Vern DS Penske-yə ilk qələbəni qazandırıb

Hindistanın Heydərabad şəhərinin küçələrində elektrik maşınların Formula E çempionatında mövsümün 4-cü yarışı başa çatıb.

F-1.az xəbər verir ki, Heydərabadda ilk dəfə təşkil olunan yarış DS Penske komandasının fransalı sürücüsü Jan Erik Vernin qələbəsi ilə yekunlaşıb – Vern çempionatda 11-ci qələbəsini bayram edib, bu zəfər DS Penske komandası üçün debüt ilində ilk olub.

İlk cərgədən start alan Vern 1-ci döngədə pouldan tərpənən Mitç Evansın arxasında yerini qoruyub. Vern yalnız 7-ci dövrədə hücum modunu aktivləşdirən Evansı ötə bilib, amma liderliyə yüksələ bilməyib, çünki bu zaman Sebastyen Buemi onun yanından keçib və irəli çıxıb.

Növbəti dövrədə Buemi hücum modunu aktivləşdirib və Evansın önündə qala bilib, növbəti dövrədə isə Vern də hücum modunu aktivləşdirərək Evansı arxasında saxlaya bilib.

Evans üçün mübarizə 13-cü dövrədə başa çatıb – 4-cü yerdə gedən Jaguar komandasında onun yoldaşı Səm Bördlə sərt təmasdan sonra hər iki sürücü boksda maşından çıxmalı olub.

Növbəti dövrədə hücum modu sayəsində Vern uzun düzlüyün sonunda Buemini qabaqlayaraq, nəhayət, liderliyi ələ alıb və rəqibindən uzaqlaşmağa başlayıb.

Növbəti dövrədə Buemini Nik Kəssidi və Ceyk Dennis qabaqlayıblar, 17-ci dövrədə isə Ceyk 2-ci yerə yüksəlib.

Bundan sonra baş verənlər yarışın lideri Paskal Verlyaynın xeyrinə olub. Sıralanmada 9-cu olan almaniyalı sürücü digər sürücünü bloka saldığı üçün +3 yer cərimə alıb və yarışın ilk yarısını 10-ğa düşməyə çalışıb. Qarşısındakı sürücülərin qəzası, cəriməsi və problemləri sayəsində 8-ci yerə yüksələn Paskal əsas hədiyyəni çempionatdakı rəqibindən alıb.

Rene Rastın əyləc nöqtəsini qaçırması Ceyk Dennislə toqquşmaya səbəb olub və Ceykin arxa qanadı sınıb. Hələ bu azmış kimi, Paskalın qarşısındakı iki sürücü də 5 saniyəlik cərimə alıb.

Finişdə podiumu Envision-ın iki sürücüsü Kəssidi və Buemi tamamlayıblar. Amma Buemi enerji qaydasını pozduğu üçün cərimələnib və podiuma Porsche-dən Antoniu Feliks da Koşta qalxıb. Onun komanda yoldaşı Verlyayn isə protokollarda 4-cü yerə yüksəlib.

Finişə 10 dövrə qalmış Vernin enerji ehtiyatı arxasındakı sürücülərdən 3% az idi, amma təcrübəli sürücü finişə qədər mövqeyini qoruya bilib.

Paskal isə liderliyini möhkəmlədib (80 xal) – indi almaniyalı sürücü Dennisi 18 xal qabaqlayır. Vern və Bueminin 31 xalı var.

Növbəti dəfə çempionatın iştirakçıları iki həftədən sonra Cənubi Afrikada bir araya gələcəklər…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*