11 Dekabr 2019, Çərşənbə - 21:39

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 14-cü yazı – Ferrari 158 F1

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 14-cü yazı – Ferrari 158 F1

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:17 - 28 Yanvar, 2017

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 54 gün qalır – 54 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 14-cü yazımızın qəhrəmanı isə Ferrari-yə növbəti titulu qazandıran 158 F1 modelidir…

1963-cü ilin sonunda məlum olmuşdu ki, çempionatın texniki reqlamenti 1966-cı ildən yenə də dəyişəcək – 1.5 litrlik motorları 3.0 litrlik motorlar əvəz edəcəklər. Ona görə də Skuderiyanın baş konstruktoru Mauri Forqyeri mövsüm üçün iki motor hazırlamışdı – 8 və 12 silindrli.

V8 motoru quraşdırılmış yeni maşın Ferrari 158 F1 adını aldı (1.5+8). Motorun ilk sınaqları zamanı işçi həcmi 1487 kub sm idi və motora yanacaq 4 dənə Weber karbüratoru ilə verilirdi. Bu zaman gücü 190 at qüvvəsini aşmırdı. Maşının gücünü artırmaq üçün porşenin gedişi azaldılaraq porşenin diametri artırıldı. Bosch püskürdücüsünün də tətbiqi sayəsində motorun gücünü 210 at qüvvəsinə çatdırmaq mümkün oldu.

Şassi konstruktiv olaraq sələfi Ferrari 156/63 F1-i təkrarlayırdı, amma fərqləri də var idi. Çəki paylanmasını yaxşılaşdırmaq üçün asılqanlar korpusun daxilinə yerləşdirilmiş, arxa əyləclər isə differensialla birləşdirilmişdi. Bundan başqa maşına yeni 15 düyməlik 5 bölməli maqnezium ərintisindən hazırlanmış disklər taxılmışdı.

İl ərzində komandanın şərəfini Con Sörtiz və Lorentso Bandini qoruyurdular. Sörtiz mövsümün ilk yarışından 158 F1-lə çıxış etməyə başlamışdı, amma Bandini köhnə maşınla mövsümə başlamış, sonra bir neçə dəfə yenə də ona qayıtmışdı. Elə karyerasında ilk və yeganə qələbəsini də köhnə maşınla qazanmışdı.

Maraqlıdır ki, 1964-cü ilin son iki yarışını Skuderiya göy-ağ rənglərə boyanmış bolidlərlə keçirmişdi. Komanda yarışlara North American Racing Team (NART) adlı komandanın lisenziyası ilə qatılmışdı. Bu yolla Entso İtaliya hökumətinə qarşı etirazını bildirmişdi – hökumət onun Ferrari 250 LM sportkarının istehsalına razılıq verməmişdi. Qeyd etmək lazımdır ki, NART, əslində, Ferrari-nin Şimali Amerikada dileri idi, mövsümün son iki yarışı isə ABŞ və Meksikada baş tutmuşdu…

 

FERRRARİ 158 F1

Ferrari 158 F1

 

1964-cü ildə Ferrari çempionatda Britaniya komandalarının dominantlığına son qoyaraq dünya çempionu titulunu Maranelloya göndərdi. Con Sörtiz 7 dəfə ikitəkərli texnika ilə çempion olduqdan sonra dördtəkərli texnikanı da ram edə bildi, bu günə qədər bunu edə bilən yeganə sürücüdür. Amma qələbənin əsas səbəbkarı Ferrari 158 F1 maşını idi. Skuderiya öz tarixində ilk dəfə klassik rama tipli şassidən imtina edərək aviasiyadan götürülmüş monokok tipinə üstünlük verdi, düzdür, bu modeldə hələ “yarım-monokok” idi.

Lotus-un monokokundan fərqli olaraq, Ferrari-nin mühəndisləri deşikli polad boruları alüminium lövhələrlə qaynaq etmişdilər. Nəticədə şassinin möhkəmliyi artmışdı. Britaniya maşınlarında olduğu kimi yanacaq çənləri sürücünün sağ və sol tərəflərinə yerləşdirilmişdi. Maşın ənənəvi siqar formasını almışdı: burun kəsilmiş və sürücü yarımuzanıqlı vəziyyətə salınmışdı.

Mövsümün sonunda Con Sörtiz dünya çempionu oldu, Ferrari isə tarixində ikinci dəfə Mühəndislər Kubokunu qazandı. 1965-ci ildə Ferrari-nin bu maşını da Lotus tərəfindən sarsıdıcı məğlubiyyətə uğradı…

 

FERRARİ 158 F1-İN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari 158 F1

 

MövsümQran PriStartPoulQələbəPodiumƏn yaxşı nəticə
1964-cü il10142261
1965-ci il1090022

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Ferrari-nin təkamülü
Mənbə
Baxış Sayı 5. 570
Teqlər ,
Paylaş

logo