Robin Rəykkönen – Red Bull gənc sürücülər proqramının üzvüdür

2007-ci ilin dünya çempionunun 11 yaşlı oğlu Robin Rəykkönenin Red Bull-un gənclər proqramına dəvət alması xəbəri Monzadakı paddokda qızğın müzakirə olunurdu və biz bu barədə məlumat vermişdik.

Bu gün isə bu məlumat rəsmən təsdiqlənib: gənc finlandiyalı 2027-ci ildən etibarən Red Bull-un yarış akademiyasının üzvü olacaq və bu proqramın yekun məqsədi, təbii ki, Formula1-dır.

Robin öz nəslinin ən istedadlı nümayəndələrindən biri sayılır. O, uşaqlıqdan atasının – Formula1-in keçmiş sürücüsü, 21 Qran Pri qalibi Kimi Rəykkönenin rəhbərliyi altında kartinqlə məşğul olur və artıq Rotax və WSK-nın beynəlxalq çempionatlarında ciddi uğurlar qazanıb.

Loran Mekis: “Robin artıq kartinqdə qeyri-adi bacarıqlar nümayiş etdirir. Sürəti, yarış ustalığı və təbii istedadı sayəsində o öz yaş qrupunun ən perspektivli sürücülərindən birinə çevrilib. Eyni zamanda, onun yetkinliyi, soyuqqanlı yanaşması və diqqətini tam şəkildə pilotaja yönəltmək bacarığı da çox güclü təəssürat yaradır.

Məqsədimiz ona tədricən, addım-addım inkişaf etməyə kömək etməkdir və bunu edərkən onu artıq təzyiqə məruz qoymamaqdır. Avtoidmanda yol uzundur və biz Robinə vaxt verəcəyik, dəstək olacağıq, həmçinin onun potensialının tam açılması üçün bütün zəruri resursları təmin edəcəyik.

Biz əminik ki, istedad düzgün dəstək aldığı, sürücü düzgün insanlarla, düzgün mühitdə işlədiyi və düzgün mədəniyyəti mənimsədiyi zaman çiçəklənir. Robinin inkişafı davam etdikcə, məhz bunu ona təmin etmək niyyətindəyik. Bu yolda növbəti addımları atmaqda ona və ailəsinə kömək etməyə hazırıq”.

Kimi Rəykkönen: “Robinin Red Bull-un gənc sürücülər proqramının üzvü kimi yarışlardakı yolunu davam etdirmək qərarına gəlməsindən çox məmnunuq. Loran və Red Bull şirkətindəki hər kəs bütün danışıqlarımız boyu bizə çox yaxşı dəstək göstərdi.

Onlar qarşıdakı illərdə Robinə irəliləməyə imkan verəcək, onun artıq kartinqdə göstərdiyi təbii keyfiyyətlərini inkişaf etdirməsi üçün lazımi təcrübəni qazandıracaq, hərtərəfli düşünülmüş və dolğun bir proqram təklif etdilər.

Red Bull-un gənc sürücülər proqramı uzun illərdir inanılmaz dərəcədə uğurla fəaliyyət göstərir. Onun yetirmələri arasında Sebastyan Fettel, Maks Ferstappen və bir çox digər sürücülər var. İndi Robin bu şanlı proqrama qoşulur və Red Bull-un etimadını doğrultmaq üçün əlindən gələni edəcək”.

,