Rəsmən: Pirelli ilə müqavilə daha bir il uzadılıb

Pirelli Formula1 komandaları üçün yeganə təkər təchizatçısı statusunu ən azı 2028-ci ilin sonuna qədər qoruyacaq.

F-1.az xəbər verir ki, federasiya italyan təkər istehsalçısı ilə mövcud müqavilənin uzadılması bəndindən istifadə edib və bununla bağlı həm FOM, həm də Pirelli ilə razılıq əldə olunub. Şirkət Formula1 və onunla əlaqəli çempionatların Qlobal tərəfdaşı statusunu da saxlayacaq.

Bu bənd Pirelli, FİA və Formula1 arasında 2023-cü ildə imzalanmış müqaviləyə daxil edilmişdi. Həmin vaxt tərəflər əməkdaşlığın 2027-ci ilin sonuna qədər davam etməsi barədə razılığa gəlmiş, müqavilədə isə daha bir mövsüm uzadılma imkanı nəzərdə tutulmuşdu.

Beləliklə, Pirelli təkcə Formula1-ə deyil, həm də Formula2 və Formula3 çempionatlarına təkər tədarükünü davam etdirəcək.

Muhamməd bin Sulayem: “Pirelli uzun illərdir Formula1-in mühüm tərəfdaşıdır və performans, texnoloji yeniliklər və təhlükəsizlik baxımından ən yüksək standartlara cavab verən məhsullar təqdim edir.

Müqavilənin 2028-ci ilə qədər uzadılması çempionata sabitlik təmin edəcək, eyni zamanda da FİA, Formula1 və Pirelli arasında mövcud olan güclü əməkdaşlığı əks etdirir”.

Stefano Domenikali: “Pirelli ilə əməkdaşlığımızın tarixi son dərəcə uğurlu şəkildə inkişaf edir. Bütün bu illər ərzində onların yüksək texniki imkanlarına, ən yaxşı nəticələrə can atmalarına, innovasiyalara və ətraf mühitə məsuliyyətli yanaşmalarına arxalanmışıq.

Buna görə FİA ilə birlikdə əməkdaşlığımızı daha bir il uzatmaqdan məmnunam. Biz mövcud reqlament çərçivəsində mümkün olanın sərhədlərini genişləndirməyə davam etdikcə, Pirelli-nin ən yüksək keyfiyyətə sadiqliyi bütün komandaların rahat işləməsinə imkan verir. Çünki onlar dünyanın ən mükəmməl yarış təkərlərindən birini əldə etdiklərini bilirlər”.

Marko Tronketti Provera: “FİA və Formula1 ilə əldə olunmuş razılaşma sayəsində Formula1-də iştirakımızı daha bir il – 2028-ci ilə qədər uzatmaqdan məmnunuq.

Ötən il 500 Qran Pri həddini keçdik. Bu uzun əməkdaşlıq dövründə texnologiya və innovasiya sahəsində ciddi çağırışlarla üzləşmiş və uğurlar qazanmışıq. Pirelli sadəcə təchizatçı deyil, federasiya və promouterlə birlikdə həyata keçirilən iş sayəsində çempionatın populyarlığının artmasına töhfə verən strateji tərəfdaşdır.

Formula1 innovasiyaların və ən müasir texniki həllərin sınaqdan keçirilməsi üçün ən yaxşı laboratoriyadır və biz tədqiqat və inkişaf prosesini daim təkmilləşdiririk. Gələcəkdə bundan seriya avtomobilləri üçün istehsal olunan təkərlər də faydalanacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*