzərində işlər barədə Ferrari-nin texniki direktoru Aldo Kosta danışıb…

fer6

Aldo Kosta: “Siz özünüz də görürsünüz ki, F60 keçənilki layihənin davamı deyil, bu tam yeni maşındır. Biz işlərimizi təmiz vərəq üzərində başlamışdıq, çünki yeni reqlamentə əsasən aerodinamika tam dəyişməlidir.

Radikal dəyişikliklər üzündən biz layihənin işlənməsinə olduqca tez başlamışdıq və bu gün intensiv işimizin nəticəsini sizə göstərməyə şadıq.”

Ferrari-nin başçısı Stefano Domenikali komanda qarşısında quran vəzifələr və sürücülərin rolları barədə danışıb…

fer7

Stefano Domenikali: “Bizim məqsədimiz yenə də liderlər arasında olmaqdır. Son illər biz stabil olaraq uğur qazanmışıq, amma indi reqlamentdəki ciddi dəyişikliklər üzündən vəzifəmizin öhdəsindən gəlmək olduqca çətin olacaq. Biz rahatlaşmırıq – həyat nə qədər çətin olsa biz bir o qədər sürətlə inkişaf edirik.

Bu mövsüm idman və siyasi cəhətdən məxsusi olacaq, bizim məqsədimiz – ən yaxşı olmaqdır və bunun üçün bizim iki güclü sürücümüz var. Kimi və Felipe bizimlə birgə yeni maşını nümayiş etdirirlər, əgər maşın tam effektiv alınsa, onda komandanın uğurunda sürücülərin rolu artacaq – məhz onlar KERS-dən nə zaman istifadə etməyə qərar verəcəklər, yeni təkərlərdən və ön antiqanadın hərəkətli elementindən istifadə də onların rəyinə əsasən olacaq. 2009-cu ildə sürücülərin ustalığı həlledici faktor olacaq.”

Mərasimdə komandanın əsas və test sürücüləri də iştirak ediblər…

fer8

Felipe Massa: “Mən hiss edirəm ki, ildən ilə daha güclü oluram. Məncə, altı il ərzində böyük təcrübə toplamışam, xüsusən də keçən il, çempionat mənim üçün ağır alındı. Amma bu mənim yeni mövsümə hazırlaşmağıma kömək oldu.

Bilmirəm, mənim ən çətin rəqibim kim olacaq, amma biz McLaren sürücülərinin çox rəqabətədavamlı olmalarını gözləyirik, bəlkə BMW də güclü oldu. Bu komanda gərgin işləyir və hər mövsüm irəliləyir. Renault-nu da unutmaq olmaz, istisna etmirəm ki, daha bir hansısa komanda yaxşı nəticələr göstərəcək. Amma biz də çox işləyirik və ümid eidrəm ki, istədiyimiz məqsədlərə çatacayıq.

Mən çox təəccüblənmişəm, çünki gözləyirdim ki, F60 böyük alınacaq, çempionatda 10 il əvvəl olan maşınlara oxşayacaq. Amma yeni maşın çox balaca və yığcam alınıb, xüsusən də onun arxa hissəsi. Çox gözəl görünür və ümid edirəm ki, çox sürətli olacaq.”

Kimi Rəykkönen: “Keçən il hər şey mən istədiyim kimi olmadı, amma bu uğursuzluqlar arxada qalıb – yeni mövsüm bizə yeni ümidlər verir. Hazırda F60-ın rəqabətədavamlılığı barədə fikir söyləmək çətindir, amma biz əminik ki, yaxşı maşın qurmuşuq və yaxın bir neçə həftə ərzində onu rəqiblərimizin maşınları ilə müqayisə edə biləcəyik. Bu gün yalnız ilk addımı atmışıq, qarşıda bizi ciddi işlər gözləyir və biz çempionatda qələbə qazanmaq üçün hər şey edəcəyik.

Reqlamentdəki dəyişikliklər üzündən F60 keçən illərin maşınına bənzəmir, amma bir müddət sonra hamımız buna öyrəşəcəyik. Maşın başqa cür görünsə də, mənim ondan çox xoşum gəldi və mən trasda ilk nəticələri səbirsizliklə gözləyirəm.”

fer9

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*