Dakar-2023: Löbün qələbə seriyası davam edir

Bu gün Dakar marafonunun iştirakçıları Şeybədən cənub-şərqə - yarımadanın burnuna tərəf yol alıblar. Narın qum sürücülərə çətin anlar yaşadıb.

F-1.az xəbər verir ki, kvadrosikletçilərin yarışında qələbəyə əsas namizədlərdən biri Manuel Anduxar mübarizəni dayandırmalı olub – argentinalı sürücü mexaniki problemlər üzündən podium şansını əldən verib.

Bu gün qələbəyə isə braziliyalı Merselu Medeyros sevinib. Merselu marafonun lideri Aleksandr Jirunu və Fransisko Moreno Floresi qabaqlayıb.

Ümumi sıralamada Jirunun Flores üzərində üstünlüyü 1 saat 20 dəqiqəni keçib. Əfsanəvi Pablo Kopetti liderə 2 saatdan çox uduzur.

Motosikletçilərin yarışında mübarizə yenə də gərgin alınıb və podium yalnız son 50 km-də formalaşıb.

Qələbəyə isə bu dəfə argentinalı Lusiano Benavides sevinib. Daniel Sanders və Tobi Prays liderə təxminən 2 dəqiqə uduzublar.

Lusianonun böyük qardaşı Kevin Benavides bu gün 10-cu nəticə göstərdiyi üçün liderliyi əldən verib – ümumi sıralamada Skayler Haus yenidən zirvəyə qayıdıb. Amerikalı sürücü Tobini cəmi 28 saniyə üstələyir. Kevin isə liderə 3 dəqiqə uduzur.

Maşınların yarışında isə Sebastyen Löbün qələbə seriyası davam edir. Əfsanəvi ralli sürücüsü bu gün ardıcıl 4-cü qələbəsini qazanıb.

Podiumu isə Girlen Şişeri və Mattias Ekström tamamlayıblar – sürücüləri finişdə cəmi 10 saniyə ayırıb.

Heç hara tələsməyən və Dakarda 5-ci tituluna doğru inamla irəliləyən Nasser əl-Əttiyah bugünkü protokollarda 5-ci sətri tutub.

Ümumi sıralamada qətərli sürücünün Lukaş Morayeş üzərindəki üstünlüyü 1 saatdan çoxdur. Löb isə Morayeşlə fərqi 10 dəqiqənin altına salıb…

Yüngül baqqilərin yarışı da gözlənilməz nəticə ilə yekunlaşıb. Marafonun lideri belçikalı Giyom de Mevyus texniki problemlər üzündən 2 saata yaxın vaxt itirib və liderliyini əldən verib.

Bugünkü yarışda qələbəyə portuqaliyalı Rikardu Porem sevinib. Onun debütant həmyerlisi finişdə cəmi 20 saniyə geri qalıb. Əfsanəvi İqnasio Kasale isə daha 2 saniyə yavaş olub.

Set Kintero və Ostin Cons eyni nəticə göstəriblər və liderə 6 dəqiqədən çox uduzublar.

Yekunda keçənilki çempion Ostin marafonun sonuna 3 mərhələ qalmış liderliyə yüksəlib və ən yaxın rəqibi olan Seti 55 dəqiqə qabaqlayır. Giyom isə daha yarım saat geridədir…

Ağır baqqilərin yarışında Rokas Batsyuşka çox vacib qələbə qazanıb – litvalı sürücü marafonda onu təqib edən Qoçallar ailəsini qabaqlamaqla ümumi sıralamada liderliyini möhkəmlədib.

Bu gün finişdə Rokas gənc Erik Qoçalı 37 saniyə, onun atası Mareki isə 3 dəqiqə qabaqlayıb.

Ümumi sıralamada da sürücülər elə bu ardıcıllıqla düzülüblər. Rokasın Erik üzərində üstünlüyü 4 dəqiqəni keçib, Marek isə oğluna 10 dəqiqə uduzur.

Yük maşınlarının yarışında Aleş Lopraysın mübarizədən kənar qalmasından sonra qələbəyə şansı olan sürücülərin sayı artıb.

Bu gün qələbəyə sevinən niderlandlı Martin van den Brink ümumi sıralamada vəziyyətini xeyli yaxşılaşdırıb. Çünki Martin finişdə marafonun lideri Yanus van Kastereni 21 dəqiqədən çox qabaqlayıb. Ona görə də indi marafonun liderlərini cəmi bir dəqiqə ayırır.

Bu gün ikinci olan Martin Matsik ümumi sıralamada 3-cüdür və Yanusa 48 dəqiqə uduzur. Dünən mərhələnin qalibi olmuş Paskal de Baar isə bu gün podiumu tamamlayıb.

Sabah marafon yenidən Şeybəyə qayıdacaq – rallinin sonuna isə cəmi 3 mərhələ qalır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*