2027-ci il mövsümünün təqdimatı Milanda keçiriləcək

Formula1-in 2027-ci il mövsümünün təqdimatı fevralda İtaliyanın Milan şəhərində keçiriləcək. Qarşıdakı təqdimat iki il əvvəl Londonda baş tutmuş F1 75 Live şousunun bir növ davamı olacaq.

F1 75 Live Formula1 tarixində bütün 10 komandanın və 20 sürücünün iştirak etdiyi ilk belə şou olub. Bir axşam ərzində 2025-ci il mövsümü üçün bütün maşınların rəng çalarları təqdim edilib, lakin vacib məqam odur ki, maşınların özü nümayiş olunmayıb.

2027-ci ildə tədbir daha geniş formatda keçiriləcək. F1 Live Milan şousu fevralın 18-də Milanın hələ adı açıqlanmayan məkanlarından birində baş tutacaq. Tədbirdə çempionatın bütün 11 komandasının sürücüləri və rəhbərləri iştirak edəcəklər. Həmçinin musiqili və əyləncə proqramı da nəzərdə tutulub. Bundan başqa, fevralın 18-dən 20-dək azarkeş festivalı da keçiriləcək.

Tədbirlə bağlı əlavə təfərrüat daha sonra açıqlanacaq. Biletlərin satışı bu il başlayacaq, F1 Live Milan şousu isə canlı yayımlanacaq.

,