15 Noyabr 2019, Cümə - 11:10

Yeni hibrid Toyota modellərinin test yürüşü

Yeni hibrid Toyota modellərinin test yürüşü

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:52 - 24 Oktyabr, 2019

Sözün düzü, “Toyota Caucasus” şirkətindən yeni hibrid modellərin testinə çağırıldığımı eşidəndə çox təəccüblənmişdim. Amma yeni hibrid avtomobillərin testi məni cəlb etdiyi üçün çağırışa müsbət cavab verdim və ölkənin tanınmış jurnalistləri ilə qonşu ölkəyə yollandım.

Əvvəlcədən qeyd edim ki, dünya avtomobil sənayesi son illərdə hibrid və tam elektrik maşınların sitehsalını artırır və bu sahədə Toyota-nın danılmaz payı var. Onsuz da avtomobil satışında dünya lideri olan bir şirkətin bütün resurslarını hibrid avtomobillərə yönəltməsi bizim ölkəmizdə də maraqla izlənilir. Son illər küçələrimizdə şütüyən hibrid avtomobillərin sayının artması mənim də bu tip maşınlara maraq göstərməyimə səbəb olub. Bəri başdan deyim ki, həm testlər, həm də testlərdə bizim ixtiyarımızda olan maşınlar mənim ümidlərimi doğrultdular və hibrid avtomobillər haqqında bilgilərim zənginləşdi.

Səhər tezdən həmkarlarımla aeroprotda toplaşıb qonşu ölkəyə yollandıq. Sonuncu dəfə Tiflisdə 20 il əvvəl olmuşdum, əslində, heç bu dəfə də şəhərin özünə düşə bilmədim – aeroportda bizi Toyota-nın yerli nümayəndəsi qarşıladıqdan sonra avtobusa minərək hibrid maşınlarla ilk görüş yeri Gomboriyə tələsdik. Şirkət bu dəfə testlərə ciddi hazırlaşmışdı. Belə ki, bizimlə yanaşı yerli medianı təmsil edən 10 jurnalist də testlərə qoşulmuşdu. Jurnalistlər 2 nəfərdən ibarət olmaqla 10 qrupa bölünmüşdülər, hər qrupa şirkətin bir nümayəndəsi təhkim olunmuşdu. Elə avtobusda öyrəndim ki, mənimlə bir qrupa ölkəmizin tanınmış bloqeri Kamran Əsədov düşüb. Daha bir maraqlı faktı deyim ki, bizim jurnalistlər test karvanının önündə hərəkət edəcəkdilər, karvana isə mənim oturduğum maşın başçılıq etməli idi – yəqin təmsil etdiyim Formula1 idmanının adındakı bir rəqəmi ilə bağlı sıra nömrəsini mənə vermişdilər )

Şirkət bizim jurnalistlər üçün 5 yeni maşın ayırmışdı və biz ümumi uzunluğu 164 km olan 5 hissəyə (5 pit-stop) bölünmüş bir məsafəni qət etməli idik. Əvvəlcədən tərtib olunmuş plana əsasən, hər bir hissədə müxtəlif maşınları idarə etməli idik, yəni pit-stoplarda təkərləri deyil, tam olaraq maşınları dəyişməli idik. Daha maraqlı olsun deyə, hər bir hissədə yeni maşınların müxtəlif xüsusiyyətlərini test etmək planlaşdırılmışdı.

Gombori bizi gözəl hava ilə qarşıladı – daha gözəl mənzərə bizi dayanacaqda gözləyirdi: yeni Toyota-lar səliqə ilə yol kənarına düzülmüşdülər. Hələ avtobusda öyrəndim ki, Kamranla mənim olduğum qrupa “Toyota Caucasus”-un nümayəndəsi nümayəndəsi David Nozadze də qoşulacaq və ilk testimizdə yeni Camry-nin yanacaq sərfiyyatını yoxlamaq lazım gələcək. Bilmirəm nədənsə bu işi mənə həvalə etmişdilər.

Beləliklə, şirkətin nümayəndələri ilə görüşüb tanış olduqdan və Davidlə bir-iki kəlmə kəsdikdən sonra tünd göy rəngli Camry-nin sükanı arxasına keçdim. Mütləq qeyd etməliyəm ki, yeni nəsil modellərin hamısı dizayn cəhətdən gözəlləşiblər. Camry-nin həm eksteryerində, həm də interyerində ciddi dəyişikliklər edilib. “Daha darıxdırıcı maşınlarımız olmayacaq” devizi yavaş-yavaş həyata keçirilir. Maşın bir çox elektron sistemlərlə təchiz olunub – bu sistemlərin testi də bizi gözlədiyi üçün onlar barədə sonra danışacam.

Hələlik isə, yeni Camry-ni işə salmaq üçün “Start-Stop” düyməsini basdım: qarşımdakı alətlər panelində ənənəvi taxometr əvəzinə pauermetri gördükdə bir daha xatırladım ki, hibrid maşının sükanı arxasındayam. Bütün məlumatlar, hətta daha geniş və əlavə məlumatlar mərkəzdə yerləşdirilmiş 8 düyməlik displeydə də əks olunur. Barmağa həssas olan displeydə hərəkət zamanı diqqəti yayındırmadan istənilən məlumatı almaq olar. Bizi isə ilk növbədə yanacağa qənaət maraqlandırırdı.

Hibrid maşınlarda batareyalar əyləcləmə hesabına, yəni əyləcə basmaqla doldurulur. Əyləcə də yüngül basmalısan, yəni sərt toxunuş zamanı maşın təhlükəsizlik baxımından daha üstün olan əylənməni seçir, ona görə də əgər batareyanı doldurmaq istəyirsinizsə, həm qaz, həm də əyləc pedalları ilə incə davranmaq lazımdır.

Maşın işə salındıqda elektrik motoru çalışdığı üçün heç bir səs eşidilmir. Ötürmələr qutusunun linkini P (Parking) vəziyyətindən çıxardıqda əl əyləci kimi tanıdığımız funksiya avtomatik sönür – dayandıqda isə sistem əksinə çalışır. Tsinandaliyə tərəf yola düzəlirik. David arxada olan həmkarları ilə ratsiyanın köməyilə əlaqə saxlayır. Əzəmətli dağlar, enişli-yoxuşlu yollar, işıqforlarında dayandığımız balaca qəsəbələr, sağ və sol tərəfdə ucu-bucağı görünməyən üzüm bağları marşrutumuza nə qədər rəng qatsalar da, bütün diqqətim monitorlarda idi – hətta David belə gözlərinə inanmırdı. Uzunluğu 48 km olan ilk mərhələni yanacağa qənaət etməli idim və bunun öhdəsindən layiqincə gəldim. Monitorda 100 km-ə cəmi 1.5 litr benzin işlətdiyim əksini tapmışdı. Yəni 48 km-ə cəmi 750 qram!!! Düzdür, ilk pit-stopumuz üçün nəzərdə tutulmuş Aleksandr Çavçavadzenin ev-muzeyinin önündəki parkın 2 km-lik yolunda Camry-nin sürət xüsusiyyətlərini də yoxlamaq istədim və sərfiyyat dərhal 1.8 litrə qalxdı, amma bu vacib deyildi. Vacib olanı artıq etmişdim, çünki hibrid avtomobilləri almaqda əsas maraq elə yanacağa qənaət etməkdir.

Böyük gürcü mütəfəkkiri, şairi, romantizm cərəyanının banisi Aleksandr Çavçavadzenin ev-muzeyinə qonaq olduq, 2-3 əsrlik yaşı olan eksponatlara baxdıq – xatırladım ki, Aleksandr bizim tariximizdə xüsusi yeri olan Rusiyanın İrandakı səfiri Aleksandr Qriboyedovun həyat yoldaşı Ninanın atası olub. Muzey hazırda dövlət tərəfindən qorunur və turistlərin baş çəkdiyi əsas obyektlərindən biri sayılır. Kiçik nahar fasiləsindən sonra yolumuza davam edirik.

Bu dəfə sükan arxasına Kamran əyləşir – Tsinandalidən İkaltoya qədər dağ yolunda “4×4” klubunun üzvü bu dəfə yeni RAV4 modelini test edəcək, mövzu da ona yaxındır: bu dəfə yeni maşınların dartma qüvvəsini yoxlayırıq. Bəri başdan əlavə edim ki, yeni RAV4 sələfindən xeyli fərqlənir. Bu dəfə sürücü yox, sərnişin olsam da, dağlara səyahətimdən həzz aldım. Arxa oturacaq çox rahat idi, boyum uzun olmasa da, dizlərim ön oturacaqlardan çox uzaq idi, başım isə tavana dəymirdi. Arxa sərnişin üçün ayrıca havalandırma sistemi, USB çıxışlar qoyulduğundan sərnişin kimi ikinci pit-stopa necə yetişdiyimi belə hiss etmədim. Yolboyu Kamran öz video-kanalı üçün çəkilişlər edir, yeni maşının xüsusiyyətlərindən danışırdı – eyni bu modeldən Kamran öz gündəlik həyatında istifadə etdiyi üçün maşınla kifayət qədər yaxından tanış idi. Əlbəttə, arxanı göstərən mərkəzi güzgünün kameraya qoşulması maraqlı funkisya kimi qeyd olunmalıdır. Yolun son hisəsi kəskin yuxarı qalxdığı üçün Kamran biranlıq keçilməz dağ yollarında offroad testlərinə düşmüşdü – amma RAV4 onu yarı yolda qoymadı və biz İkalto Monastrına gəlib çatdıq. Əlbəttə, yoxuşlu yollarda maşında çalışan əsasən benzin motoru olsa da, elektrik motoru ona lazımi dəstəyi verirdi və maşın sərt yoxuşları asanlıqla qət edirdi.

13 əsrlik yaşı olan monastrın qarşısında xatirə şəkli çəkdirdikdən sonra daha bir tarixi obyektə – Alaverdi Monastrına tərəf üz tuturuq. Bu dəfə Toyota maşınlarında Adaptive Cruise Control-u (Sürməyə Adaptiv Nəzarət) yoxlamalı idik. Bu dəfə yeni C-HR modelinin sükanı arxasına oturdum. Bu model ölkəmizdə əsasən “xanım maşını” kimi tanınır, qabaritləri balaca olsa da, kifayət qədər etibarlı və sürətli maşındır. İndi isə qənaətcil xüsusiyyətini də ona aid etmək olar.

Test yolumuzun üçüncü hissəsində karvanın önünə “Toyota Caucasus” şirkətinin prezidenti Mitsuru Konişi keçir. Məqsəd bizim maşımın hərəkətini onun maşınına nəzərən tənzimləməkdir, yəni Adaptiv Kruiz sistemində sükandakı düymənin köməyi ilə adi maşınlarda gördüyümüz stabil sürət, sürətlənmə və əyləcləmə funksiyalarından başqa əlavə olunan yeni funksiyanı yoxlamaq lazım idi. Buna görə qarşıdakı maşınla ən qısa ara məsafəsi təyin edilir – biz bu məsafəni 30 metr təyin etdik. Deməli, sistemi aktivləşdirən kimi alətlər panelində önümüzdəki maşını nəzarətə götürməsi barədə məlumat peyda oldu. Bundan sonra ayağımızı pedallardan tam çəkə bilərik – həm əyləcdən, həm də qazdan, yəni idarəetmə tamamilə qarşıdakı maşına verilir. Qarşımızdakı maşın sürətini artıranda bizim də sürətimiz artırdı, azaldanda bizim də sürətimiz azalırdı. Hətta tam dayandıqda belə biz də tam dayandıq.

Sözün düzünü deyim ki, ilk dəfə bu sistemi yoxladığım üçün birinci əylənmədə ayağımı ehtiyat üçün əyləcin üstündə saxlamışdım və adətim üzrə güzgüdən arxadan gələn maşına da nəzarət edirdim. Qarşımızdakı maşın dayandı, bizim maşın da tam dayandı. Düzdür, tam dayandıqdan sonra yenə də sistemlə yolumuza davam etmək üçün sadəcə bir düyməyə basmaq lazımdır, amma digər hallarda buna ehtiyac olmur. yolboyu bu sistemi bir neçə dəfə test etdik. Nə bizim maşında, nə də arxada olan maşınlarda problem yaşanmadı və biz testlərin bu hissəsini də başa vurduq.

Gürcüstanın daha bir turizm obyekti olan Alaverdi Monastrı 8 əsr əvvəl tikilmiş hündürlüyü 50 metrə çatan kilsədən və böyük həyətdən ibarətdir. Monastrın qarşısındakı dayanacaqda 3-cü pit-stop zamanı yenə də maşınları dəyişirik – bu dəfə Kamran yeni Corolla-nın sükanı arxasına keçir. Test proqramına əsasən Kamran daha bir yeni sistemi – Lane Change Alert sistemini yoxlamalıdır. Adından da göründüyü kimi sistem yolda zolaq dəyişməsi zamanı sürücüyə səsli xəbərdarlıq edir. Məsələn, uzaq səyahət zamanı mürgüləyən sürücünün maşını zolağı tərk etdikdə sürücü xarakterik səs siqnalı eşidəcək, əgər sürət aşağıdırsa, hətta sükanı döndərməklə maşın yenidən hərəkət zolağına qaytarılacaq. Əgər bu sistem bir neçə dəfə ardıcıl işləsə, sürücüyə kiçik bir fasilə etmək, dincəlmək tövsiyə olunacaq. Aydın məsələdir ki, Kamran yolboyu bir neçə dəfə zolağı qəsdən tapdaladı və hər dəfə də sistemin bu hala reaksiyası gözlənildiyi kimi oldu.

Lopota döngəsi deyilən son pit-stopumuza çatdıqda hava artıq qaralmaqda idi və buradan hotelə qədər düz yolda sürət testimiz olmalı idi. Maşınlar yenə bir yerə toplaşdılar. Yaxınlıqdakı düzlükdə qoyun sürüsü kəndə qayıdırdı, çoban görünmürdü, qoyun itləri arxada sürünü müşayiət edirdilər. Biz isə sonuncu dəfə maşınları dəyişdik – F1 şərhçisi RAV4-ün sürətini yoxlamalı idi. İkinci hissədə Kamran maşının dartmasını, çəkməsini yoxlamışdı, indi isə onun təcillə sürətlənməsini yoxladıq. Düzdür, istehsalçı tərəfindən göstərilən nəticəyə çatmasaq da (maşında 3 nəfərin olması, yük yerinin dolu olması öz sözünü deyirdi), maşının təcilindən razı qaldıq.

Bu yerdə qeyd edim ki, yoxladığımız bütün maşınlarda eyni sistemlər çalışırdı. Maşınların hamısında Eco (yəni qənaətcil), Normal (adından bəllidir) və Sport (bu da başadüşüləndir) sürüş tərzləri nəzərdə tutulub. Adlarından da göründüyü kimi birinci rejimdə qənaət yüksək səviyyədə olur, Sport-da isə tələsdiyiniz yerə daha tez çata bilərsiniz. Hər bir sürmə tərzi alətlər panelində rənglərin müxtəlifliyi ilə də seçilir: uyğun olaraq yaşıl, göy və qırmızı. Sport rejimində sükanın ağırlaşmasını da dərhal hiss etmək mümkündür.

Testlərin ikinci günü Lopota gölünün ətrafında gözəl gün keçirdik, maşınlarla bir daha yaxından tanış olduq, “Toyota Caucasus” şirkətinin əməkdaşları ilə maşınlarn müəyyən xüsusiyyətlərini bir daha sınadıq. Günorta şirkətin prezidenti Mitsuru Konişi ilə söhbətimiz baş tutdu. Prezident regionda hibrid avtomobillərə artan marağı qeyd etdi.

Mitsuru Konişi: “Bu gün jurnalistləri xüsusi “Yeni Toyota dünyası” tədbirində görməyə çox şadıq.

Toyota-nın dünyada pioner olduğu hibrid texnologiyası ətraf muhitin qlobal problemləri ilə bağlı mübarizədə daha da vacib hala gəlir. Müştərilərimizlə birlikdə planet qarşısında zərərli tullantıların azaldılması istiqamətində məsulliyyəti paylaşdığımıza görə çox məmnunuq.

Ümumi olaraq yeni Toyota Qlobal Arxitekturası əsasında istehsal olunan və Toyota Aktiv Təhlükəsizlik sistemləri ilə təchiz olunan bir sıra hibrid avtomobillərinə sahib olaraq, biz müştərilərimizə daha məsuliyyətli, daha əmin və daha əyləncəli sürüş imkanı təqdim edirik”.

Sonda onu bildirmək istəyirəm ki, yeni hibrid nəsil Toyota maşınları istənilən sahədə inqilabi təsir bağışladılar. Əgər uzunmüddətli qənaət prinsipini seçmisinizsə, bu maşınlar məhz sizin qarajınızda olmalıdır. Yəni benzin və ya hibrid maşın almaq seçimi qarşısında mütləq ikinci seçilməlidir və bu seçimdə yüksək dəyər sizi qorxutmamalıdır, çünki qısa zaman kəsiyində yanacağa etdiyiniz qənaət sizin doğru seçiminizi sübuta yetirəcək. Yeni hibrid motorların dinamikası, yeni maşınların eksteryer və interyeri də yüksək səviyyədədir. Elektron sistemlərin hamısı, həm köhnələr, həm təzələr lazımi səviyyədə çalışır – test zamanı heç bir maşında heç bir nasazlıq faktı aşkarlanmadı. Bu isə bir daha Toyota-nı dünyaya tanıdan “Etibarlılıq” prinsipinin hələ də qüvvədə olduğundan xəbər verir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 717
Teqlər , , , , ,
Paylaş

logo