Monako-2017: Yarış

Monakoda komandalar qüvvələr nisbəti ilk beş yarışdakından bir qədər fərqlənib. Bir çoxları hələ əvvəldən hesab edirdi ki, uzun təkər bazası Mercedes AMG üçün burada problemə çevriləcək. Amma yenə də təkərlər əsas həlledici amil olaraq qalıb.

Pirelli bura keçənilki kimi ən yumşaq üçlüyü – Soft, SuperSoft və UltraSoft tərkibləri gətirib. Hətta ən yumşaq tərkib olan UltraSoft-u da qızdırmaq çox çətin olub. Sıralanma turunda bunu uğurla edən sürücülər üstünlük əldə ediblər. Lakin təkərləri optimal temperatura çatdırmaq üçün də ardıcıl dövrələr vurmaq lazım gəlib.

Sərbəst yürüşlərin ilk sessiyasında Həmilton protokollara başçılıq etsə də, cümə axşamı nahardan sonradünən səhər baş tutan sessiyalarda Fettel hamıdan sürətli olmuşdu. İkinci sessiyadan etibarən Mercedes AMG-nin Ferrari-dən geridə olduğu üzə çıxmışdı. Çoxları bunu sürpriz hesab etmirdi, çünki uzun təkər bazasının dar döngələrdə problem yaradacağı əvvəlcədən proqnozlaşdırılırdı.

Sıralanma turunda da Ferrari-nin üstünlüyü davam etmişdi. Rəykkönen 2008-ci ildən sonra ilk poulunu əldə etmiş, Bottası minimal fərqlə üstələyən Fettel isə ikinci olmuşdu. Yarışa ikinci cərgədən – Bottasın yanından Ferstappen başlamağa haqq qazanmışdı. Üçüncü cərgəni isə Rikkardo və Sayns zəbt etmişdilər.

F-1.az xatırladır ki, İndy500 yarışında iştirak etmək üçün ABŞ-a yollanan Fernando Alonsonu Monakoda keçmiş komanda yoldaşı, karyerasını keçən il başa vurmuş 2009-cu ilin dünya çempionu Censon Batton əvəzləyib. Britaniyalı sürücü və komandanın digər üzvü Vandorn üçüncü sessiyaya keçsələr də, heç biri yarışa ilk onluqdan başlaya bilməyib. Buna Vandorna əvvəlki yarışdan verilən startda üç yer itirmək cəzası, Battona isə güc qurğusundakı dəyişikliklərə görə verilən 15 yer itirmək cəzası səbəb olub. Peletonun sonuna göndərilən Censon yarışa pit yolundan başlayıb.

Yarışa Sauber-in sürücüləri Verlyayn və Eriksson SuperSoft, yerdə qalan digər sürücülər isə UltraSoft tərkiblərlə başlayıblar. Startda öndəki sürücülər yerlərini qoruyublar. Həmilton dərhal Vandornu üstələyib, Kvyat isə iki yer itirib. Növbəti dövrədə Verlyayn və Batton pit-stopa yollanıblar. Lakin Verlyayn təkərləri dəyişdikdən sonra pit yoluna ehtiyatsız çıxıb buna görə ona 5 saniyəlik cəza verilib. 2-ci dövrədən sonra ilk onluq belə olub: Rəykkönen – Fettel – Bottas – Ferstappen – Rikkardo – Sayns – Peres – Qrojan – Maqnussen – Hülkenberq.

Rəykkönen komanda yoldaşından uzaqlaşmağa başlayıb. Peleton getdikcə uzanıb və yeni maşınlar hətta DRS zonasında da mövqe uğrunda mübarizəyə imkan verməyiblər. Yarışın 16-cı dövrəsində Hülkenberqin maşını tüstülənib – alman sürücünün maşınında ötürmələr qutusu sıradan çıxıb. Maşınının burun hissəsi zədələnən Peres planlaşdırılmamış pit-stop etməli olub.

33-cü dövrədə Maks pit yoluna üz tutub və SuperSoft-a keçib. Bottas dərhal tempini artırıb və növbəti dövrədə pit-stop edərək trasa Maksın önündə qayıdıb. Növbəti dövrədə isə yarışın lideri Rəykkönen təkərlərini dəyişib və trasa qayıdarkən üçüncü olub. Liderliyə yüksəlmiş Fettel isə ardıcıl sürətli dövrələr vurub. Pit-stop dalğası davam edib, 39-cu dövrədə Rikkardo, 40-cı dövrədə isə Fettel təkərləri dəyişiblər. Onun mexanikləri əla işləyiblər və alman sürücü trasa lider qayıdıb. 48-ci dövrədən sonra ilk onluq belə olub: Fettel – Rəykkönen – Rikkardo – Bottas – Ferstappen – Sayns – Həmilton – Qrojan – Kvyat – Vandorn.

Yarışın 60-cı dövrəsində ciddi qəza baş verib – Batton tunelin girişində Verlyaynı qabaqlamaq istəyərkən təkər-təkərə toqquşma baş verib və Verlyaynın maşını şaquli formada divara çırpılıb. Onun maşını elə bu vəziyyətdə də qalıb. Batton da zədələnmiş maşını təhlükəsizlik zonasında saxlayıb. Təhlükəsizlik maşını trasa daxil olub. Hadisə yerinə tibbi maşın göndərilib. Lakin Verlyayn qəzadan zədə almadan qurtulub. TM rejimindən istifadə edən Ferstappen, Massa və Peres dərhal pit-stop ediblər. Bernd Maylander trası tərk etməyə hazırlaşarkən Eriksson birinci döngədə idarəetməni itirib və baryerlərə çırpılıb. Sona 11 dövrə qalmış restart verilib və Fettel mövqeyini qoruyub. Rikkardonun Rəykkönenə hücum cəhdləri isə bir nəticə verməyib. Növbəti qəzanı isə Vandorn edib və McLaren bu mövsüm ilk xalını qazanmaqdan yenə məhrum olub.

Yarışın 72-ci dövrəsində Peres Kvyata hücum edib və maşınlar toqquşub. Kvyat yarışı dayandırmalı olub, təkəri deşilən Peres isə yenə pit-stop etməli olub və xal zonasından uzaq düşüb. Əyləc sistemində problem olan Stroll komanda tərəfindən boksa çağırılıb. Kanadalı sürücü qəza etməsə də, Monako yarışını tamamlaya bilməyib.

Monakoda finiş xəttini birinci keçən Fettel bu mövsüm üçüncü qələbəsini əldə edib və ümumi qələbə sayını 45-ə çatdırıb. Çempionatda Lyuislə olan xal fərqini 25 xala artırıb. Bu, Ferrari-nin Monte Karloda 2001-ci ildən bəri ilk qələbəsidir. Ferrari bu nəticələrdən sonra Mühəndislər Kubokunda əsas rəqibi Mercedes AMG-ni üstələyib.

Rəykkönen ikinci olaraq bu mövsüm ən yaxşı nəticəsini əldə edib. Bu, Ferrari-nin 2010-cu ildəki Almaniya Qran Prisindən bəri ilk dubludur. Haas komandası hər iki sürücüsü ilə xal qazanıb. Son 15 yarışda xal qazanan Peresin uğurlu seriyası bu dəfə qırılıb.

Mübarizə iki həftə sonra okeanın o tayında – Kanadadakı Jil Vilnövün adını daşıyan trasda davam edəcək. Azərbaycan Qran Prisinə isə çox az qalıb…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 5 Sebastyan Fettel Ferrari 1:44:44.340 1
2 7 Kimi Rəykkönen Ferrari + 0:03.145 1
3 3 Daniel Rikkardo Red Bull + 0:03.745 1
4 77 Valtteri Bottas Mercedes AMG + 0:05.517 1
5 33 Maks Ferstappen Red Bull + 0:06.199 2
6 55 Karlos Sayns Toro Rosso + 0:12.038 1
7 44 Lyuis Həmilton Mercedes AMG + 0:15.801 1
8 8 Roman Qrojan Haas + 0:18.150 1
9 19 Felipe Massa Williams + 0:19.445 2
10 20 Kevin Maqnussen Haas + 0:21.443 2
11 30 Colion Palmer Renault + 0:22.737 1
12 31 Esteban Okon Force İndia + 0:23.725 3
13 11 Serxio Peres Force İndia + 0:39.089 3
14 26 Daniil Kvyat Toro Rosso + 5 dövrə 1
15 18 Ləns Stroll Williams + 5 dövrə 3

 

Sürətli dövrə: Serxio Peres (Force İndia) – 1:14.820 (76-cı dövrə, 160.561 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Ləns Strol Williams 72 əyləc
Daniil Kvyat Toro Rosso 72 qəza
Stoffel Vandron McLaren 67 qəza
Markus Eriksson Sauber 64 qəza
Censon Batton McLaren 58 qəza
Paskal Verlyayn Sauber 58 qəza
Niko Hülkenberq Force İndia 16 ötürmələr qutusu

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 5 Sebastyan Fettel Scuderia Ferrari 129
2 44 Lyuis Həmilton Mercedes AMG Petronas F1 Team 104
3 77 Valtteri Bottas Mercedes AMG Petronas F1 Team 75
4 7 Kimi Rəykkönen Scuderia Ferrari 67
5 3 Daniel Rikkardo Red Bull Racing 52
6 33 Maks Ferstappen Red Bull Racing 45
7 11 Serxio Peres Sahara Force İndia F1 Team 34
8 55 Karlos Sayns Scuderia Toro Rosso 25
9 19 Felipe Massa Williams Martini Racing 20
10 31 Esteban Okon Sahara Force India F1 Team 19
11 27 Niko Hülkenberq Renault Sport Formula 1 Team 14
12 8 Roman Qrojan Haas F1 Team 9
13 20 Kevin Maqnussen Haas F1 Team 5
14 94 Paskal Verlyayn Sauber F1 Team 4
15 26 Daniil Kvyat Scuderia Toro Rosso 4

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Scuderia Ferrari Ferrari 196
2 Mercedes AMG Petronas F1 Team Mercedes 179
3 Red Bull Racing TAG Heuer 97
4 Sahara Force İndia F1 Team Mercedes 53
5 Scuderia Toro Rosso Renault 29
6 Williams Martini Racing Mercedes 20
7 Renault Sport Formula 1 Team Renault 14
8 Haas F1 Team Ferrari 14
9 Sauber F1 Team Ferrari 4
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*