Britaniya-2018: Sıralanma turu

Silverstounda sıralanma turu böyük əhəmiyyət daşımır. Burada baş tutan son 20 yarışda yalnız 6 dəfə pouldan başlayan sürücü yekunda qalib gəlib. Bu mövsüm Mercedes-lə Ferrari arasında mübarizə daha gərgindir. Mercedes son illərdə qələbə qazandığı Red Bull Rinqdə keçən həftə fiaskoya uğrayıb, elə Britaniyada da rəqabət güclüdür.

F-1.az bildirir ki, cümə günü ilk məşqlərdə Həmilton, ikinci məşqlərdə isə Fettel protokollara başçılıq ediblər. Nahardan sonra hava çox isti olub və bu da Ferrari-yə müsbət təsirini göztərib. Bu gün nisbətən sərin havada baş tutan son məşq sessiyasında Həmilton yenidən ən sürətli olub.

Bugünkü məşqlərdə qəza edən Hartlinin maşınını sıralanma turuna çatdırmaq mümkün olmayıb. FİA onun komanda yoldaşı Pyer Qaslinin maşınının ön asılqanının dəyişdirilməsini tələb edib və Toro Rosso-nun mexanikləri işin öhdəsindən vaxtında gələ biliblər. Boyun ağrılarından şikayət edərək məşqləri erkən başa vuran Fettel sıralanma turundan əvvəlki bir neçə saatı həkimlərin yanında keçirib.

Pirelli Silverstouna bu il ilk dəfə Hard, Medium və Soft üçlüyünü gətirib. Hard tərkiblə çox böyük məsafə qət etmək mümkün olsa da, sürət fərqi də az olmayıb. Buna görə də komandalar elə məşqlərdən digər iki tərkibə üstünlük veriblər.

Birinci sessiyaya Rəykkönen, Bottas və Həmilton Medium, digər sürücülər isə Soft təkərlərlə başlayıblar. Artıq üçüncü dəqiqədə sessiya qırmızı bayraqlarla dayandırılıb – Stroll altıncı döngədə səhvə yol verib və çınqıllığa düşüb. Fasilə 6 dəqiqə davam edib. Maşın təxliyə olunub və sessiya davam etdirilib. Lənsin komanda yoldaşı Sirotkin də 15-ci döngədə eyni səhvə yol verib, lakin boksa qayıda bilib. Sessiyanın sonunda isə yenidən trasa çıxıb. Fettel 1:26.585-lik nəticə ilə protokollara başçılıq edib. Sayns, Vandorn, Sirotkin və Stroll növbəti mərhələyə keçə bilməyiblər.

İkinci sessiyada hamı Soft təkərlərlə boksları tərk edib.  Həmilton ilk cəhddə hamıdan sürətli olub – 1:26.256. Bu nəticəni yaxşılaşdıran olmayıb. Lekler Sauber-i yenə də üçüncü sessiyaya daşıya bilib. Hülkenberq, Peres, Alonso, Qasli və Eriksson mübarizəni dayandırıblar.

Son sessiyada Fettel birinci cəhddə daha yaxşı təsir bağışlayıb – 1:25.936. Rikkardo DRS problemi ilə qarşılaşıb və liderlərə bir saniyədən çox uduzub. Həmilton ikinci cəhddə çempionatdakı əsas rəqibini üstələyə bilib – 1:25.892.

Lyuis Həmilton mövsümdə dördüncü, karyerasında 76-cı, Mercedes-in heyətində isə 50-ci poulunu qazanıb. Fettel ona sadəcə 0.044 saniyə məğlub olub. İkinci sıradan Rəykkönen və Bottas, üçüncü sıradan isə Red Bull sürücüləri start alacaqlar.

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 2 1:26.818 3 1 1:26.256 6 1:25.892 7
2 5 Sebastyan Fettel Ferrari 1 1:26.585 7 2 1:26.372 3 1:25.936 7
3 7 Kimi Rəykkönen Ferrari 5 1:27.549 7 4 1:26.483 3 1:25.990 7
4 77 Valtteri Bottas Mercedes AMG 3 1:27.025 3 3 1:26.413 6 1:26.217 6
5 33 Maks Ferstappen Red Bull 4 1:27.309 5 5 1:27.013 3 1:26.602 6
6 3 Daniel Rikkardo Red Bull 7 1:27.979 5 6 1:27.369 3 1:27.099 6
7 20 Kevin Maqnussen Haas 10 1:28.143 10 8 1:27.730 6 1:27.244 3
8 8 Roman Qrojan Haas 9 1:28.086 11 7 1:27.522 6 1:27.455 3
9 16 Şarl Lekler Sauber 6 1:27.962 10 9 1:27.790 6 1:27.879 3
10 31 Esteban Okon Force İndia 14 1:28.279 8 10 1:27.843 6 1:28.194 6
11 27 Niko Hülkenberq Renault 8 1:28.017 6 11 1:27.901 6
12 11 Serxio Peres Force İndia 12 1:28.210 8 12 1:27.928 6
13 14 Fernando Alonso McLaren 11 1:28.187 6 13 1:28.139 6
14 10 Pyer Qasli Toro Rosso 15 1:28.399 9 14 1:28.343 6
15 9 Markus Eriksson Sauber 13 1:28.249 10 15 1:28.391 6
16 55 Karlos Sayns Renault 16 1:28.456 8
17 2 Stoffel Vandorn McLaren 17 1:29.096 9
18 35 Sergey Sirotkin Williams 18 1:29.252 7
19 18 Ləns Stroll Williams 19 2
20 28 Brendon Hartli Toro Rosso 20
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*