Dünya çempionları: Nelson Pike

Formula1-in 68-ci mövsümünün başlamasına 21 gün qalıb. Bu müddət ərzində Formula1-in tarixinə səyahət etmək, onun hər bir mövsümündəki əsas qəhrəmanı – dünya çempionu barədə məlumat verməyə davam edirik. Geridə qalmış 67 çempionatın 33 fərqli qalibi olub. F-1.az təqdim edir: Şəhər traslarını sevməyən çempion - Nelson Pike Soutu Mayor!

Nelson Pike 1952-ci il avqustun 17-də Rio de Janeyroda anadan olub. Atası Estacio Qonçalves Soutu Mayor paytaxt Brazilia şəhərinə köçürüləndə ailəsini də ora aparır və ölkənin Səhiyyə naziri olur. Pikenin özündən böyük iki qardaşı və bir bacısı olur. O, kartinqə 14 yaşında başlayır. Amma atası onun yarışçı olmasını istəmədiyindən, Nelson anasının soyadından istifadə edir. Soyadı “Piquet” əvəzinə “Piket” yazdırır ki, atasının onun yarışdığından xəbəri olmasın.

Atası onun tennisçi olmasını istəyir. Nelson 11 yaşından etibarən Braziliyada bir sıra yarışlarda qalib gəlir və onu Kaliforniyaya amerikalı tennisçilərlə oynamağa göndərirlər. Bu müddət ərzində Nelson ingilis dilini mükəmməl öyrənir. Lakin onun marağı tennisə yox, avtoidmana olduğundan, karyerasını davam etdirmir. Oxuduğu universiteti iki il sonra tərk edir. Avtoidmanla məşğul olduğu üçün atası ona maddi dəstək verməkdən imtina edir, buna görə də Nelson gələcək karyerası üçün pul toplamalı olduğundan işləməyə başlayır.

İlk braziliyalı dünya çempionu Emerson Fittipaldinin də məsləhəti ilə Formula Vee seriyasında yarışır. Daha sonra Avropaya gəlir və Formula3-də mübarizə aparır. Bu seriyada qazanılan qələbələrin sayına görə Ceki Stüartın rekordunu yeniləyir. Bəzi mənbələr onun Avropada ilk vaxtlarda üç həftə boyunca köhnə bir avtobusun içində yaşadığını bildirir…

FORMULA1 KARYERASI

Nelson Pike

 

Statistika
Yarışdığı illər 1978-1991
Yarışdığı komandalar Ensign, McLaren, Brabham, Williams, Lotus, Benetton
İştirak (Start) 207 (204)
Çempionluq 3 (1981, 1983, 1987)
Qələbə 23
Podium 60
Xal 481.5 (485.5) *
Poul 24
Sürətli dövrə 23
İlk yarışı Almaniya Qran Prisi, 1978-ci il
İlk qələbəsi ABŞ Qran Prisi, 1980-ci il
Son qələbəsi Kanada Qran Prisi, 1991-ci il
Son yarışı Avstraliya Qran Prisi, 1991-ci il

– Formula1-də 1990-cı ilə qədər mövsüm sonunda sürücülərin qazandığı bütün xallar yox, mövsüm ərzində müəyyən sayda yarışda topladığı xallar nəzərə alınıb. Cədvəldə həm mövsüm sonunda nəzərə alınan xallar, həm də ümumi xallar göstərilib.

Nelson Formula1-də debütünü Ensign komandasının tərkibində Almaniyada edir, lakin yarışı tamamlaya bilmir. Növbəti üç yarışda McLaren-də iştirak edir, ən yaxşı nəticəsi isə doqquzunculuq olur. Mövsümün son yarışına isə Brabham-in tərkibində çıxır və 11-ci yeri tutur. Növbəti mövsüm Brabham-lə bütün yarışlara çıxan braziliyalı ən yaxşı halda dördüncü yeri tuta bilir. Mövsümdəki 15 yarışdan 11-ni tamamlaya bilmir. 1980-ci ilin Argentinada keçirilən ilk yarışında Alan Consdan sonra ikinci olur. Alan onun maşınının reqlamentə uyğun olmadığından şübhələnir. Maşına keçirilən baxışdan sonra məlum olur ki, hər şey qaydalara uyğundur. İlk qələbəsini ABŞ-da qazanır. Mövsümü üç qələbə, altı podium ilə Alan Consdan 13 xal az toplayaraq ikinci yerdə başa vurur.

1981-ci ilin ilk yarışı Cənubi Afrikada keçirilir və Karlos Röyteman həmin yarışda qalib gəlir. Pike isə ikinci olur. Lakin italyan komandaları həmin yarışa çıxmaqdan imtina edirlər. Xeyli vaxt alan müzakirələrdən sonra yarış təqvimdən çıxarılır və nəticələr silinir. Pike mövsüm ərzində 3 qələbə qazanır və yeddi dəfə podiuma yüksəlir. Las Veqasdakı mövsümün son yarışında istidən əldən düşən Pike beşinci olaraq titulunu rəsmiləşdirir. Əgər afrikadakı yarışın nəticələri qeydə alınsaydı, biz bu yazını Röytemana həsr edəcəkdik…

Nelson Pikenin Eliseo Salazara hücumu

 

1982-ci il gərgin keçir. Maşının çəkisi az olduğu üçün Braziliyadakı yarışa buraxılmayan Pike mövsüm ərzində yeganə qələbəsini Kanadada qazanır. Bu, həm də BMW motorlarının Formula1-dəki ilk qələbəsi olur. Nelson həmin il daha iki hadisə ilə  – qəzaya uğramış Didye Pironiyə köməyə qaçması və insident yaşadığı Eliseo Salazara fiziki hücum etməsi ilə yadda qalır.

1983-cü ilə vətənindəki qələbə ilə başlayan Nelson mövsüm ərzində üç qələbə qazanaraq ikinci titulunu rəsmiləşdirir. Bu, turbo motorlarla qazanılmış ilk, BMW-nin isə Formula1-dəki yeganə titulu olur. 1984-cü ildə titul uğrunda mübarizədən uzaqda qalır və iki qələbə qazandığı mövsümü beşinci yerdə tamamlayır. 1985-ci il də eyni məcrada keçir və yeganə qələbə Fransada qazanılır. Mövsümün sonunda yeddi il yarışdığı və iki titul qazandığı Brabham-i tərk edərək Williams-a keçir.

1986-cı ildə ən ciddi rəqiblərindən olan Naycel Mənsell ilə komanda yoldaşı olur. Deyilənlərə görə, onun Williams-da almalı olduğu 3.3 milyon dollarlıq maaşın böyük hissəsini Honda ödəyir. Mövsüm gərgin mübarizə şəraitində keçir. Williams-ın hər iki sürücüsü Alen Prostla titul uğrunda mübarizə aparır. Avstraliyadakı mövsümün son yarışında Mənsellin təkəri partlayır və titul britaniyalıya yox, fransıza qismət olur – Mənsell 72 xalda qalarkən, Prost xal ehtiyatını 74-ə yüksəldir və ardıcıl ikinci dəfə çempion olur. Nelson isə dörd yarışda qalib gəldiyi mövsümü 69 xalla üçüncü yerdə tamamlayır.

1987-ci ildə İmoladakı yarışın sıralanma turlarında Tamburello döngəsində qəzaya uğrayır – yeddi il sonra Ayrton Sennanın həlak olacağı yerdə… Sid Uotkins ona yarışa çıxmağa icazə vermir. Növbəti doqquz yarışın hamısında podiuma yüksələn braziliyalı yekunda Mənselli 12 xal üstələyərək üçüncü və sonuncu titulunu qazanır. Təbii ki, Mənsellin Yaponiyada sıralanma turundakı qəzada aldığı zədələrə görə həmin yarışa və mövsümün son yarışına çıxa bilməməsinin də Nelsona köməyi dəyir. Mövsümün ortasında növbəti il Lotus-da çıxış edəcəyini bildirir. Bunda Honda-nın Lotus-u motorla təchiz edəcəyinin də əhəmiyyətli rolu olur.

Dörd çempionun tarixi şəkli: Ayrton Senna, Alen Prost, Naycel Mənsell və Nelson Pike. Portuqaliya Qran Prisi, 1986-cı il.

 

Lotus-un bir nömrəli sürücüsü olan Nelson mövsüm ərzində cəmi üç dəfə podiuma yüksələ bilir və yekunda altıncı olur. Mövsüm ərzində isə daha çox dedikləri ilə diqqəti cəlb edir. San Marino Qran Prisi ərəfəsində tiffoziləri qəzəbləndirə bilir – Playboy jurnalı yazır ki, Nelson “Ferrari-ni səhhəti ilə əlaqədar hər yarışa gələ bilməyən 90 yaşlı qoca (Entso Ferrarini nəzərdə tutur) əvəzinə gənc biri idarə etsə, komanda daha çox uğur əldə edər” deyib. Lakin sonra iddia edir ki, onun dedikləri səhv başa düşülüb. Nelson həm də Alen Prostun dünyanın ən yaxşısı olduğuna şübhə etdiyini dediyini də danır. Lakin sonradan onun dediklərininn düzgün qələmə alınmadığına şübhə qalmır. O, Entsonun 90 yaşda olmasına baxmayaraq, komandanı yaxşı idarə etdiyini deyibmiş və Aleni də ən yaxşı sürücü hesab edirmiş.

1989-cu ildə də heç bir uğur əldə edilmir. 1990-cı ildə isə Benetton-a keçir. Yeni komandasında vəziyyət bir qədər yaxşı olur. Mövsümün son iki yarışında qalib gəlir və yekunda Ayrton Senna və Alen Prostdan sonra üçüncü yeri tutur. 1991-ci ildə – Formula1-dəki son mövsümündə də Benetton-un tərkibində çıxış edir. Beş yarışda sonradan bütün rekordları ələ keçirəcək Mixael Şumaxerlə komanda yoldaşı olur. Kanadada sonuncu qələbəsini qazanır. Mövsümü altıncı yerdə başa vurur. 1992-ci ilin yanvarında isə biznes fəaliyyətinə daha çox diqqət ayırmaq üçün Formula1-dən getdiyini açıqlayır.

Formula1 karyerasını bitirdikdən sonra İndianapolis 500 yarışında və 24 saatlıq Le Man marafonunda da iştirak edir. 1994-cü ildə GPS xidməti göstərən Autotrac şirkətini qurur. Bu biznesi kifayət qədər uğurlu alınır. 2000-ci ildə Piquet Sport adlı komanda yaradır, özünün adını daşıyan və sonradan Formula1 pilotu olan oğlunun sürücülük karyerasına dəstək olur. Nelsonun hazırda Braziliyada müxtəlif biznesləri var.

Pikenin ilk evliliyi braziliyalı Mariya Klara ilə olub. Bir il sonra ayrılan cütlüyün Ceraldo adlı oğulları dünyaya gəlir. İkinci evliliyi hollandiyalı Silviya Tamsma ilə olur (Silviya əvvəllər digər Formula1 sürücüsü Elio de Ancelislə münasibətdə olub). Onların üç övladı – Nelson Angelo, Kelli və Culia dünyaya gəlir. Onun nigahdankənar bir qızı da 1987-ci ildə dünyaya gəlir. Nelson hazırda braziliyalı Vivian de Souza ilə evlidir və onların Pedro və Marko adlı iki övladları var.

Nelson Pike oğlu Pedro Pike ilə

 

2007-ci ildə sürət limitini aşdığı və maşını qanunsuz yerdə park etdiyi üçün sürücülük vəsiqəsi əlindən alınıb və yeni vəsiqə üçün sürücülük məktəbinə yazılıb. 2013-cü ildə isə ürəyindən əməliyyat keçirib və vəziyyəti yaxşılaşıb.

Onun şəhər traslarından heç xoşu gəlməyib və Monako barədə dedikləri xeyli məşhurlaşıb: “Monte Karloda yarışmaq evdə velosiped sürmək kimidir. Burada qazanılan qələbə başqa traslardakı iki qələbəyə bərabərdir”.

 

, , , , , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*