Berni Ekklstoun: Üstümdəki silahın sənədləri yox idi

Berni Ekklstoun Portuqaliyaya gələrkən silahı qanunsuz daşıdığı üçün saxlanılması ilə bağlı xəbərlərə münasibət bildirib. Formula1-in sabiq rəhbərinin sözlərinə görə, əslində həbsdən söhbət getmirdi və məsələ hakimiyyət orqanları ilə bir neçə saat ərzində həll olunub.

“İsveçrədən Portuqaliyaya stend atıcılığı üçün silah aparırdım, – deyə Berni Ekklstoun britaniyanın Daily Mail qəzetinə danışıb. – Hər şey çox sadədir. Mənim Portuqaliyadakı evimdə lisenziyalı silah var.

Ora çatanda gömrükdən keçdik. Mən yerli əməkdaşları tanıyıram və onların heç bir sualı olmadı. Hər şey qaydasında idi. Amma sonra polis əməkdaşlarından biri çantanı axtarmağı xahiş etdi. Görünüşünə baxanda, onun içində altıyaşlı oğlum Eysin balıqçılıq ləvazimatları da ola bilərdi, amma əslində çantada silah var idi.

Onlar məndən “mavi kitabça”nın olub-olmadığını soruşdular. Başa düşdüyümə görə, bu, tələb olunan sənəddir. Mən də cavab verdim ki, belə sənədlərlə heç vaxt səyahət etmirəm, ümumiyyətlə, demək olar ki, heç bir sənədlə gəzməyi sevmirəm. Dedilər ki, məni həbs edəcəklər, amma mənə elə gəldi ki, bir neçə saatdan sonra hər şeyi yoluna qoyduq. Baxmayaraq ki, bu müddət ərzində bir problemin ardınca digərini həll etməli olduq.

Görünür, indi hər şeyi düzəltmək mümkündür. Həyat yoldaşım Fabi silahı təhvil vermək, vergi ödəmək və ya onun ölkəyə gətirilməsi üçün tələb olunan nə varsa yerinə yetirmək, yaxud da onu hakimiyyət orqanlarına təhvil vermək üçün Lissabona yollanıb. Mən də getməyi planlaşdırırdım, amma sonda evdə qaldım və indi bu məsələnin, nəhayət, bağlanmasını gözləyirəm”.