Zeyndən daha bir qələbə

Niderlandın Zandfort trasında gənc sürücülərin Formula3 çempionatında mövsümün 8-ci mərhələsi əsas yarışla başa çatıb.

F-1.az xəbər verir ki, poulun sahibi Zeyn Məloni yaxşı start ala bilməyib və birinci döngənin çıxışında Viktor Marteni irəli buraxaraq liderliyi əldən verib.

Dördüncü yer uğrunda mübarizədə Franko Kolapinto Roman Staneki qabaqlayıb. Çempionatın lideri Ayzek Həcər altıncı yerdə qalıb. Sebastyan Montoya Conni Edqar və Kayo Kolletdən geri qalaraq doqquzuncu yerə düşüb.

Dördüncü dövrədə trasa Təhlükəsizlik Maşını çıxıb – 2-ci döngədə Vilyam Alatalo və Bred Benavides toqquşublar, yekunda hər ikisi üçün mübarizə başa çatıb,

Restart səkkizinci dövrədə verilib. Marten üstünlüyünü saxlayıb, Cək Krouford Məlonini ötməyə çalışıb, lakin ilk döngədə trasdan çıxıb və doqquzuncu yerə düşüb. Sebastyan Montoya Conni Edqarı qabaqlayaraq daha bir yer qazanıb.

12-ci dövrədə Məloni ilk döngədə Martenə uğurlu hücum edib və yarışda liderliyi özünə qaytarıb. 8-ci yer uğrunda mübarizədə Krouford Edqarı qabaqlayıb. İki dövrə sonra Cək Sebastyanı qabaqlayaraq daha bir mövqe qazanıb.

David Vidales nasazlıq üzündən trasda dayanıb – trasa Virtual TM rejimindən sonra real TM çıxıb.

21-ci dövrədə yarışa restart verilib, amma bir dövrə sonra yenidən TM trasa qayıtmalı olub – bu dəfə Xuan Manuel Korrea ilk döngədə Rafael Villaqomesi çınqıllığa göndərib.

Restart finişə iki dövrə qalmış verilib. İlk onluqda sürücülər öz mövqelərini qoruyublar. Son dövrədə Krouford Kolleti keçərək altıncı yerə yüksəlib.

Zeyn Məloni yarışı qələbə ilə başa vurub və sürətli dövrəyə də imza atıb. Finişdə 2-ci olan Viktor Marten çempionatın yeni liderinə çevrilib – finişdə 5-ci olan Ayzek Həcər 5 xal geridədir. Podiumu isə Franko Kolapinto tamamlayıb.

Gələn həftə İtaliyanın Monza avtodromunda Formula3 mövsümünün son mərhələsi keçiriləcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*