17 Sentyabr 2019, Çərşənbə axşamı - 08:51

Nə deyəsən, Monakodur da…

Nə deyəsən, Monakodur da…

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:14 - 25 May, 2009

Monako Qran Prisi bu il həvəskarlar üçün idi, amma elə çempionatın özü də altı yarışda Censon Battonun beçinci qələbəsindən və […]

Monako Qran Prisi bu il həvəskarlar üçün idi, amma elə çempionatın özü də altı yarışda Censon Battonun beçinci qələbəsindən və Brawn GP-nin üçüncü dublundan sonra həvəskar çempionata çevrilir. Trasda hadisələr minimuma enib – hərçənd bu dəfə ötmələrlə bəxtimiz gətirdi, buna görə Bridgestone-a ayrıca təşəkkür etmək lazımdır, sözün düzünü desəm heç bilmirəm nə barədə müzakirə edim. Bu nə Bəhreyn deyil, nə də İspaniya, burda komandaların proqres-reqresindən söhbət gedə bilməz – Monakodur da…

Belə yarışlarda digər fanat sevincləri axtarmaq lazım gəlir: ətrafa baxmaq lazımdır, Monakonun gözəllikləri çoxdur, ərəb səhrası deyil ki. Sürücülərin trasın kənarı boyunca düzülmüş relslərdən necə dəqiqliklə qaçmalarından həzz almaq və ya əksinə, necə dəqiqliklə bu relslərə yapışmalarından zövq almaq lazımdır, və yaxud ümid etmək olar ki, bəlkə strateji mübarizə nəsə bir inqilab edəcək. Son halda hətta SuperSoft adlanan ən yumşaq tərkibli təkərlər üçün Bridgestone nəsə faciə hazırlamışdı, bu təkərlər Monako üçün yararsız oldu. Sebastyan Fettelin əziyyəti – onun maşınında bu təkərlər artıq səkkizinci dövrədən sonra işləmək istəmədilər, daha sonra Adrian Sutilin fəryadı – alman sürücü onuncu dövrədən sonra liderə dövrədə səkkiz saniyə uduzurdu və, nəhayət, Rubens Barrikellonun acizliyi – rəqibini yaxından izləməklə onuncu dövrədən sonra təkərlərini itirən braziliyalı veteran komanda yoldaşına dövrədə iki saniyə uduzurdu, bütün bunlar Bridgestone-un azarkeşlərə hədiyyəsi deyildimi? Axı burası Monakodur…

Amma Formula1-də strategiyadan söhbət gedəndə bütün nəzərlər Brawn GP-nin komanda pultuna yönəlir, burda Ross Braun ən çətin taktiki məsələləri belə tum kimi çırtlayır. SuperSoft ilk hissədə onu seçənlər üçün səhv seçim idi? Heç də yox, bu təkərin iki əsas üstünlüyündən istifadə etməklə Batton və Barrikello bunu sübut edə bilərlər, startda daha yaxşı asfalta ilişmə xüsusiyyətlərinə görə, Kimi Rəykkönen kimi əsas rəqibi neytrallaşdırdılar və sürət keyfiyyətlərinə görə. Düzdür, sonuncu xüsusiyyət daha çox Censona aiddir, britaniyalı sürücü bir daha təkərlərlə incə davranmasını sübut etdi. Amma onun vəziyyətində yumşaq təkərlər iki istiqamətdə işləyirdi – o özü rəqiblərindən ayrılırdı, rəqibləri isə Rubens uğurla ləngidirdi.

Bundan sonra Barrikellonun bir qədər bəxti gətirdi – Ferrari bir qədər də ləngisə, podiumu əldən verə bilərdi, ona görə də Rəykkönen nəzərdə tutulduğuzundan 6 dövrə əvvəl pitə çağrıldı, finlandiyalı sürücü braziliyalı sürücünün spoylerinin arxasında hər dövrədə vacib iki saniyəni itirirdi. Amma bu zaman Ross Braunun əsəblərinin necə möhkəm olması göründü, Kimidən düz bir dövrə sonra Rubens pitə çağrıldı və soyuq təkərlərini hələ qızdırmamış Kimi yenidən braziliyalı sürücünün tüstüsünü udmağa başladı.

Ümumən, Braun həmişəki kimi bu dəfə də strateji müharibədən qalib ayrıldı, amam Ferrari də lazımsız eksperimentlərdən uzaq oldu. Riski minimuma endirmək xeyri maksimuma çevirməkdən üstün tutuldu – indi qırmızıların komanda pultunda hətta bir yarış, lap Monako olsa belə, əməkdaşların inamını artıra bilər. Həm də bu gün Rəykkönen və Massa çox sürətli idilər, amma maşının tam potensialından istifadə edə bilmədilər, çünki daim kiminsə quyruğuna düşdülər. Bu sahədə braziliyalı sürücünün bəxti heç gətirmədi – yarışın həlledici anında Batton pit-stopdan düz onun qarşısında trasa qayıtdı, bununla da Rəykkönenlə müqayisədə daha gec pit-stop strategiyasının üstünlüyünün üstündən bir xətt çəkdi. Lakin bura küçə trasıdır, gileylənməyin yeri yoxdur. Daha vacibi odur ki, qırmızı maşınlar xaraktercə bir-birinə bənzəməyən iki trasda – Barselona və Monakoda əla sürət nümayiş etdirdilər və indi Skuderiya Brawn GP-nin bütün traslarda əsas rəqibinə çevrilə bilər, çünki digər komandaların sürəti trasdan asılı olaraq dəyişir…

Çempionatda isə Monako Qran Prisində olduğu kimi, yeni azarkeş marağı axtarmaq lazımdır. Censon Battonun qələbələri artıq adətə çevrilib, azarkeşlər xəyalən Naycel Mənsell və Mixael Şumaherin çempionluq illərinə qayıdıblar, onlar hər ikisi 1992-ci (Naycel), 1994-cü, 2002-ci və 2004-cü (Mixael) illərdə mövsümün ilk altı yarışında beş qələbə qazanmışdılar, həmin mövsümlərin nə ilə sona çatamasını da yəqin ki, xatırlatmağa ehtiyac yoxdur.

Rəqiblərin Brawn GP-yə çatmaq səylərini izləmək bir tərəfdən məni güldürür. Belə baxırsan ldierlərin çox ciddi rəqibləri var – sıralanma turunda və yarışın bir dövrəsində Censon heç kimi iki saniyə qabaqlamır, əksinə hər uik-enddən sonra başqa bir komandanın əldən verdiyi qələbə şansı barədə danışmaq imkanı da verir. Digər tərəfdən bu bütün digər komandalar çempionata olan marağı liderlərdən çox öldürürlər. Nə üçün? Çünki hər dəfə onlar müxtəlif olurlar…

Gəlin xatırlayaq, Censon və Rubensin Avstraliyadan Monakoya kimi rəqibi kimlər olub. Melburnda onlar kimi qabaqladılar – Toyota-nın mini dublu, buna səbəb isə iki gözünü qan örtmüş Red Bull və BMW Sauber sürücülərinin son dövrələrdə qəhrəmanlığı və McLaren komandasının anti-qəhrəmanlığı olmuşdu. Malayziya – Nik Haydfeldin düzgün strateji seçimi və yenə də Toyota cütlüyü. Çin, Bəhreyn və İspaniya – Red Bull-un ciddi basqısı. Və nəhayət, Monakoda Ferrari-nin mini dublu. Bütün bu komandalar Brawn GP-nin arxasında çapalayırlar, bir növ alternativ çempionatda mübarizə aparırlar, nəticədə Rossun komandası daha çox uzaqlaşır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 320
Teqlər
Paylaş

logo