DS Techeetah: Da Koştanın qələbəsi və Vernin podiumu

Mərakeş trasına Formula E çempionatının iştirakçıları 4-cü dəfə toplaşıblar. Paytaxtın mərkəzi küçələrini birləşdirən trasın konfiqurasiyası 8 rəqəmini xatırladır - orta uzunluqlu düzlüklər və 15 döngə sürücülərin qarşısında çətin vəzifələr qoyur. Arxada qalan yarışlar isə həmişə gərgin mübarizə ilə yadda qalıb.

F-1.az bildirir ki, elə bu dəfə mübarizə olduqca gərgin alınıb. Poulun sahibi Antonio Feliks da Coşta (DS Techeetah) yarışa yaxşı başlayıb, Maks Günter (BMW) də ikinci mövqeyini qoruya bilib, Andre Lotterer (Porsche) ilk döngələrdə Nik de Vrizi (Mercedes), Sebastyen Buemi (Nissan) isə komanda yoldaşı Oliver Rouləndi irəli buraxmalı olublar. Ancaq Günter liderdən geri qalmayıbsa, de Vriz iki dövrədən sonra liderlərə iki saniyədən çox uduzmaqla, peletonu arxasında ləngidib.

Formula E-nin hazırkı çempionu Jan Erik Vern səhhətində yaranan problem səbəbindən dünən səhər məşqlərini buraxdığı üçün sıralanma turunda yalnız 11-ci nəticə ilə kifayətlənməli olub. Startda 3 rəqibini qabaqlayan fransalı sürücü daha çox enerji işlətməklə bir neçə dövrəyə 5-ci yerə yüksəlib. DS Techeetah komandasının strateqləri onu xəbərdar ediblər ki, bu cür enerji sərfiyyatı ilə finiş görməyə bilər, bundan sonra Vern qənaət rejiminə keçib.

Səkkizinci dövrədə stüardlar de Vrizin maşınında enerjinin icazə verilən rekuperasiya miqdarı ilə bağlı qaydanı pozduğuna görə sürücünü cəzalandırmaq qərarına gəliblər və Mercedes-in təmsilçisi pit-leyndən keçmək cəzası alıb, nəticədə Lotterer üçüncü mövqeyini geri qaytarıb.

Bu zaman artıq 7-ci yerdə olan Vern artırılmış güc sayəsində həmyerlisi Buemini də qabaqlayarq 10-cu dövrəni 5-ci yerdə başa vurub. Növbəti dövrələrdə əvvəlcə Mortaranın, daha sonra isə Lottererin müqavimətini qıran ikiqat dünya çempionu ilk üçlüyə yüksəlib və liderdən geri qalmağa başlayan Günterə çatmağa tələsib.

Arxadan Vernin irəliləməsini görən Günter sürətini artırıb və 15-ci dövrənin əvvəlində da Koştaya hücum edərək ikinci cəhdindən onu qabaqlayıb. Bu zaman portuqaliyalı sürücü enerjiyə qənaət etmək məqsədilə sadəcə Maksın hava kisəsində qalmağa üstünlük verib.

20-ci dövrədə Maksın da enerjiyə qənaət etməyə başladığını görən Antonio hücuma keçib və BMW-nin sürücüsünü ötdükdən sonra dərhal 2 saniyə fərq yaradıb. Arxada isə Vern sürətini artırıb və enerjisini qənaət edən Maksa yaxınlaşıb.

Finişə beş dəqiqə qaldıqda, fransalı sürücü Günteri də məğlub edib, amma yarışa başçılıq edən komanda yoldaşının bu zaman üstünlüyü artıq 7 dəqiqəni keçib.

Yarışın ilk hissəsində enerjisini artıq işlətməsi finişə yaxın Vernin əleyhinə olub – Günter son döngələrdə ona çatıb və finiş xəttinə qədər ikinciliyə yüksəlib. Finiş xəttini keçdikdən sonra Vernin batareyalarında enerji qalmayıb və az qala Buemi də onu keçəcəkdi.

Düzgün strategiya sayəsində da Koşta finişdə Günteri 11 saniyə qabaqlayıb – Formula E üçün bu cür fərq heç xarakterik deyil.

Mövsümün beş mərhələsindən sonra Antonio Feliks da Coşta 67 xal toplayaraq liderliyə yüksəlib – Formula E-nin son doqquz yarışında doqquz müxtəlif sürücü qələbə qazanıb. Vernin də podiuma yüksəlməsi sayəsində DS Techeetah komandası Mühəndislər Kubokunda BMW komandasını qabaqlayıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*