Yeni Lexus LX: Bahalı Toyota Land Cruiser 300?

Keçən ilin sonunda avtomobil dünyasında daha bir tarixi hadisəyə şahidlik etmək üçün Tiflisə yollanmışdıq: Toyota LC300 kimi bu dəfə Lexus LX modeli 14 ildən sonra ilk dəfə tam yenilənmişdi. Necə deyərlər, 14 il bir igidin ömrüdür və bu illər ərzində toplanmış bütün təcrübi biliklər yeni Lexus LX-də öz əksini tapıb.

Bəs yeni Lexus LX sələfindən və qardaşından (LC300) nə ilə fərqlənir?

Gözəl Tiflisdə qaldığımız hoteldə səhər yeməyindən sonra küçəyə çıxdıqda qarşımızda dayanan yeni Lexus LX bizi valeh etdi. İndi LX sələfindən 20 mm uzun (5100 mm), 10 mm enli (1990 mm) alınıb, hündürlüyü 19 mm aşağı düşsə də (1895 mm), təkər bazası dəyişməyib – 2850 mm qalıb.

Lexus 600/500D Lexus 600/500D Lexus 600/500D Lexus 600/500D Lexus 600/500D

Ön və arxa bamperlər 10 mm yuxarı qaldırılıb, ön və arxa bucaqlar isə 25 və 20 dərəcəyə çatdırılıb – indi 22 düyməlik təkərlərlə və asılqanın yüksək vəziyyətində daha iti bucaq altında təpəyə dırmaşmaq və üzü aşağı düşmək olar.

Ön və arxa optika tam yenilənib, trendə uyğun olaraq, adaptiv işıqlar eyni yolda olan və qarşıdan gələn maşınları “kor olmaqdan” xilas edir. Yəni bütün günü (və ya gecəni) uzaq vuran işıqlarla hərəkət etmək olar. Arxanı göstərən güzgülər sol və sağ tərəfdə qapının daha bərk hissəsinə aşağı endirilib.

Ön radiator üzlüyü daha modern şəkil alıb və modelə brutallıq verir. Arxa qapının üzərində LEXUS böyük hərflərlə yazılıb və təmassız açılmaq sistemi ilə təchiz olunub: sadəcə ayağınızı arxa bamperin altına çəkmək kifayətdir.

Arxa qapını ayağımızla açıb çantalarımızı tutumu 2 tona çatmış baqaj bölməsinə yerləşdirdik və salona sükan arxasına oturmağa tələsdik. Və…

Lexus 600/500D Lexus 600/500D

Tam yenilənmiş interyerlə qarşılaşdıq – LX-in interyerində hər bir element yenilənib. Dərhal diqqətimizi mərkəzi konsol cəlb etdi – indi burada iki monitor yerləşdirilib. Diaqonalı 12.3 düymə olan yuxarıdakı monitorda naviqasiya, musiqi və avtomobilin ümumi sazlanmalarını tapmaq mümkündür. Monitor mobil telefonla asanlıqla əlaqə qurur və telefonun da idarəetməsini üzərinə götürür. Barmaqla toxunuş həssaslığı yüksəkdir və menyular arasında keçid anidir. Toyota-dan bizə tanış olan barmaq skaneri də monitorun sol aşağı küncünə transfer olunub. Bir qədər aşağıdakı 7 düyməlik monitorda isə iqlim nəzarət funksiyaları, asılqanın və hərəkətin müxtəlif rejimlərini sazlamaq olar. Monitorun altında isə eyni sazlanmaları adi düymə və ya tumblerlə də etmək olar.

Daha bir monitor cihazlar panelindədir – bəli, qardaşından fərqli olaraq Lexus rəqəmsal panelə keçib, amma onun yanındakı dörd adi əqrəbli cihazlar: soyuducu mayenin temperaturunu, yağın təzyiqini, akkumulyatordakı gərginliyi və yanacaq ehtiyatını göstərirlər.

Daha bir rəqəmsal yenilik sürücünün önündə alın şüşəsində proyeksiya monitorudur ki, buraya avtomobilin sürəti, yolda aşkarlanmış nişan, yolun sol və sağ xətləri, naviqasiya üzrə qarşıdakı döngənin istiqaməti və s. məlumatlar çıxarılır.

Lexus 600/500D

Əlbəttə, LX-in ən böyük yeniliyi mükəmməl VİP versiyadır – iki arxa oturacaq, demək olar ki, üfüqi vəziyyətə qədər açılır və xüsusi qızdırma, iqlim və masaj sistemləri (hamısı mərkəzi konsoldakı 11.6 düyməlik monitordan idarə olunur). Bu modeli biz testlərin ikinci günü yoxladıq, ona görə daha ətraflı sonra danışacam.

Beləliklə, LX-in xarici və daxili görünüşünə nəzər saldıqdan sonra Tiflisin küçələrinə çıxdıq. Təşkilatçılar bizə əsl yolsuzluq maşınını yoxlamaq üçün maraqlı marşrut hazırlamışdılar. Qarşıda bizi dərəli-təpəli yollar, qurumuş çay yatağı, sulu çaydan keçid, serpantinli dağ yolları, Koda dağının qarlı zirvəsi gözləyirdi.

Lexus 600/500D Lexus 600/500D Lexus 600/500D Lexus 600/500D Lexus 600/500D Lexus 600/500D

Arxada qalan 14 il ərzində ölkəmizdə Lexus LX sevilən maşına çevrilib. Bəs onu nə sevidrib? Çərçivə, arxa körpü, daimi dörd təkər dartısı, hidropnevmatik asılaqan və böyük kütlə? Lakin zaman elə bir şeydir ki, vərdişləri, cərəyanları, şəhərləri və hətta sivilizasiyaları dəyişir (və hətta silir). Ona görə də 14 ildən sonra dəyişən maşında nəsə inqilabi bir şey gözləyirsən.

İndi isə yeni Lexus LX: çərçivə, arxa körpü, hidropnevmatika… Bəs nə dəyişib? Optikanı, radiator barmaqlığını, ikiyə bölünməmiş arxa qapını saymasaq yeni LX-də nə dəyişib?

Lexus 600/500D Lexus 600/500D Lexus 600/500D

Əslində isə, yeni maşında sözün hər mənasında hər bir detal yenidir. Kruzakın ardınca LX də yeni platformaya keçib, kuzanın panelləri allüminumdan hazırlanıb – nəticədə maşın 200 kq yüngülləşib və 20% möhkəmlənib. Düzdür, çərçivə və körpü hələ qalıb – sonuncu Mogikan?

Lexus 600/500D

Motorxanada da Kruzakdan tanıdığımız dəyişiklik var – hamımızın sevdiyi səkkizsilindrli 5.7 litrlik atmosfer motoru yerini 3.5 litrli qoşa turbinli altısilindrli motora verib. İndi benzinlə çalışan bu motor quraşdırılmış model 600 indeksini daşıyır. Hərçənd, bu rəqəmlə bağlı motorun xarakteristikasında heç nə yoxdur: benzin aqreqat 415 at qüvvəsi gücündədir, fırlanma momenti isə 650 Nm-dir. Yeni motorda inqilabi ideyalar gerçəkləşdirilib: kombinə edilmiş yanacaq püskürdülməsi (giriş kollektorunda və silindrlərdə), qazpaylayıcının fazalarının Dual VVT dəyişmə sistemi, birbaşa giriş kanalları, porşenlərin gedişi artırılıb və lazer qaynaqlı klapan oturacaqları.

Lexus 600/500D

Alternativ variant isə 500d modifikasiyasıdır, D hərfi dizel sözündəndir. O, gücü 299 at qüvvəsi (700 Nm) olan 3,3 litrlik turbodizel V6 ilə təchiz edilib. Aşağı dövriyyələrdə yalnız bir turbin işləyir, ikincisi daha yüksək dövriyyələrdə qoşulur. Aqreqatda polad porşenlər, silindr başlığına inteqrasiya olunmuş çıxış kollektoru, həmçinin 270 MPa-a qədər təzyiqdə işləyən elektromaqnit klapanlı forsunkalar yer alıblar.

Hər iki mühərrik onpilləli Aisin avtomat ötürmələr qutusu ilə tandemdə işləyir. Əslində güc qurğuları eynilə Kruzakda olduğu kimidir, amma onların sazlanmalarında cüzi fərq var.

Kruzakdan əsas iki fərqi qeyd eləmək lazımdır: birincisi, sükan elektrohidro gücləndirici ilə deyil, sadəcə elektrik gücləndirici ilə təchiz olunub və ikincisi, Kruzakda hidropnevmatik asılqanlar yoxdur: onlar sadəcə bərkliyi deyil, həm də asfaltdan hündürlüyü (klirens) dəyişirlər. Hidravlik dayaqlar isə sələfində olduğu kimi qalıb, amma onların yerləşmə bucaqları, bərkidilmə nöqtələri, hidravlik konturları və idarəetmə bloku dəyişib. Nəticədə asılqanın hündürlüyü əvvəlkindən iki dəfə tez dəyişir: məsələn, ən aşağı mövqedən standart vəziyyətə keçid altı saniyə, geriyə isə iki saniyə çəkir. Standart rejimdə Lexus LX-in klirensi 200 millimetr (20 düyməlik təkərlərdə və ya 22 düyməlik təkərlərdə 205 millimetr) təşkil edir ki, bu da əvvəlki nəsil avtomobillə müqayisədə 23 millimetr aşağıdır.

Lexus 600/500D Lexus 600/500D Lexus 600/500D Lexus 600/500D Lexus 600/500D

Kruzakdan bizə tanış olan Multi Terrain Select (MTS) və Crawl Control sistemləri burada da eyni funksiyaları yerinə yetirirlər. Hidropnevmatika ilə bir komplektdə yeni Lexus LX aşağı endirmə, arxa və oxlararası diferensial kilidləri, eləcə də ilk dəfə ön diferensial kilidi ilə təchiz edilib. Paylayıcı qutu sələfindən daha çox fırlanma momenti üçün nəzərdə tutulub və daha 18 millimetr hündürlükdə quraşdırılıb.

Adaptiv asılqan sistemi avtomatik olaraq 650 amortizasiya səviyyəsindən birini seçir, vibrasiyanı və kuzovun yırğalanmasını azaldır, həmçinin kələ-kötür yollarda baş verən hər hansı rezonansı və ya əsməni boğur.

Lexus LX-in əyləcləri, demək olar ki, Toyota LC300-ün əyləcləri ilə eynidir. Bununla belə, idarəetmə bloku, supportlar və əyləc materialları fərqlidir. Yürüş zamanı 3 örtükdə (asfalt, çınqıl və torpaq) əyləc yolunu sınadıq: hər üç örtükdə 100 km/saatdan tam dayanana qədər əyləc yolunun uzunluğu norma daxilində oldu. Serpantinli yollarla dağ zirvəsinə yürüşümüz zamanı əyləclər problem yaşatmadılar.

Lexus 600/500D Lexus 600/500D

Lexus LX ölkəmizdə daha çox müdir maşını, məmur maşını kimi tanınır. Ona görə də sanki istehsalçılar bizim məmurları nəzərə alaraq, arxa cərgəni VİP versiyada tam fərqli ediblər. Yuxarıda dediyim kimi adi versiyada olan “divan” bu versiyada iki “kreslo” ilə əvəz olunub. Ön sərnişinin oturacağının tam irəli yığılması sayəsində onun arxasında oturan müdirin ayaqları üçün 1.1 metr geniş yer alınır. Ayaqlarını dincəltmək üçün NASA-nın iştirakı ilə hazırlanmış otomanka (ayaqaltı) təyinatı üzrə tam işləyir – ayaqqabılarınızın onu çirkləndirməsindən qorxmayın, NASA zəmanət verir ki, otomanka asanlıqla təmizlənir. Bu oturacaq o qədər geniş və yumşaqdır ki, hətta ən pis yolda vibrasiyaları tam udur və uzun məsafə qət edən müdirin mürgüləməsinə, masaj proseduru alaraq yorulmamasına gözəl şərait yaradır.

Yeni Lexus LX tamamilə dəyişib, müasirləşib və rəqəmsallaşıb. Amma zaman o qədər sürətlə keçir və hər şey o qədər sürətlə dəyişir ki, modelin dəyişməz olaraq daha 14 il qalacağı ehtimalı çox azdır.

İndi isə keçək öz təəssüratlarımıza…

Böyük Lexus-un yolsuzluqda yaxşı olacağı gözlənilən idi: hidropnevmatika, adaptiv amortizatorlar və köndələn dayanıqlıq stabilizatorları – bütün bunlar, hətta nəhəng 22 düyməlik təkərlərə baxmayaraq, çınqıllıqda, torpaq yolda böyük sürətlə sürməyə imkan verir. Silkələnmə və əyilmələr minimaldır, həm ön, həm də arxa sərnişinlər, demək olar ki, titrəmirlər və sükan çarxında vibrasiya əks olunmur. Maşın stabildir və idarə olunması öncədən başa düşüləndir, trayektoriyanı dəyişərkən avtomobilin reaksiyası proqnozlaşdırılandır.

Xarici görünüşü uğurludur, sələfindən böyük ölçüyə malik olsa da, maraqlı elementlər onu daha yığcam göstərir. Məsələn, arxa qapının üzərindəki hər iki optik fənəri birləşdirən qırmızı zolaq sanki maşının belini yığıb. Bu yerdə əndamlı xanımların xüsusi zolaqlı paltarlar geyinməklə arıq görsənmələri yada düşür.

İnteryerində hər şey gözəldir, erqonomikdir. Sürücü əziyyət çəkmədən monitorda da işləyə bilər, düymələri də basa bilər, tumblerləri də fırlada bilər. Barmaq skaneri daha rahat yerə çıxarılıb. Sadəcə, fikrimcə, mərkəzi konsolda iki monitora ehtiyac yox idi – onsuz da aşağıdakı monitorun fiziki düymələri var, ona görə də yuxarı monitoru bir qədər aşağı endirməklə arxasını doldurmaq olardı: hazırda uzun monitor torpedoya yamaq kimi görünür.

Dizel versiyası sakit, balanslı və stabildir. Artıq dəqiqədə 1600 dövriyyədən başlayaraq, mühərrik 700 Nm fırlanma anı hasil edir və inamla sürətlənməyə imkan verir. 415 at qüvvəsi gücünə malik benzin versiyası bir az cəlddir (pasporta görə, 100 km/saatadək sürətlənmədə 7.9 saniyəyə qarşı 6.9 saniyə), lakin bu sürətlənmə iqtisadi baxımdan səmərəli deyil – hətta sakit tərzdə hərəkət zamanı yanacaq sərfiyyatı daha çoxdur.

Lexus LX-in təbiətinə görə dizel modifikasiyası daha çox xoşuma gəldi. Təsəvvür edin ki, testlərin ilk günü 4 saat dizel mühərrikinin sükanı arxasında olduğumuzu hiss etməmişdik – yalnız ilk məntəqədə dayandıqda maşının 500D olduğunu gördük. Yəni maşında səs izolyasiyası o dərəcədə yüksəkdir ki, dizel yanacağa xas olan səs içəridə eşidilmir. Lakin belə mühərriki seçən alıcılar heç bir pul müqabilində VİP versiyasına sahib ola bilməyəcəklər – VİP versiya yalnız benzinlə işləyən avtomobillər üçün mövcud olacaq.

Ona görə də ailəvi maşın kimi dizel versiya ən gözəl seçimdir, benzin (xüsusən də VİP) versiya isə məmurların sevimli seçimi ola bilər…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*