Belçikada sprinti Louson qazanıb

Belçikanın əfsanəvi Spa trasında gənc sürücülərin Formula2 çempionatında mövsümün 11-ci mərhələsi şənbə günü qısa (sprint) yarışla davam edib.

F-1.az xəbər verir ki, startdan əvvəl məlum olub ki, ikinci yerdə dayanmalı olan Cehan Daruvalanın maşınında problem yaranıb və sürücü start düzlüyündən çıxarılıb.

Bu, 3-cü yerdən start alan Teo Purşerin işini asanalaşdırmalı idi – titul uğrunda mübarizə aparan fransalı sürücü əsas rəqibi Felipe Druqoviçin 10-cu yerdən start almasından yararlanmaq istəyirdi.

Amma startda hər şey fərqli alınıb – pouldan tərpənən Ralf Boşunq liderliyini qorusa da, ikinci yerə 5-ci yerdən start alan Liam Louson yüksəlib. Purşer 5-ci yerə düşüb, Druqoviç isə 6-cı yerə yüksəlib.

Cək Duhən 5-ci dövrədə Riçard Fershoru üstələyərək 3-cü yerə yüksəlib. Fershoru isə Purşer və Druqoviç sıx təqib ediblər. Maşınların sürəti təxminən bərabər olduğu üçün ötmək çətin olub.

11-ci dövrədə Loqan Sarcent 10-cu döngədə trasdan çıxaraq baryerlərə çırpılıb. Təhlükəsizlik Maşını trasa çıxıb.

Şənbə günü qısa yarışda pit stop məcburi deyil, amma Niderlandın istehsal etdiyi KROON OİL yağlarının dəstəklədiyi MP MotorSport komandasının strateqi Felipe Druqoviçi öndəki 5 sürücüdən fərqli olaraq boksa çağırıb.

Felipedən sonra bir çox sürücü boksa yollanıb, amma 11 sürücü trasda qalmağa üstünlük verib – braziliyalı sürücü TM-in arxasında 12-ci yerdə trasa qayıdıb.

Finişə 4 dövrə qalmış TM trası tərk edib – Druqoviç dərhal komanda yoldaşı Klemen Novalakı keçib. Amma Yuri Vipslə mübarizəsi sərt alınıb – estoniyalı sürücü Felipeni trasdan sıxışdırıb və ötmə trasdan kənarda olduğu üçün braziliyalı sürücü mövqeyini geri qaytarmalı olub.

Bundan sonrakı dövrələrdə Felipe qarşısındakı sürücüləri bir-bir keçərək finişdə podiuma cəmi 0.6 saniyə uduzub. Əgər TM trasdan bir dövrə tez çıxsaydı və ya Vipslə mübarizədə vaxt itirməsəydi, podium tam fərqli olardı. Amma minimum vəzifə yerinə yetirilib – Purşerdən çox xal toplanılıb və çempionatda fərq artıb.

Qələbəyə isə Carlin komandasının sürücüsü Liam Louson sevinib – Red Bull-un yetirməsi artıq mövsümdə 3-cü qələbəsini qazanıb.

Podiumu Cək Duhən və boyun zədəsi üzündən bir neçə yarış buraxdıqdan sonra çempionata qayıdan Ralf Boşunq tamamlayıblar.

Bazar günü Belçika mərhələsi əsas yarışla başa çatacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*