L.Həmilton: Doğru yönü tapdıq

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, komanda inkişafda doğru yönü tapıb.

F-1.az xatırladır ki, “gümüşü oxlar” mövsümə pis başlasa da, Monakoya gətirdikləri yeniliklər Barselonada yaxşı işləmiş və iki sürücü ilə də podiuma yüksəlmişdilər. Onların podium seriyası Kanada yarışında da davam etmiş və Həmilton 3-cü yeri tutaraq, fəxri kürsüyə yüksəlmişdi.

Lyuis Həmilton: “Nəhayət ki, doğru yöndə addımlayırıq. Keçən il çoxlu yeniliklər gətirsək də, inkişaf edə bilməmişdik. Ancaq bu maşınlarda performansı artırmağın asan olmadığını gördük. Aerodinamik borudakı işləyəndə də performans cəhətdən böyük addım atdığımız görünürdü. Ancaq maşına qoyanda bolid dalğalanırdı. Lakin bu il nəhayət ki, bolidi gücləndirən, amma dalğalandırmayan yeniliklər düzəldə bildik.

Doğru yöndə addım atsaq da, hələ də hədəflərimizə çatmamışıq. Hələ bi yöndə addımlamağa çalışırıq. İnkişaf edirik və növbəti aylarda daha da inkişaf edəcəyik. Bunu görmək həyəcanvericidir. Gələcək üçün səbirsizlənirəm. Boliddə özümə olan inam artıb. Axır ki, özümü bir yarış maşınında hiss edirəm.

Özünəinam vacib şeydir. Bolidin balansına güvənməlisiniz. Bir döngəyə 250-300 kilometr sürətlə girirsinizsə, maşın sizin istədiyiniz kimi olmalı və sizi dəstəkləməlidir. Keçənilki maşın bu sahədə çox qeyri-sabit idi. Keçən il burada yaşadığım şoku gördünüz. Buna görə də ayağınızı qazdan götürməli olursunuz. Limitlərdən uzaqlaşırsınız.

Etdiyimiz son dəyişikliklərdən sonra bunu daha çox kəşf etdim. Artıq limitlərə yaxınlaşanda özümə daha çox güvənirəm, ancaq yenə də limitdə deyiləm. Buna görə də bir az da dəyişiklik etməliyik.

Gələn il üçün bəzi təməl dəyişikliklər olmalıdır. Mən bunları bir ildən çoxdur ki, istəyirəm. Gələn il bunlara sahib olmaq üçün səbirsizlənirəm. Bu yeniliklər bizə çox kömək edəcək.

Lakin sadəcə bu yox, arxa tərəf və bolidin döngələri necə döndüyü də vacibdir. Ancaq bunun üzərində işləyirik. Komanda da buna köklənib. Növbəti aylarda bunu düzəltməyimizə kömək edəcək bəzi addımlar atacağıq. Buna görə də həyəcanlıyam.

Avstriyada asfalt Barselonaya çox bənzəyir. Buna görə də rəqabətədavamlı olmağı ümid edirik. Əslində Kanadadakı kimi olmağı gözləyirik. Məncə, Red Bull öndə olacaq. Burada həmişə güclü olublar. Ümid edirəm ki, Ferrari və Aston Martin-lə mübarizə apara bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*