Bakı Şəhər Halqası telereportaj, məqalə və foto üzrə müsabiqə elan edib

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti  “Formula1 üzrə Dünya Çempionatının 70 illiyi” və “Formula 1 Azərbaycan Qran Prisinin 5 illiyi” münasibətilə yerli media nümayəndələri arasında multimedia müsabiqəsinə start verib.

F-1.az BŞH-yə istinadən xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd indiyədək Bakıda baş tutmuş Formula1 yarışlarının ölkəyə qazandırdığı avtoidman ənənəsi və mədəniyyətini hərtərəfli şəkildə işıqlandırmaqdır. Telereportaj, məqalə və foto olmaqla üç kateqoriya üzrə keçirilən multimedia müsabiqəsində yalnız yerli media nümayəndələri iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq multimedia işləri avtoidman, Formula1 üzrə Dünya Çempionatı və ya Azərbaycan Qran Prisi ilə bu və ya digər şəkildə əlaqədar olmalıdır.

BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yerli media nümayəndələri üçün ilk dəfə bu səviyyədə irimiqyaslı bir müsabiqənin keçirildiyini bildirib: “Biz artıq ölkəmizdə 5-ci Formula1 yarışını keçirməyə hazırlaşırıq. Bu, bizim üçün çox böyük uğurdur və bu baxımdan da çox qürurverici haldır. Qarşıdan gələn yarış mövsümünə hazırlıq çərçivəsində beşilliyimizlə bağlı keçirəcəyimiz tədbirlərin həm sayını, həm də əhatə dairəsini genişləndirmişik. İlk dəfədir ki, bizimlə sıx çalışan bütün media nümayəndələrini əhatə edəcək bir layihəyə start veririk. İnanıram ki, bu müsabiqədə hamı maraqla iştirak edərək ən gözəl işlərini təqdim etməyə çalışacaq”.

Müsabiqəyə müraciətlərin qəbulu 1 dekabr 2019-cu il tarixindən 15 yanvar 2020-ci il tarixinədək aparılır. Müsabiqəyə qatılmaq istəyənlər hazırladığı multimedia məhsulunun çap olunmuş və ya yayımlanmış nüsxəsini elektron formada və mümkünsə müvafiq vebsəhifəyə keçidlə birlikdə [email protected] email ünvanına “Multimedia müsabiqəsi” başlığı ilə göndərməlidirlər.

Qəbul olunan multimedia işləri hər bir kateqoriya üzrə əvvəlcədən müəyyənləşdirilmiş 3 münsifdən ibarət heyət tərəfindən uyğunluq, kreativlik və aktuallıqla yanaşı digər zəruri texniki göstəricilər üzrə qiymətləndiriləcək. Nəticələr 31 yanvar 2020-ci il tarixində elan olunacaq və müsabiqənin qalibləri gələn Formula 1 yarış mövsümü öncəsi baş tutacaq sınaq yürüşlərini izləmək üçün əməliyyat şirkəti hesabına Barselonaya göndəriləcəklər. İkinci və üçüncü yerlərin sahiblərinə isə dəyərli hədiyyələr təqdim olunacaq.

MÜSABİQƏ ŞƏRTLƏRİ

Telereportaj

✔ Yalnız yerli teleməkanda çalışan jurnalist və operatorlar müsabiqədə iştirak edə bilərlər.
✔ Telereportaj Azərbaycan və ya Rus dilində olmalıdır.
✔ Uzunluğu 1 dəqiqədən az, 3 dəqiqədən çox olmamalıdır.
✔ Orijinal məhsul qəbul olunur, plagiatlığa qəti şəkildə yol verilmir.
✔ Telereportaj faktlara əsaslanmalıdır, müəllifin şəxsi fikrinə yer verilməməlidir.
✔ Telereportaj jurnalistika stilistikasına uyğun olmalıdır.
✔ Telereportaj müsabiqəyə təqdim olunmazdan əvvəl aid olduğu telekanalda yayımlanmalıdır.
✔ Telereportaj jurnalistika üslubunda olmalıdır və həmçinin müəyyən sujet xəttinə sahib olmalıdır.
✔ Bu kateqoriyanın ən yaxşısı seçilmiş reportajın həmmüəllifləri – jurnalist və operator birlikdə qalib elan olunacaqlar. İlk üçlükdə yer alan reportajların müəllifləri mükafatlandırılacaq.

Məqalə (çap və onlayn media)

✔ Yalnız yerli çap və onlayn mediada çalışan jurnalistlər iştirak edə bilərlər.
✔ Məqalə Azərbaycan və ya Rus dilində olmalıdır.
✔ Məqalənin uzunluğu 400-800 söz aralığında olmalıdır.
✔ Məqalədə video, foto və ya infoqrafika kimi müxtəlif vizual elementlərə yer verilməsi üstünlükdür.
✔ Məqalə orijinal olmalıdır, plagiatlığa qəti şəkildə yol verilmir.
✔ Məqalə faktlara əsaslanmalıdır, müəllifin şəxsi fikrinə yer verilməməlidir.
✔ Məqalə stilistika baxımından jurnalistikaya müvafiq olmalıdır.
✔ Məqalə müsabiqəyə təqdim olunmazdan əvvəl aid olduğu media qurumunda çap olunmalı və ya yayımlanmalıdır.
✔ Bu kateqoriya üzrə bir qalib seçiləcək. İlk üçlükdə yer alan məqalələrin müəllifləri mükafatlandırılacaqlar.

Foto

✔ Yalnız yerli media qurumlarında çalışan fotoqraflar iştirak edə bilərlər.
✔ Fotolar Bakıda keçirilən Formula 1 yarışları zamanı çəkilməlidir və iki mövzu üzrə qəbul olunur: trekdə və trekdən kənarda.
✔ Hər bir fotoqraf müsabiqəyə iki mövzu üzrə birlikdə ən çox 4 ədəd foto təqdim edə bilər.
✔ Fotolar rəngli və ya ağ-qara şəklində rəqəmsal formatda təqdim edilməlidir.
✔ Fotolar jpg/jpeg formatında, 300 dpi, uzun tərəfi 3000 pikseldən aşağı və ölçüsü 3 mb-dan az olmamaq şərti ilə təqdim edilməlidir.
✔ Təqdim edilən fotolar müəllifə məxsus olmalıdır. Lazım gəldikdə fotonun orijinal nüsxəsininin təqdim edilməsi istənilə bilər. Hər hansı bir müəllifin və ya internetdən yüklənilən fotoların yollanılması qəti qadağandır.
✔ Fotonun üzərində heç bir ad, simvol, loqo və ya su nişanı olmamalıdır. Belə olduğu təqdirdə fotolar müsabiqəyə qəbul edilməyəcəkdir.
✔ Fotoya əlavə olaraq müəllif və fotonun adı, məkan və tarix qeyd olunmaqla fotoya dair qısa yazılı təsvir verilməlidir.
✔ Hər mövzu üzrə 1 qalib seçiləcək və hər iki mövzu üzrə ilk üçlükdə yer alan fotoların müəllifləri mükafatlandırılacaqlar.

Aşağıdakı tarixlər bütün kateqoriyalara aiddir.

Müraciətlərin qəbulu: 1 dekabr 2019 – 15 yanvar 2020-ci il
Müraciətlərin qiymətləndirilməsi: 16-30 yanvar 2020-ci il
Nəticələrin elanı: 31 yanvar 2020-ci il

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*