Pedro de la Rosa Aston Martin-in yenilikləri barədə

Aston Martin-in yeniliklərindən bir çox ekspert daha artığını gözləyirdi, lakin Formula1-in sabiq sürücüsü Pedro de la Rosa Beyond The Grid podkastında bildirib ki, hər şey plana uyğun gedir…

Pedro de la Rosa: “Yenilənmiş maşını görəndə çox həyəcanlanmadığımı desəm, yalan olar. Gözləyirsən, ümid edirsən, inanırsan, sonra isə maşında mühərriki işə salırlar və nəticəni görürsən.

Bu maşında indiyə qədər gördüklərimin arasında ən kompakt yan pontonlar və radiatorlar var. Öz-özümə düşündüm: “Aerodinamik göstəricilər yəqin ki, əladır, bəs soyutma necə olacaq?” Karyeram ərzində düşdüyüm bir çox vəziyyəti xatırlamağa başladım, amma sonda hər şey yaxşı keçdi.

İlk dövrələrdən sonra komandada hamı rahat nəfəs aldı – hər şey lazım olduğu kimi işləyirdi. Fernando ilə o qədər uzun müddətdir tanışam ki, bir-birimizi bir baxışdan anlayırıq. O, boksa qayıdanda göz-gözə gəlməyə çalışıram. O mənə baxır, mən ona baxıram və dəqiq bilirəm ki, o nə düşünür.

Mənə radionu dinləmək belə lazım deyil. Onun gözlərində oxudum: “Bəli, hər şey işləyir”. Elə olub ki, yenilənmələrdən sonra baxmışam, o isə üzünü çevirib – və mən başa düşmüşəm ki, problemimiz var. Amma bu dəfə yox.

Komanda şüurlu şəkildə belə strategiya seçdi. Yayadək irəliləyiş əldə etmirdik, sonra isə böyük addım atdıq. İndi bu, sadəcə zamanla yarışdır. Rəqiblər bunun öhdəsindən bizdən daha yaxşı gəldilər, ona görə də onlar qalib gəlirlər. İndi bu geri qalmanı tədricən azaltmaq lazımdır.

Mən dəqiq bilirəm ki, biz bunu bacaracağıq. Sadəcə dayanmaq olmaz, seçilmiş istiqamətdə daim irəliləmək lazımdır. Yalnız düzgün investisiyalar edən komandalar qalib gəlir. Mən inanıram ki, düzgün komandadayam və bu komanda həqiqətən də düzgün investisiyalar edir”.