Avropa Qran Prisinin akkreditasiya qaydaları jurnalistlərə təqdim olunub

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti fevralın 11-də Hilton otelində yerli Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri üçün Avropa Qran Prisinin akkreditasiya qaydaları haqqında seminar keçirib.

Yetmişə yaxın jurnalistin iştirak etdiyi seminarda, iştirakçılara bu ilin yayında Bakıda ilk dəfə keçiriləcək Formula1 yarışının akkreditasiya prosesi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, yerli media nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya prosesi martın 1-dən 31-dək onlayn qaydada, BŞH-nın rəsmi internet səhifəsi (www.bakucitycircuit.com) vasitəsilə həyata keçiriləcək.

Tədbirdə açılış nitqi söyləyən BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri və Avropa Qran Prisinin Milli Mətbuat Katibi Nigar Arpadarai yarışa hazırlıqla bağlı görülən son işlərdən danışıb və jurnalistləri akkreditasiya prosesində fəal olmağa dəvət edib: “Bu il Bakıda ilk dəfə keçiriləcək Avropa Qran Prisində yerli jurnalistlərin iştirakı bizim üçün olduqca əhəmiyyətlidir. Xüsusilə də Formula1 kimi dünya əhəmiyyətli bir yarışa vəsiqə qazanıb onu işıqlandırmaq jurnalistlərimiz üçün nadir bir fürsətdir. Bu işdə hamınızı fəal olmağa çağırıram”.

Daha sonra çıxış edən BŞH-nın KİV Əməliyyatları üzrə meneceri Ayan Ağayeva iştirakçıları akkreditasiya qaydaları ilə tanış edib. Seminar Avropa Qran Prisinin rəsmi elçisi Rəhim Əliyevin çıxışı ilə davam edib. Formula1 şərhçisi R.Əliyev tədbir iştirakçılarına Qran Pri yarışılarını işıqlandıran jurnalistlərin fəaliyyəti barədə məlumat verib və həmçinin bu sahədə olan təcrübəsini yerli media nümayəndələri ilə bölüşüb.

Üç saat davam edən seminarın sonunda qeyri-rəsmi qaydada sual-cavab sessiyası keçirilib. BŞH-nın media əməliyyatları üzrə rəsmiləri jurnalistlərin akkreditasiya prosesi ilə və eyni zamanda yarışla əlaqədar suallarını cavablandırıblar.

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*