F.Massadan növbəti bloq yazısı: “Ferstappen mükəmməl olduğunu sübut etməlidir”

F-1.az bildirir ki, Felipe Massa MotorSport.Com saytında növbəti bloq yazısını yayıb və yazısında onun üçün çətin keçən İspaniya QP-dən, Həmilton və Rosberq arasında yaşanan qəzadan və Maks Ferstappenin ilk qələbəsindən danışıb.

Felipe Massa: “Yarışın sonunda çempionat üçün faydalı xallar alsam da, Barselonadakı həftəsonu gözlədiyimdən çətin keçdi. Sıralanma turu Williams Martini Racing üçün gözlədiyimizdən çətin keçdi.

Birinci seansın bitməsinə bir neçə dəqiqə qalmış sürətli dövrə vurmaq üçün trasa çıxdım və hesablanmalara görə, asanlıqla ikinci seansa keçməli idim. Amma 3-cü və 7-ci döngələrdə trafik var idi və burada 0.4 saniyə vaxt itirdim. Boksa qayıdıb, 2-ci dəfə sürətli dövrə vurmaq üçün vaxtım çatmadı.

Ancaq rəqiblərim ilk dövrələrini atdıqları üçün ikinci dəst təkərləri istifadə edə bildilər. Buna görə də onlar göstəricilərini yaxşılaşdıraraq, məni qabaqladılar və mən birinci seansda məğlub oldum.

Gələcəkdə buna oxşar taktika ilə çıxış etsək, gərək trasa bir dəqiqə əvvəl çıxaq. Bu vaxt da azdır, amma belə olsa, ikinci dəst təkərləri istifadə etmə ehtimalı çoxalır.

Şənbə günü yaşadığım məyusluqdan sonra yarış daha yaxşı keçdi. Yarışa 18-ci yerdən başlayırdım və hamı bilir ki, bu tras ötmə üçün çox çətindir. Buna görə də işim çətin idi, amma yarış başlamamışdan əvvəl özümü yaxşı hiss edirdim.

Yaxşı start aldım və 4 nəfəri keçdim. Amma 1-ci və 3-cü döngələrdə həmişəkindən fərqli cizgi seçməli idim. Yarışımı vaxtından əvvəl bitirməmək üçün yavaşlamaq məcburiyyətində qaldım. Buna görə də geriyə düşdüm.

Amma təhlükəsizlik avtomobilindən sonra yaxşı dövrələr vurdum və rəqiblərimi keçdim.

3 pit-stoplu strategiya doğru qərar idi. Buna görə də trafikə düşüb, vaxt itirmədim. Bolidin bütün potensialını istifadə etdim.

Barselonada önünüz açıq olanda sürmək sizin performansınızda fərq əmələ gətirir. Beləliklə, bolidin potensialını sona qədər istifadə edə bildim.

Çoxlu rəqibimi keçdim və strategiya doğru idi. Bolidin balansı da yaxşı idi və növbəti dəfə sürətli pit-stopu etdik. Xüsusən də pit-stoplarda komanda olaraq inkişaf etdiyimizi görmək əla oldu. Bu il bütün yarışlarda ən sürətli pit-stopu edərək, bunu isbat etdik.

Buna görə də hər şeyin mükəmməl olduğu yarışın sonunda 8-ci yeri tutmaq bizim üçün mükafat oldu. Bazar günü gördüyümüz işlərdən razı qaldım.

Barselonadakı həftəsonunda çoxlu hadisələr baş verdi. Bu yarışdan sonra paddokda və azarkeşlər arasında maraqlı söhbətlər olacaq.

Məndən soruşdular ki, Lyuis Həmilton və Niko Rosberq arasında yaşanan insident barədə nə düşünürsən? Mən bu barədə kənardan baxıb, nəsə deyə bilərəm.

Niko güc qurğusunun rejimində nəsə dəyişiklik edib və bunu 3-cü döngənin çıxışında Həmilton ilə arasındakı sürət fərqində görürük. Deyəsən, Niko sükanda rejimi düzəldən vaxt başa düşdü ki, Lyuis arxadan sürətlə gəlir və o, qapını bağlamaq istədi. Buna görə də Lyuis onu ötə bilmədi.

Bu cür vəziyyətdə hər şey baş verə bilər, amma mən bunun yarış insidenti olduğunu düşünürəm. Ancaq bu cür insidentlər iki komanda yoldaşı arasında olarsa, onda bu daha çox səs-küyə səbəb olur.

Onlar Dünya Çempionu titulu uğrunda mübarizə aparan iki sürücüdürlər və bunu unutmaq olmaz. Buna görə də bu mübarizənin gətirdiyi stresi də unutmaq olmaz.

Yarışdan sonra hadisələr barədə saatlarla danişa bilirik, amma bu hadisələr sükan arxasında olan zaman saniyənin mində birində baş verir.

Maks Ferstappen Formula1-ə girməmişdən əvvəl həmişə sürətli olduğuu sübut etdi. Bəzən 18 yaşlı uşağın dəliqanlılığını biruzə verdi və buna görə də bəzi səhvlər etdi.

Amma onun trasdakı performansı heç vaxt sorğulanmadı. Red Bull ilə ilk yarışında podiuma çıxma şansı olan bir bolidlə yarışı qazandı.

Bu mövzuda onun bəxti gətirdi, çünki strategiyası Daniel Rikkardonun strategiyasından daha yaxşı idi, amma yenə də əla iş gördü. 18 yaşlı uşağın yeni komandasında qalib gəlməsi taleyində var imiş.

Keçmişdə bəzi böyük çempionların bu cür performansı oldu, amma Maks bundan sonra karyerasnda yeni bir mərhələyə keçdi. O, İspaniyadakı performansını yenidən təkrarlamalı və özünü isbat etməlidir.

Ferstappenin bu uğuru Formula1 üçün əla oldu, amma 3 yarışdan bir nəsə problem olur və o, problem yaşasa, bu həyəcan itə bilər. İstəmərəm ki, bu hadisə baş versin, amma bu idman növündə hər şey bir saniyə içində baş verir.

Bazar günü Ferrari və Red Bull bizdən sürətli olsa da, bizim də bolidimiz inkişaf etdi. Ancaq Monako yarışı son illərdə bizim üçün çətin keçib və bu il də bizim üçün çətin olacaq. Ümid edirəm ki, bu dəfə faha yaxşı olar, ancaq bizim bolidimiz Monako kimi dar traslar üçün əlverişli deyil.

Ancaq Monako Monakodur. O tras mənim evimə çox yaxındır və oranı yaxşı tanıyıram. Orada hər şey ola bilər. Ümid edirəm ki, hər şey bizim xeyrimizə olar.

Orada daha çox xal qazanmaq istəyirəm, çünki sonrakı traslar bizim üçün əlverişli olacaq”.

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*