Günahsız günahkarlar

Hazırkı çempionatda məni bir şey təəccübləndirməkdə davam edir: Censon Battonun əvvəlcədən qələbə qazanması söylənilməyən yarışlarda qalib gəlməyə davam etməsi. Biz […]

Hazırkı çempionatda məni bir şey təəccübləndirməkdə davam edir: Censon Battonun əvvəlcədən qələbə qazanması söylənilməyən yarışlarda qalib gəlməyə davam etməsi. Biz sıralanma turlarından əvvəl əziyyət çəkirik, müxtəlif səbəblər fikirləşirik ki, məhz nəyə görə bu dəfə o Toyota-ya, Red Bulla-a, Ferrari-yə və ya yenidən Red Bull-a uduzmalıdır, şənbə axşamı hər şey elə məntiqi görünür, amma bazar günü gələn kimi Batton hər şeyi alt-üst edir. Lakin əslində bunda onun heç bir günahı yoxdur…

Son vaxtlar daha çox Mixael Şumaherlə, xüsusilə də alman sürücünün 2004-cü ildəki çıxışı ilə müqayisə olunan Censon Batton bu günlərdə müsahibələrindən birində öz qələbələrinin beş il əvvəlki qələbələrdən bir fərqini qeyd etmişdi. O zaman hələ altıqat dünya çempionunun ixtiayrında yalnız məğlubedilməz deyil, əslində dominant bolid var idi. İndiki liderin isə belə maşını yoxdur. Censon haqlıdır. Onun rəqibləri ona çox yaxındırlar, sıralanma turunda, bəzən isə startda onu qabaqlayırlar. Batton hamıdan sürətli olsa da, onun üstünlüyü imkan vermir ki, indidən heç nəyə baxmadan ona titul təqdim edilsin. Sadəcə olaraq sürücü və onun komandası bütün şanslardan maksimum istifadə edirlər, bəzən səhvsiz pilotluq hesabına, bəzən komanda pultunun ağıllı strategiyası sayəsində. Həm də britaniyalı sürücü hər şeyi elə təbii edir ki, elə bil bütün ömrü boyu ancaq qələbə qazanmaqla məşğul olurmuş. Bizdə isə onun məğlubedilməzliyi təəssüratı yaranır…

Bu gün Battona taktiki gedişlər lazım olmadı, o özü sayıq idi, doqquzuncu-onuncu döngələrdə Sebastyan Fettel səhvə yol verəndə məmnuniyyətlə onun hədiyyəsini qəbul etdi. Sonra isə psixoloji cəhətdən ona xoş olmasa da, daha sürətli alman sürücünü beş dövrə arxasında saxladı. “Öküzlərin” öz gənc ulduzları üçün hazırladıqları üç pit-stoplu strategiya ilk baxışdan səhv görünürdü. Seb nəinki Battonla bacarmadı, hətta yenə də öz komanda yoldaşı Mark Uebberə uduzdu. Finişdən sonra Fettel təəccübləndiyini söylədi – elə birinci dövrədə mövqeyini itirən sürücünün komanda strategiyasını dəyişməmişdi, amma Kristian Horner hesab edir ki, bu Sebin yeganə şansı idi. Mən onun məntiqini başa düşürəm. Belə bir sxemə baxaq.

Sebastyan 15, 29 və 48-ci dövrələrdə pitə girmişdi, deməli o trasda 33 dövrə Battondan yüngül maşında olmuşdu, Seb yalnız bu dövrələr ərzində Censonu 24 saniyə qabaqlamalı idi, yalnız bu halda üçüncü pitdən sonra o liderliyi ələ ala bilərdi. Mümkün deyil? Niyə ki, tam realdır, axı onun qarşısında trafik yox idi, sadəcə vaxtında Censonu ötmək lazım idi. Hamı yəqin ki, xatırlayır – keçən il daha yüngül Lyuis Həmilton ağır Felipe Massanı birinci həmlədən necə keçmişdi. Amma Seb bunu edə bilmədi, bu isə təəccüblü deyildi – əvvəlki yarışlarda o daha zəif maşınların arxasında ilişib qalırdı – Bəhreyndə Həmiltonun, İspaniyada Massanın. Səbəbi nədir? Bunu söyləmək çətindir: ya bolidlərin konfiqurasiyası yenə buna imkan vermir, ya da bu sürücünün öz xüsusiyyətidir…

Amma bir şeyi də qeyd etməliyik ki, alman sürücünün ixtiyarında daha bir strateji silah – təkər strategiyası yox idi. Keçən il Lyuis və Felipe müxtəlif təkər tərkiblərində mübarizə aparırdılar: britaniyalı sürücü keçən il McLaren üçün daha uyğun olan yumşaq təkərlərdə, brazliyalı sürücü isə Ferrari-yə daha uyğun gələn orta tərkibli təkərlərdə. Bu gün yumşaq təkərlər sürətdə heç bir üstünlük vermirdilər və üç pit-stoplu strategiyadan maksimum istifadə etmək mümkün deyildi.

Bu gün yarışın qəhrəmanı adını Censon Battona versək, ikinci qəhrəman mükafatını Niko Rosberqə verərdim. Son zamanlar Niko pis vərdişə yiyələnmişdi – sərbəst yürüşlərdə, daha sonra sıralanma turlarında fərqlənən alman sürücü heç olmasa öz start yerində finişə çata bilmirdi. Xoşbəxtlikdən, Türkiyədə Rosberq fərqləndi – birinci dövrə ərzində o iki dünya çempionunu və iki vitse çempionu keçdi, ilk pit-stopdan sonra isə Trullini də qabaqlamışdı, amma ikinci pitə daha tez girməsi üzündən Trullini irəli buraxdı. Amma finişdə beşinci yer komandanın mövsümdə ən yaxşı nəticəsidir. Kazuki Nakasima da yarışı səhvsiz keçirdi və mövsümdə ilk xallarını qazana bilərdi, amma ikinci pitdə təkərin dəyişməsi zamanı yaranan problemlər yapon sürücünü xalsız qoydu…

Toyota-nın yenidən mübarizə qayıtması da xoş təəssüratdır. Nelsinyo Pikenin Lyuis Həmiltonu keçməsi isə yarışın bəzəyi oldu – sürücülərin müxtəlif təkər tərkiblərində olmasına, britaniyalı sürücünün döngəyə geniş girərək səhv yol verməsinə göz yummalıyıq. Amma BMW Sauber-in diffuzorundan çox şey gözləyirdim, müqayisə edin İspaniyada diffuzorsuz B şassisində Nik Haydfeld yeddinci olmuşdu, bu gün isə diffuzorla Robert Kubitsa həmin nəticəni təkrarladı.

Ümumiyyətlə, bu ikili diffuzorlarla maraqlı işlər alınır. Hər dövrədə yarım saniyə üstünlük verməsi ilə reklam olunan bu element artıq Toro Rossodan başqa bütün komandalarda var. Bu elementə görə Çində Renault tərifləndi, Bəhreyndə McLaren, İspaniyada isə Ferrari. Mənim fikrimcə, indi hamı Avstraliya Qran Prisində olan qüvvələr nisbətinə qayıdıb: diffuzorlu ilk üç komanda və Red Bull irəlidə, Ferrari, Renault və BMW Sauber ortada və McLaren digər autsayderlərlə arxada. Ona görə də çempionatdakı mübarizədən fərqli olaraq texnoloji mübarizə yenidən başlayır. Əlbəttə, əgər bu mübarizədə kimsə iştirak etmək istəyirsə…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*