14 Noyabr 2019, Cümə axşamı - 23:11

Avropa Qran Prisinə 30 gün qalır

Avropa Qran Prisinə 30 gün qalır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:02 - 18 May, 2016

Dünya idman tarixinə adımızı yazmağa cəmi 30 gün qalır – iyunun 17-də gözəl Bakımızın küçələrində Formula1 üzrə 67-ci dünya çempionatının Avropa Qran Prisinin ilk sərbəst yürüşlərində gücü 1000 at qüvvəsinə çatan bolidlərin ecazkar səslərini eşidəcəyik…

Cəmi 30 gün. Bəs bu 30 rəqəmi Formula1 tarixində bizə nəyi xatırladır? F-1.az olaraq aşağıdakı statistik araşdırmada F1 tarixinin bu yubiley rəqəmlə bağlı məlumatlarını toplamışıq.

Guy Ligier

 

Gi Lijye

1930-cu ilin yayında dünyaya gəlmiş bu dahi şəxsiyyət avtoidmanda, xüsusən də Formula1-də keçən əsrin sonuna yaxın kifayət qədər tanınırdı. Gi Lijyenin həyatı dünyanın siyasi rəhbərləri ilə dostluğun sərfəli və ya qeyri-sərfəli olmasına bariz nümunədir. Onun dostunun adı isə Fransua Mitteran idi.

Düzdür, Fransua ilə görüşənədək Gi həyatda bir çox uğur qazanmışdı. Valideynlərini erkən itirən Gi uşaq evində böyümüşdü, məktəbdə oxuyarkən qəssab köməkçisi kimi çalışmağa başlamışdı. Avarçəkmə ilə məşğul olan 17 yaşlı yeniyetmə 1947-ci ildə Fransa çempionu olur. Sonra reqbi ilə məşğul olan Lijye ordu sıralarında xidmət edərkən ölkənin hərbi komandasının heyətinə düşür. Daha sonra milli Fransa yığmasının heyətinə çağırılır – amma aldığı ağır zədə onun idman karyerasının üzərindən xətt çəkir. Ona görə də Gi Lijye digər hobbisi – avtodimana daha çox vaxt ayırmağa başlayır.

Gi artıq ölkədə tanınan biznesmenlərdən idi, ölkədə yaşanan avtoidman bumundan istiafdə edərək bir çox əyalətlərdə avtodromlar tikməklə məşğul idi – gənc siyasətçi Mitteran ilə elə o vaxtlarda tanış olur. Maliyyə vəziyyəti yaxşı olduğu üçün Gi hətta bəzi yarışlara da qatılır, hətta Formula1 yarışının startına da çıxır. 1967-ci ilin Almaniya Qran Prisində 6-cı olmaqla karyerasında yeganə xalını da qazanır.

Dostu və işgüzar tərəfdaşı Jo Şlesserin 1968-ci ildə ölümündən sonra Gi sürücülük karyerasına son qoyur, amma iki ildən sonra avtoidmana komanda sahibi kimi qayıdır. Lijye idman avtomobillərini Ligier JS (JS – dostu Jo Şlesserin xatirəsinə) markası altında yığmağa başlayır. Matra komandası Formula1-i tərk etdikdə, Gi düşünmədən komandanın bazasını və bütün əmlakını alır. Mitteran sponsor tapmaqda köməklik edir – SEİTA tütün konserni Gitanes brendi ilə komandanın sponsoru olur. Komandanın yaranan gündən məqsədi fransalı mühəndisin hazırladığı şassidə fransalı sürücünün yarışması olur.

Guy Ligier & Jacques Laffite
Gi Lijye və Jak Laffit

 

Komanda 1976-cı ildə çempionatda debüt edir. Artıq 3-cü yarışında ilk xalını, 5-ci yarışında ilk podiumunu qazanan komanda 1977-ci ildə Jak Laffitlə ilk qələbəsinə sevinir. 1979-cu il komanda üçün çox uğurlu başlayr – mövsümün ilk iki yarışnda Laffit qələbə qazanır, Patrik Depaye isə 4-cü və 2-ci olmaqla, komandanı titula əsas namizədə çevirir. Amma komandanın baş mühəndisi Jerar Dükarujun hazırladığı yeni arxa antiqanad vəziyyəti çətinləşdirir. Komanda problemi həll etdikdə isə artıq gec olur – Ferrari sürücüləri çempionatda xeyli uzaqlaşmışdılar. 1980-ci ili komanda Mühəndislər Kubokunda 2-ci yerdə başa vurur.

Növbəti qələbəni isə düz 16 il gözləmək lazım gəlir – 1996-cı ildə yağışlı Monakoda Olivye Panis komandanın son qələbəsini qazanır.

Guy Ligier & Oliver Panis
Olivye Panisin Monakoda (1996) qələbəsi

 

Komanda heç vaxt böyük büdcəyə malik olmamışdı, hərçənd, Mitteran daim dostuna kömək edirdi, yerli şirkətləri komandaya sponsorluq etməyə səsləyirdi. 90-cı illərin əvvəllərində Gi komandanın səhmlərini satışa çıxarmalı oldu. Səhmləri əvvəlcə tanınmış prodüsser Siril de Ruvr aldı, amma həbsxanaya düşdüyü üçün komandaya Flavio Briatore sahib çıxdı. Falvio isə komandanı Alen Prosta satdı – 1997-ci ildə komanda artıq başqa bir fransalının əmlakına çevrildi.

Fransa Qran Prisinin Manyi Kur trasına gətirilməsi də Gi Lijyenin nailiyyətidir, elə bu işində də ona Mitteran dəstək olmuşdu.

Formula1-i tərk edən Lijye yeni biznes qurur və ölkənin ən böyük gübrə istehsalçısına çevrilir. Sonra kiçiklitrli maşın istehsalına başlayır – Fransada bu maşınları sürmək üçün sürücülük vəsiqəsi tələb olunmur. Ömrünün sonunda isə ölkəsində keçirilən əfsanəvi Le Man marafonuna komanda hazırlayır və onun LMP2 kateqoriyasında qələbəsinə sevinir.

Formula1-də ad qoymuş Gi Lijye 2015-ci il avqustun 23-də 85 yaşında vəfat etmişdir…

Guy Ligier
Gi Lijye Le Man marafonunda komandasına azarkeşlik etməyə gəlib

 

Tarix:

16.01.1930 – Laki Bota dünyaya gəlib

21.01.1930 – Con Kempbel-Cons dünyaya gəlib

25.01.1930 – Haynts Şiller dünyaya gəlib

30.01.1930 – Yo Bonyer dünyaya gəlib

11.03.1930 – Troy Ratman dünyaya gəlib

12.06.1930 – İnnes Ayrlend dünyaya gəlib

12.07.1930 – Gi Lijye dünyaya gəlib

05.08.1930 – Riçi Qinter dünyaya gəlib

07.10.1930 – Bernar Kollon dünyaya gəlib

10.10.1930 – Eujenyo Kastellotti dünyaya gəlib

 

Sürücülər:

30 Qran Pri – Pirs Karic, Raul Boyzel, Hub Rotzengatter, Devib Brəbhəm

30 start – Piter Revson, Piter Qetin

30 podium – Xuan Pablo Montoya

30 sürətli dövrə – Naycel Mənsell

30 dövrə – Robert O’Brayan, Mayk MakDauel, Tom Bricer, Kris Kraft

30 liderlik dövrəsi – Maks Ferstappen

30 xal – Harri Şell, Karlos Sayns

30-cu dünya çempionu – Lyuis Həmilton

 

Komandalar:

30 start – Leyton House

30 dubl (poul və qələbə) – Red Bull

 

Motorlar:

30  ardıcıl ilk cərgədən start – Ford

 

Ölkələr:

30 podium – Kolumbiya

30 liderlik dövrəsi – Hollandiya

 

Traslar:

30 yarış – Zandfort, Hunqarorinq

 

Qran Prilər:

30 Qran Pri – Hollandiya, Macarıstan

 

Çempionatlar:

30 xalla dünya çempionu – 1950-ci ildə Nino Farina və 1958-ci ildə Xuan Manuel Fanxio


Son Xəbərlər

İnformasiya

Bölüm Manşet
Mənbə
Baxış Sayı 2. 298
Teqlər , , ,
Paylaş

logo