23 Sentyabr 2017, Şənbə - 09:49

S.Fettel: “Ferstappenin bəxti gətirdi”

S.Fettel: “Ferstappenin bəxti gətirdi”

Müəllif: Rauf Hacıyev, redaktor

10:10 - 13 İyun, 2017

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Ferstappen onun ön qanadını qırarkən təkəri partlamadığı üçün şanslı olub.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Kanada yarışına 5-ci yerdən başlasa da, mükəmməl start almış və ikinci pilləyə yüksəlmişdi. Lakin, 19 yaşlı sürücü bu əsnada Fettelin ön qanadı ilə təmas edərək, almaniyalı sürücünün qanadını qırmışdı.

Almaniyalı sürücü buna görə pitə getməli olmuşdu. Planlaşdlrılmayan pit-stopa görə 18-ci yerə qədər geriləyən Fettel rəqiblərini bir-bir keçərək, yarışı 4-cü yerdə başa vurmuşdu. Amma almaniyalı sürücü damalı bayrağı keçərkən, 3-cü yerdəki Rikkardodan sadəcə 0.6 saniyə geridə qalmışdı.

Sebastyan Fettel: “Startda Bottasa fokuslanmışdım, lakin, Ferstappeni orada gözləmirdim. Əyləcə gec bassaydım, Lyuisə çırpılardım. Bunu edərkən, Maks bəxtini sınadı və mənim qanadımın üstünə sürdü. Məncə, bunu bilərəkdən etmədi, amma bu cür hallarda təkər partlamalıdır. Bəxti gətirdi.

Yarışın ilk dövrəsi qarışıq keçdi və təkərlər soyuq idi. Hava çox küləkli idi və 6-cı, 7-ci döngələrdə bolidlə bağlı bir şey hiss etdim. Daha sonra isə trasa təhlükəsizlik avtomobili daxil oldu. Bu vaxtı problemin nə yerdə olduğunu başa düşmək istəsəm də, yavaş getdiyimiz üçün heç nə hiss etmədim.

Buna görə də plansız pit-stop etdik. Problemi əvvəldən anlamalı idik. Trasa sonuncu yerdə qayıtdıqdan sonra rəqiblərə çatmaq bir neçə dövrəmi əlimdən aldı. Bu yaxşı hal deyildi.

Okona etdiyim hücum riskli idi, ancaq keçmək lazım idi. 13-cü və 14-cü döngələrdə iki Force İndia bir-birilə mübarizə aparırdı və mən də döngənin çıxışında onlarla yan-yana gəlməyə çalışdım. Daha sonra isə düzlüyə gələndə öz-özümə “nə olsa da, daxili trayektoriyadan hücum edəcəm” dedim. Estebanın bolidi bir az sürüşdü. Mən də bundan istifadə etdim, lakin daxili trayektoriya sürüşkən olsa da, bolidi yaxşı idarə etdim. Təkər çirkləndiyi üçün o dövrədə çox vaxt itirdim. Halbuki, o dövrədə Serxionu keçəcəyimi düşünürdüm.

Həmin dövrə az qala bolidi divara çırpırdım. Dördüncü döngədə az qala divara çırpılırdım və arxa tərəfi itirdim. Buna görə də bir az yavaşladım. Səkkizinci döngədə yenə eyni şey baş verdi və az qala bolidin idarəetməsini itirirdim. Məncə, podium mümkün idi, sadəcə Force İndia-ları keçərkən çox vaxt itirdim”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 177
Teqlər , , , , , ,
Paylaş

logo