Tərəflər arasında imzalanan yeni 10 illik müqaviləyə əsasən, Las Veqas Qran Prisi ən azı 2037-ci ilə qədər Formula1 təqvimində qalacaq.
Las Vegas Grand Prix, Inc., Klark qraflığının rəhbərliyi və Las Veqas Konvensiya və Turizm İdarəsi (LVCVA) qlobal idman təqviminin ən diqqətçəkən tədbirlərindən birinin uzunmüddətli gələcəyinə sadiq olduqlarını təsdiqləyiblər.
Şəhərin mərkəzində keçirilən və məşhur Las Veqas küçələrində baş tutan yarış dünya səviyyəli qonaqpərvərlik, əyləncə və azarkeş təcrübəsi ilə seçilir. Tədbir idman, əyləncə, mədəniyyət və biznes dünyasının liderlərini və auditoriyalarını bir araya gətirərək ABŞ-da Qran Prinin necə keçirilməli olduğu anlayışını yenidən formalaşdırıb.
Burada Maks Ferstappen iki dəfə (2023 və 2025-ci illərdə), Corc Rassell isə 2024-cü ildə bir dəfə qalib gəlib. Həmin il yarışda 113 ötmə qeydə alınıb və Ferstappen ardıcıl dördüncü sürücülər çempionluğunu rəsmiləşdirib.
2023-cü ildə Formula1 təqviminə daxil olduğu vaxtdan bəri Las Veqas Qran Prisi Cənubi Nevada iqtisadiyyatına ümumilikdə 3,2 milyard dollarlıq təsir göstərib. 2023, 2024 və 2025-ci illərdə keçirilən hər üç yarışın biletləri tam satılıb və bu şəhər Formula1-in ən nüfuzlu məkanlarından birinə çevirib.
Bundan əlavə, 16 hektara yaxın ərazini əhatə edən çoxfunksiyalı Grand Prix Plaza kompleksi – dünyanın ən böyük Formula1 attraksionu – həm azarkeşlər, həm də yerli ictimaiyyət üçün mərkəz rolunu oynayır. Kompleks regionun müxtəlif yerlərindən olan şagirdlərə STEM təhsili ilə avtoidman arasındakı əlaqələri öyrənmək imkanı verir.
Las Veqas Qran Prisi və Grand Prix Plaza yaxın vaxtlarda ətraf mühit sahəsində innovasiyalara liderlik etdiklərinə və sıfır emissiyalı gələcəyə sadiqliklərinə görə 2026 Green Sports Alliance Summit tədbirində mükafatlandırılıblar.
Stefano Domenikali: “Formula1-in uzun illər Las Veqasda yarışmağa davam edəcəyindən böyük məmnunluq duyuruq. 2023-cü ildə debüt etdikdən sonra bu tədbir möhtəşəm olub və qısa müddətdə yüksək səviyyəli yarışların, dünya səviyyəli əyləncənin, qlobal biznes liderlərinin, məşhurların və influenserlərin əsas mərkəzlərindən birinə çevrilib.
Bu yarış yerli iqtisadiyyata və ictimaiyyətə güclü və uzunmüddətli təsir göstərib. Biz həmişə inanmışıq ki, Las Veqas ABŞ-dakı fəaliyyətimizin əsas sütunlarından birinə çevriləcək və bu müqavilənin uzadılması, son illərin uğurları ilə birlikdə, həmin vacib bazara uzunmüddətli sadiqliyimizi təsdiqləyir.
Las Vegas Grand Prix, Klark qraflığı və LVCVA-ya davamlı dəstək, ehtiras və uzaqgörənliklərinə görə təşəkkür etmək istəyirəm. Gələcək son dərəcə maraqlıdır və biz bu tədbiri daha da yüksək səviyyəyə qaldırmağı səbirsizliklə gözləyirik.”





