15 Dekabr 2018, Şənbə - 16:15

Avropa Qran Prisinin tarixi – 1985-ci il

Avropa Qran Prisinin tarixi – 1985-ci il

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:30 - 07 Aprel, 2016

Keçən əsrin 80-ci illərində ABŞ-da bir mövsüm ərzində iki, bəzən isə hətta üç mərhələ keçirilirdi. Britaniyalılar çempionatın yaradıcıları kimi adada daha bir yarış keçirmək istəyirdilər – milli mərhələ növbə ilə Silverstoun və Brənds Hətç traslarında keçirilirdi, dünyanın ən sürətli sürücülərini isə il ərzində hər iki trasda görmək arzusu Avropa Qran Prisinin çempionatda debütü ilə nəticələndi.

1983-cü ildə baş tutan ilk Avropa Qran Prisi Brənds Hətçdə keçirildi. Növbəti il Avropa Qran Prisi yenilənmiş Nürburqrinqdə almaniyalı azarkeşlərə milli mərhələdən əlavə ölkədə daha bir yarış izləmək imkanı verdi.  1985-ci ildə Britaniya Qran Prisi yenidən Silverstounda olduğu üçün Brənds Hətç tarixin 3-cü Avropa Qran Prisinə ev sahibliyi etməyi öz öhdəsinə götürdü.

Mövsüm son illərdə olduğu kimi 16 yarışdan ibarət idi və qitə kuboku uğrunda yarış təqvimdə 14-cü yeri almışdı. Üç həftə əvvəl Belçikada ardıcıl 7-ci dəfə podiuma qalxan Alen Prost iki vitse-çempionluqdan sonra titul qazanmağın bir addımlığında dayanmışdı. “Professor” çempionatda ikinci olan Ferrari-nin sürücüsü Mikele Alboretonu artıq 16 xal qabaqlayırdı. Mövsümü Lotus komandasında keçirən gənc Ayrton Senna çempionatda 3-cü yerdə gedirdi – braziliyalı sürücü Belçikada karyerasında ikinci qələbəsini qazanmışdı və Britaniyaya qələbə dalınca gəlmişdi.

Mövsümün əvvəli Ferrari komandası üçün uğurlu olmuşdu və Alboreto çempionata başçılıq etməklə titula əsas namizədlərdən biri idi. Amma baş mühəndis Harvi Postltueytin hazırladığı şassi mövsümün ortasında Ferrari motorunun nasazlığı üzündən Alboretonu geri saldı. Mövsümün əvvəlində çempionata başçılıq etmiş digər sürücü Elio de Ancelis isə tam fərqli problemlə üzləşmişdi – daha gənc və imkanlı olan yeni komanda yoldaşı Senna Lotus komandasının rəhbərliyini ələ almışdı və komanda məsrəfləri azaltmaqla yalnız bir sürücüyə işləyirdi.

Belçikada Niki Lauda ayağından yaralandığı üçün son çempionu əvəz etmək üçün Ron Dennis iki əvvəl karyerasını başa vurmuş britaniyalı sürücü Con Uotsona müraciət etdi. Qocalmayan 39 yaşlı sürücü məmnuniyyətlə həmyerlilərinin gözləri önündə çıxış etməyə razılıq verdi. Maraqlıdır ki, Con burnunu 1 rəqəmi bəzəyən çempion maşının sükanı arxasına oturmalı oldu.

Tyrrell komandası da dünyasını dəyişmiş Şteffan Bellofun yerinə Martin Brandla komanda yoldaşlığı etmək üçün gənc italiyalı sürücü İvan Kapelli ilə 2 yarışlıq müqavilə imzaladı.

Sıralanma turunda birinci olan Senna mövsümdə 6-cı poulunu qazanmaqla bir dövrədə ən sürətli sürücü olmasını sübut etdi. Amma hamının diqqəti Prostda idi – titula əsas namizəd olan “professor” altıncı nəticə göstərmişdi. Amma Prost nəticəsindən razı qalmışdı – çünki onun əsas və yeganə rəqibi Alboreto yarışa 15-ci yerdən başlamaq şansı qazanmışdı.

“Professor” hər şeyi hesablasa, yarışın startı onun ssenarisi üzrə alınmadı – işıqforun yaşıl işıqları yanan kimi sürücülər Paddock Hill Bend döngəsinə şığıdılar. Prostun önündə gedən Keke Rosberqin Williams-ında motor bir anlığa dayandı. Sürətini itirən 1982-ci ilin dünya çempionuna çırpılmamaq üçün Prost trasdan çıxmalı oldu – geriyə qayıdanda isə ikinci onluğun sonunda yer aldı. Onun əsas rəqibi Mikele əla start almışdı – italiyalı sürücü bir neçə döngədən sonra 9-cu yerdə qərarlaşmışdı. Deyəsən, titulun taleyi yenə də növbəti yarışlarda müəyyən ediləcəkdi.

F-1.az xatırladır ki, əvvəlki iki mövsümdə Prost son yarışda titullları əldən vermişdi – iki il əvvəl Nelson Pikeyə 2 xal, keçən il isə komanda yoldaşı Niki Laudaya cəmi yarım xal uduzmuşdu. Bu dəfə də “professor”un beynində dolaşan fikirlər – “tarix təkrar olunur” deyirdilər, amma fransalı sürücü iradəsini toplayıb hücuma atıldı.

Ayrton Senna isə Lotus-97-nin sükanı arxasında yarışa liderlik edirdi – amma hamı bilridi ki, maşın sıralanma turunda olduğu kimi yaxşı deyil və zaman keçdikcə rəqiblər ona yaxınlaşırdılar. Senna ikinci yerdə olan Rosberqin bir neçə hücumunu bacarıqla dəf etdi. Finlandiyalı sürücünün səbri tükəndi və növbəti hücumu zamanı əyləci gec basdı – Williams yerində fırlandı, Rosberq yerindən tərpənmək istəyəndə döngəyə girən Nelson Pikenin maşınından ağır zərbə aldı. Braziliyalı sürücünün Brabham-ı üçün yarış başa çatsa da, Keke deyinə-deyinə boksa təkər dəyişməyə yollandı.

Rosberq trasa düz Sennanın önündə qayıtdı və bir dövrəlik geriləməyə baxmayaraq, Sennanı dərhal buraxmadı. Keke bilirdi ki, hazırda onun komanda yoldaşı Naycel Mənsell ikinci yerdədir və Sennanı keçə bilər. Keke komanda yoldaşının işini bir qədər asanlaşdırdı. Döngələrdə yavaşlayan finlandiyalı sürücü daha təzə təkərlərin hesabına döngənin çıxışında braziliyalı sürücüdən ustalıqla uzaqlaşırdı. Bir neçə döngədən sonra  Ayrton Nayceli önə buraxmalı oldu – bu ötmədən sonra Keke komanda yoldaşını önə buraxdı və Sennanı ləngitməyə davam etdi.

İndiki dövrdə, müasir Formula1-də belə epizodu təsəvvür etmək çətindir, amma 1985-ci ildə, 30il əvvəl sürücülər münasibətlərini trasda həll edirdilər…

Sennanın geri qaldığını görən Rosberq yenidən öz komanda yoldaşını ötərək gözdən itdi – “öz işimi gördüm, indi gedə bilrəm…” Bir neçə dövrədən sonra isə Prost üçün şad xəbər gəldi – Alboretonun maşınında növbəti dəfə nasazlıq üzə çıxıb, bu dəfə turbin alışıb yanıb: bununla da İtaliya komandasının növbəti titul arzusu puç oldu…

Prost isə artıq 6-cı yerə yüksəlmişdi və titula doğru irəliləyirdi. Sennanın maşnı isə effektivliyini itirmişdi – gənc braziliyalı əvvəlcə Brabham-ın debütantı Mark Zureri, daha sonra isə Ligier-yə qayıtmış veteran Jak Laffiti önə buraxmalı oldu. Amma hər iki sürücü uzun müddət sevinə bilmədilər – əvvəlcə fransalı sürücünün maşınında motor partladı, sonra isə isveçrəli sürücünün maşınında turbin sıradan çıxdı.

Amma bütün bu problemlər trasa toplaşan 80 min tamaşaçını narahat etmirdi. Ceyms Hantdan sonra britaniyalıların çempionatda layiqli təmsilçisi yox idi. Britaniyalı azarkeşlər hər yarış qələbə uğrunda mübarizə aparan, hər yarış xal qoparmağa çalışan bir sürücüyə azarkeşlik etmək istəyirdilər. Con Uotson? İrlandiyalı? Con artıq çempionatı tərk etmişdi, indi isə biryarışlıq qayıtmışdı. Yox! Britaniyalılar özlərinə yeni kumir tapmışdılar – Naycel Mənsell! Naycel ilk qələbəsinə gedirdi. Bu qələbə həm də Williams-Honda alyasnı üçün birinci oldu. Formula1-də isə yeni ulduz parlayırdı.

Mənselldən 20 saniyə sonra Senna finiş xəttini ikinci keçdi. Gözlənilmədən bütün macəralardan sonra Rosberq podiumun sonuncu pilləsinə qalxdı. Prost isə yarışı dördüncü yerdə başa vurdu – Lə Manşdan o tərəfdəkı azarkeşlərin sevincinin həddi-hüdudu yox idi: ilk dəfə fransalı sürücü dünya çempionu olmuşdu!

Bu yarışdan sonra 8 il təqvimdə Avropa Qran Prisi adı altında heç bir yarış keçirilmədi…

 

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Redaktor seçimi
Mənbə
Baxış Sayı 920
Teqlər , , , , , ,
Paylaş

logo