Daruvala mövsümdə ilk qələbəsini qazanıb

Gənc sürücülərin Formula2 çempionatında Monza mərhələsi əsas yarışla başa çatıb.

F-1.az xəbər verir ki, Virtuosi komandasının sürücüsü Cək Duhən pouldan yaxşı start ala bilməyib – peletonun yarısını irəli buraxan avstraliyalı sürücünün itirdiyi mövqeləri geri qaytarmaq cəhdi Roggia şikanında Cehan Daruvala ilə təmasa səbəb olub, daha sonra Cək çempionatda 3-cülük uğrunda əsas rəqibi Loqan Sarcenti də trasdan çıxarıb və hər iki sürücü üçün yarış başa çatıb.

İrəlidə dünən titulu rəsmiləşdirmiş Felipe Druqoviç 2-ci yerə yüksəlib, liderliyi isə Liam Louson ələ alıb. Onların arxasında Teo Purşer və Ralf Boşunq təmas yaşayıblar, Ralf trasdan çıxarkən özü ilə Luka Giotonu da aparıb.

Beləliklə, ilk dövrədən sonra artıq 5 sürücü mübarizəni dayandırıb.

Restartdan sonra Markus Armstronq ilk döngədə Druqoviçi qabaqlayıb – arxada isə Kalan Vilyams və Devid Bekmanın toqquşması qırmızı bayraqlarla yarışın dayandırılmasına səbəb olub: baryerləri bərpa etmək lazım olub.

Qırmızı bayraqlardan əvvəl peletonun böyük bir hissəsi boksa yollanaraq təkər dəyişdirib, ona görə də trasda qalan Riçard Fershor liderliyə yüksəlib.

Restartdan sonra ilk pit stop edənlərdən olan Cehan Daruvala üstünlük qazanıb və qarşısındakı sürücülərin də məcburi pitindən sonra liderliyə yüksəlib.

Yekunda Daruvala mövsümdə ilk qələbəsinə sevinib. Frederik Vesti və Ayumu İvasa isə podiumu tamamlayıblar. Amma yarışdan sonra məlum olub ki, Ayumunun maşını texniki reqlamentin şərtlərini pozub və sürücü protokollardan xaric edilib. Ona görə də Enzo Fittipaldi növbəti podiumunu əldə edib.

Mövsüm isə ikiaylıq fasilədən sonra Əbu Dabidə başa çatacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*