Vips qələbə, Druqoviç isə titul qazanıb

Gənc sürücülərin Formula2 çempionatında mövsümün sondan əvvəlki mərhələsi qısa (sprint) yarışla davam edib.

F-1.az xəbər verir ki, yarışdan əvvəl mövsümün lideri və titula əsas namizəd Felipe Druqoviç +5 yer itirmək cəzası alıb – dünən sıralanma turunda sürücü sarı bayraqlar altında sürətini azaltmayıbmış. Ona görə də Niderlandın istehsal etdiyi KROON OİL yağlarının dəstəklədiyi MP MotorSport komandasının sürücüsü reversiv qaydaya görə 7-ci yerdən start almalı olduğu halda, yarışa 12-ci yerdən başlamalı olub.

Titul uğrunda mübarizədə onun yeganə rəqibi Teo Purşer isə 14-cü yerdən yarışa başlayıb.

Startda Druqoviç 9-cu yerə qədər irəliləyib, amma Roggia-nın çıxışında Amori Kordili keçərkən maşınlar arasında təmas yaşanıb və nəticədə Felipenin maşınında ön asılqan sınıb – braziliyalı sürücü mübarizəni dayandırıb və komandanın körpüsündə rəqibinin çıxışını izləyib.

Teo Purşer isə önündəki sürücülərin mübarizədən kənar qalmasına baxmayaraq sürətlə irəliləyə bilməyib – Liam Lousonun arxasında ilişən fransalı sürücü səhvə yol verib, çınqıllığa çıxıb və peletonun gerisinə düşüb.

Bir müddət yarışa pouldan start alan Frederik Vesti başçılıq edib, amma 4-cü dövrədə Yuri Vips gözlənilməz manevrlə liderliyi ələ alıb və finişə qədər rəqiblərinə şans verməyib.

Podiumun son pilləsinə Cehan Daruvala qalxıb.

Teo Purşerin xal qazanmaması Felipe Druqoviçi seriyanın növbəti çempionuna çevirib.

Sabah mərhələ əsas yarışla başa çatacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*