Formula1 reversiv start barədə düşünür

Builki mövsümün startında bir neçə yarışın cüt keçirilməsi reversiv (tərsinə) startın eksperimentlərinə münbit şərait yaratdığı üçün Formula1 rəhbərliyi FİA və komandalarla bu təklifi ciddi müzakirə edir. 

F-1.az bildirir ki, cümə günü Liberty Media, FİA və çempionat komandalarının iştirakı ilə baş tutan elektron konfransda çempionatın təşkilatçısı Red Bull Rinq və Silverstounda (əgər Britaniya hökumətindən icazə alınarsa) ənənəvi sıralanma turu əvəzinə reversiv startla sprint (qısamüddətli) yarış keçirməyi təklif edib. Sprint yarışın nəticəsinə görə bazar gününün əsas yarışın start düzümü müəyyənləşəcək.

Şənbə günü isə start düzümü sürücülərin çempionatda tutduqları yerə görə tərsinə müəyyənləşəcək. Məsələn, əgər mövsümün ilk həftəsonunda belə bir yarış keçirilsə, onda keçən ilin cədvəlinə əsasən, Williams komandasının sürücüləri ilk start cərgəsindən, Lyuis Həmilton isə sonuncu yerdən start alacaq. Digər detallar hələlik bəlli deyil. Eksperimentin cüt mərhələnin yarışlarından yalnız birində ediləcəyi ehtimal olunur, ikincisi adi sıralanma turu ilə baş tutacaq.

İdeya müəlliflərinin fikrincə, bir həftə fasilə ilə eyni trasda iki yarışın müxtəlif formatla keçirilməsi gələcəkdə buna bənzər formatın tətbiqinə yararlı olub olmadığını müəyyənləşdirməyə kömək edəcək dəyərli və əyani məlumat toplamağa imkan verəcək.

Fikrin FİA tərəfindən dəstəkləndiyi artıq məlumdur, amma çempionatın reqlamentinə uyğun olaraq, yalnız on komandanın hamısının yekdil dəstəyini aldıqda təklif gerçəkləşə bilər. Cümə günü konfransda səsvermə keçirilməyib, amma şayiələrə görə, fikirlərin ilkin müzakirəsi göstərib ki, yalnız bir komanda eksperimentə qarşı çıxıb. Gələn həftə rəsmi səsvermə keçirilə bilər, çempionatın bütün iştirakçıları isə bildiriblər ki, buna qədər hər şeyi ətraflı düşünmək lazımdır.

Eksperimentlə bağlı tez bir zamanda qərar vermək lazımdır, çünki komandalar bu fikri dəstəkləyərsə, FİA tələsik bütün mümkün ssenariləri özündə əks etdirən yeni qaydaları hazırlamalıdır.

Keçən il Formula1-in idman direktoru Ross Braun çempionatın təqviminə daxil olmayan yarışlarda reversiv (tərsinə) startla bağlı eksperiment keçirməyin mümkünlüyündən danışmışdı, ancaq cari vəziyyətdə, mövsümün başlaması pandemiya səbəbiylə təxirə salındığı halda təcrübə üçün gözlənilməz bir şans peyda olub. Xüsusən də eyni traslarda cüt yarışların müxtəlif formatlarını müqayisə etmək maraqlı olacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*