20 Oktyabr 2019, Bazar - 18:18

1001-ci yarış yoxsa 1001 Gecə Nağılı?

1001-ci yarış yoxsa 1001 Gecə Nağılı?

Müəllif: Rauf Hacıyev, redaktor

12:31 - 25 Aprel, 2019

Formula1 tarixinin 1001-ci yarışı və ya 1001 Gecə Nağılı həftəsonu Bakı küçələrində baş tutacaq. Bakı artıq 4-cü dəfə Formula1 yarışlarını qəbul edəcək. Bundan əvvəlki yarışlardan ikisi Azərbaycan Qran Prisi, biri isə Avropa Qran Prisi adlandırılıb. Bəs Formula1 tarixinin üçüncü Azərbaycan Qran Prisindən əvvəl çempionatda vəziyyət nə yerdədir?

Red Bull komandasının Azərbaycan performansı

“Qırmızı öküzlər” 2017-ci ildə Formula1 tarixinin ilk Azərbaycan Qran Prisində qalib gəlsələr də, Bakı Şəhər Halqasının onlarçün düşərli olduğunu demək çətindir. Belə ki, 2016-cı ildəki yarışa Red Bull komandası yarışa Rikkardo ilə ilk cərgədən başlasa da, finişə 7 və 8-ci yerdə çatmışdı. 2018-ci ildəki yarışda isə Ferstappen və Rikkardo yarışda 4 və 5-ci yerlərdə getsələr də, Avstaliyalı sürücü komanda yoldaşına hücum edərkən qəza olmuş və hər iki pilot da mübarizəni dayandırmışdı. Bəs bu il necə olacaq? Düzlüklərdə daha sürətli olan Honda mühərrikləri Red Bull-a necə kömək edəcək? Maks Ferstappen “küləklər şəhəri”ndə ilk podiumunu qazanacaq? Bəs Qasli? Uğursuzluğa son deyə biləcək?

Sebastyan Fettel və Şarl Lekler arasındakı münasibətlər Bakıda son həddə çata bilər

Ferrari komandası ilk üç yarışda açıq-aşkar dördqad Dünya Çempionu Fettelin lehinə komanda əmri verib. Bu hal 21 yaşlı Lekler tərəfindən bir mənalı qarşılanmayıb. Gənc monakolu sürücü üçün Azərbaycan yarışı xüsusi əhəmiyyət kəsb edir. Çünki Şarl iki il əvvəl Formula2-də yarışarkən Bakıya gəldikdən sonra atasının ölüm xəbərini eşitmiş, lakin emosional qələbə qazanaraq, bu uğurunu atasına həsr etmişdi. Keçən il isə Bakıda Sauber-lə 6-cı olan Lekler Formula1-də debüt mövsümündəki ən yaxşı nəticəsini Azərbaycanda qazanmışdı.

Amma Leklerdən fərqli olaraq Fettelin Bakıdakı keçmişini yaxşı saymaq olmaz. 2017-ci ildə rəqibi Həmiltonla mübarizədə idmançıya yaraşmayan hərəkər edən almaniyalı sürücü keçənilki yarışda da dördqat Dünya Çempionuna yaraşmayan səhvlə qələbəni əldən vermişdi.

“Odlar Yurdu”nda keçirilən əvvəlki yarışlarda komanda yoldaşları arasındakı münasibətlər son həddə çatıb. 2017-ci ildə Force İndia komandasının sürücüləri Peres və Okon, keçən il isə Red Bull komandasının sürücüləri Rikkardo və Ferstappen bir-birlərilə insident yaşamışdılar. Bu il Ferrari sürücüləri də bu tendensiyanı yaşaya bilərlər.

Mercedes Bakıda ən çox lider gedən komandadır

“Gümüşü oxlar” bu mövsüm ilk üç yarışında da qələbə dublu edərək, rəqiblərinə gözdağı veriblər. Buna görə də daha əvvəl iki dəfə qalib gəldikləri Azərbaycanda da favorit qismindədirlər. Lakin bu yarış keçən il təkər partlamasına görə qələbəni son dövrələrdə əldən verən Bottas üçün daha vacibdir. Finlandiyalı sürücünün boldüzlüklü traslardakı performansını və builki formasını nəzərə alsaq, onunçün qələbənin mümkün olduğunu deyə bilərik. Amma hazırda turnir cədvəlində lider olan və keçən il Bakıda qələbə qazanmış Lyuis Həmiltonu hesabdan silmək olmaz.

Orta qrup komandalarının şanslı məkanı

Bakı Şəhər Halqası daha əvvəl qeyd etdiyimiz kimi orta qrup komandalarının cənnətidir. Daha əvvəl burada keçirilən 3 yarışda da podiuma orta qrup komandalarından bir sürücü çıxıb.

Renault bu mövsüm ilk dəfə tam heyətlə finiş görə biləcək?

Fransalılar bu il ən çox mexaniki problem yaşayan kollektiv olublar. Daha əvvəl Azərbaycan Qran Prisində tam heyətlə finiş görə bilməyən Renault komandası bu uğursuz seriyalara bazar günü son qoymağa çalışacaq.

Antonio Covinatsi sevimli trasında ilk xallarını qazanmaq istəyir.

İtaliyalı sürücü 2016-cı ildə GP2-də yarışarkən Bakı Şəhər Halqasındakı hər iki yarışı da qazanmışdı. Lakin 26 yaşlı sürücünün Formula1 karyerası hələ də istədiyi kimi getmir. Mövsümün ilk üç yarışında xalsız qalaraq sərt tənqidlərin hədəfinə çevrilən Covinatsi çox sevdiyi Bakıda bu uğursuzluğa son qoymaq istəyir. Bəs bu, mümkün olacaqmı?

1001 Gecə Nağılı
Bütün bunların cavabını bilmək üçün bizi izləməyə davam edin. Amma əvvəlcəl ölkəmizdə keçiriləcək Formula1 tarixinin 1001-ci yarışını izləyin. Daha əvvəl Azərbaycanda keçirilən yarışlarda baş verən hadisələri nəzərə alsaq, 1001-ci yarış 1001 Gecə Nağılına dönə bilər.


Son Xəbərlər

İnformasiya

Bölüm Bakı Şəhər Halqası
Mənbə
Baxış Sayı 424
Teqlər , , ,
Paylaş

logo