21 Noyabr 2019, Cümə axşamı - 07:39

Dünya çempionları: Fil Hill

Dünya çempionları: Fil Hill

Müəllif: Elçin Zodorov, redaktor

10:21 - 18 Fevral, 2017

Formula1-in 68-ci mövsümünün başlamasına bir ay qalıb. Bu müddət ərzində Formula1-in tarixinə səyahət etmək, onun hər bir mövsümündəki əsas qəhrəmanı – dünya çempionu barədə məlumat vermək qərarına gəldik. Geridə qalmış 67 çempionatın 33 fərqli qalibi olub. F-1.az təqdim edir: ABŞ-da anadan olmuş yeganə dünya çempionu: Filip Tol Hill!

Fil Hill 1927-ci il aprelin 27-də Mayamidə anadan olub. Cənubi Kaliforniya Universitetində biznesin idarəedilməsi üzrə təhsil alan Hill universiteti vaxtından əvvəl tərk edir. Bunun səbəbi isə avtoidmana və avtomobillərə olan marağı idi. Yarış karyerası o dövrün bir çox sürücüsü ilə müqayisədə daha erkən yaşda başlayır. 1949-cu ildə Jaguar-ın təlim proqramına görə Britaniyaya gedir və 1956-cı ildə Entso Ferrari-nin komandası ilə müqavilə bağlayır.

FORMULA1 KARYERASI

Fill Hill. Montsa, 1958-ci il

 

Statistika
Yarışdığı illər1958-1964, 1966
Yarışdığı komandalarMaserati, Ferrari, Cooper, Porsche, Automobili Turismo e Sport, Lotus, Eagle
İştirak (Start)51(48)
Çempionluq1 (1961)
Qələbə3
Podium16
Xal94 (98) *
Poul6
Sürətli dövrə6
İlk yarışıFransa Qran Prisi, 1958-ci il
İlk qələbəsiİtaliya Qran Prisi, 1960-cı il
Son qələbəsiİtaliya Qran Prisi, 1961-ci il
Son yarışıİtaliya Qran Prisi, 1966-cı il

– Formula1-də 1990-cı ilə qədər mövsüm sonunda sürücülərin qazandığı bütün xallar yox, mövsüm ərzində müəyyən sayda yarışda topladığı xallar nəzərə alınıb. Cədvəldə həm mövsüm sonunda nəzərə alınan xallar, həm də ümumi xallar göstərilib.

Formula1-də debütünü Maserati komandasının tərkibində edən Hill mövsüm ərzində çıxdığı qalan üç yarışda Ferrari-nin sükanı arxasında olur. Debüt ili kifayət qədər uğurlu alınır – İtaliya və Mərakeşdə üçüncü yeri tutaraq podiuma yüksəlir. O, həmin il 24 saatlıq Le Man marafonunun da qalibi olur. Yeri gəlmişkən qeyd edək ki, eyni uğuru 1961-ci və 1962-ci illərdə də təkrarlayır. 1959-cu ildə üç dəfə podiuma yüksəlir və çempioantı dördüncü yerdə başa vurur. 1960-cı ildə, nəhayət ki, ilk dəfə qalib gəlir. İtaliya Qran Prisindəki qələbəsi amerikalı sürücülərin 1921-ci ildən sonra 40 il ərzində ilk Qran Pri zəfəri idi. Bu qələbə Formula1-də motoru sürücünün önündə yerləşən maşınla qazanılmış son qələbə kimi tarixə düşür.

1961-ci il Fil üçün əlamətdar olur. Mövsümə ilk üç yarışda bir qələbə, üç podium əldə edərək güclü başlayan sürücünün əsas rəqibi elə komanda yoldaşı Volfqanq fon Trips olur. Lakin mövsümün sondan ikinci yarışı olan İtaliya Qran Prisində Formula1 tarixinin ən böyük faciələrindən biri yaşanır. İkinci dövrədə Parabolikada idarəetməni itirən fon Trips 15 azarkeşin və özünün ölümünə səbəb olur. Yarış dayandırılmır. Fil qələbə qazanır və titulunu rəsmiləşdirir, komanda yoldaşının ölümü barədə də finişdən sonra öyrənir. Ona görə də bu, onun üçün acı bir qələbə idi.

Fil Hill ona çempionluq gətirən Ferrari 156 ilə

Ferrari ABŞ-da keçirilən mövsümün son yarışına qatılmamaq qərarına gəlir. Beləliklə, Hill yeni çempion kimi öz ölkəsində yarışmaqdan məhrum olur. Növbəti mövsüm İtaliyadakı yarış onun Ferrari ilə son yarışı olur və Fil deyir: “Mən daha çox yarışmağa və qalib gəlməyə ehtiyac duymuram. Belə bir aclığım yoxdur. Ölüm riski var və mən daha bu riskə hazır deyiləm”. 1963-cü ili xalsız başa vuran sürücü növbəti mövsüm Cooper-də yarışır və yeganə xalını Britaniyada qazanır. Növbəti il yarışmayan Fil 1966-cı ildə İtaliyada sonuncu yarışına çıxmaq istəyir, lakin start ala bilmir. Beləliklə, onun Formula1 karyerası başa çatır.

Fil 70-ci illərdə Hill & Vaughn adlı mükafat təsis edir. Bu mükafat klassik avtomobillərin bərpasına görə verilir. O, həm də ABC telekanalında Wide World of Sports verilişində şərhçi işləyir. Hillin həm də Road & Track jurnalı ilə sıx əməkdaşlığı olur. jurnal üçün xüsusi testlər, keçmiş maşınlar və yarışlar barədə məqalələr yazır. Son illərini nadir maşınlardan ibarət kolleksiyasını yaratmağa sərf edib.

Fil Hill

O, Alma adlı xanımla ailə qurub. Onların üç övladı dünyaya gəlib – Derek, Vanessa və Cennifer. Derek bir müddət İnternational Formula 3000 seriyasında yarışıb, lakin atasının Parkinson xəstəliyinə tutulmasından sonra karyerasını başa vurub. Fil Hill 2008-ci il avqustun 28-də elə bu xəstəlikdən dünyasını dəyişir…

Bir çoxları onu düşüncəli, incə ruhlu insan kimi tanıdıqlarını deyir. O, deyirmiş: “Mən səhv işdəyəm. Mən kimisə məğlub etmək istəmirəm. Qəhrəman olmaq istəmirəm. Mən sadəcə sülhsevər adamam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Redaktor seçimi
Mənbə
Baxış Sayı 4. 936
Teqlər , , , ,
Paylaş

logo