Rəsmən: Mercedes komandası Bottasla müqaviləni uzadıb

F-1.az xəbər verir ki, Mercedes Lyuis Həmiltonun komandada daha iki il qalacağını elan etdikdən bir gün sonra - bu gün Valtteri Bottasla da müqavilənin uzadıldığını rəsmən açıqlayıb. Finlandiyalı sürücünün müqaviləsi gələn mövsümü üçün nəzərdə tutulub və 2020-ci il üçün opsiyon var. Buna görə də, razılaşmanı çoxillik hesab etmək olar.

Valtteri Bottas: “Mən gələn mövsüm də Mercedes-də çıxış edəcəm və bunun Hokkenhaymda elan edilməsinə görə şadam. Bura təkcə Mercedes-in ev trası deyil, mən həm də burada 2017-ci ildə biryerli maşınların sükanı arxasında ilk qələbəmi qazanmışam. Bu il tam qış proqramı ilə irəliyə doğru böyük addım atdım və inkişafımın davamına ümid edirəm. Bu mövsüm yarışlarda çox da bəxtim gətirməyib, lakin komanda mənim potensialımı bilir və bu da məndə əminlik yaradır.

Bu komandada çıxış etmək və Həmiltonla komanda yoldaşı olmaq xoşuma gəlir. Onunla yaxşı münasibətlərimiz var. Hər ikimiz Mercedes üçün maksimum nəticəyə nail olmağa çalışırıq. Biz trasda gərgin mübarizə aparırıq və müqavilələmin uzadılması fikrimi titul uğrunda yarışa cəmləşdirməyə imkan verəcək. Mənim məqsədim bundan sonra da yüksək səviyyədə çıxış edərək komandanın müqaviləmi 2020-ci il üçün də uzatmasını asanlaşdırmaqdır”.

Toto Volff: “Bottas ilə müqavilənin azı bir mövsümlük uzadıldığını və ev yarışımızdan əvvəl gələn il də sürücü heyətimizin dəyişməyəcəyini elan etdiyimiz üçün şadam. Valtteri bu il yaxşı çıxış edir. Əgər bizim səhvlərimiz olmasaydı, bəlkə də, çempionata liderlik edirdi.

Biz müqaviləni uzadarkən onun təkcə sürətini və çalışqanlığını yox, həm də xarakterini nəzərə aldıq. Lyuis də daxil olmaqla, komandanın bütün üzvləri ilə münasibəti yaxşıdır. Bütün bu amillər titul uğrunda mübarizə üçün vacibdir və komandamızın prinsiplərinə uyğundur. Valtteri bizimlə qalacağı üçün şadam və birlikdə bir çox uğurlar qazanmağa ümid edirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*