Dakar-2023: Əl-Əttiyah qazansa da, Karlos Sayns marafona başçılıq edir

Bu gün əfsanəvi marafon Ərəbistan yarımadasının mərkəzinə doğru yollanıb. İştirakçılar 2-ci mərhələ çərçivəsində səhər tezdən Dəniz Düşərgəsindən çıxaraq əl-Ula şəhərinə çatıblar.

F-1.az xəbər verir ki, ümumi məsafə 590 km olsa da, yalnız 430 km-lik xüsusi sahədə xronometraj aparılıb.

Kvadrosikletçilərin yarışında fransalı Aleksandr Jiru qələbələri sıralayır – bu gün Yamaha sürücüsü yenə də rəqiblərinə şans verməyib. Finişdə Jiru amerikalı Pablo Kopettini 3.5 dəqiqə qabaqlayıb. Argentinalı Fransisko Moreno Flores podiumu tamamlayıb.

Proloq və ilk iki mərhələdə qazandığı qələbələrdən sonra Jiru ümumi sıralamaya inamla başçılıq edir. Argentinalı Manuel Anduxar liderə 8 dəqiqədən çox uduzur.

Qeyd edək ki, Anduxar dünən axşam 1 dəqiqə cərimə olunduğu üçün dünənki mərhələnin də qalibi Jiru elan olunmuşdu…

Dünən axşam motosikeltçilərin qalibi Daniel Sandersə də 2 dəqiqəlik cərimə verildiyi üçün qələbə Riki Brabekə qismət olmuşdu. Reqlamentə görə sürücülər marşruta əvvəlki yarışın finiş nəticələrinə görə yollanırlar. Ona görə də heç bir cığır olmayan səhrada Brabek çətinliklərlə üzləşib və bu gün heç ilk 20-liyə düşə bilməyib.

Əvəzində dünən sonda qələbəni əldən vermiş Meyson Kleyn bu gün qələbəyə sevinib – amerikalı KTM sürücüsü bu dəfə əksinə, məhz son km-lərdə irəli çıxa bilib.

Hero-dan Sebastyan Bühler və Husqvarna-dan Skayler Haus liderə bir dəqiqədən çox uduzublar.

Ümumi sıralamada isə lider yenə dəyişib və Meyson bu dəfə protokollarda ilk sıraya yüksəlib. Tobir Prays ona təxminən 2 dəqiqə, Xoan Barreda Bort isə 2 dəqiqədən bir az çox uduzur.

Maşınların yarışında isə mövsümün ilk sürprizi yaşana bilərdi.

Proloqda məşhurlaşan Erik van Lun (Kroon Oil yağlarının dəstəklədiyi niderlandlı sürücü effektiv fırlanma ilə gündəmə gəlmişdi) bütün yarış məsafəsi liderlik edib. Həvəskar sürücü keçənilki Toyota Hilux-la yarışlara qatılıb. Ümumiyyətlə, 2009-cu ildən marafonda iştirak edən 54 yaşlı Erik indiyə qədər ehç nə ilə yadda qalmayıb. Amma bu gün finişdə cəmi 14 saniyə ilə qələbəni əldən verərək ikinci olub.

Qələbəyə isə keçənilki çempion Nasser əl-Əttiyah sevinib – qətərli idmançı yeni Toyota Hilux-la ilk qələbəsini bayram edib.

Dünənki triumfator Karlos Sayns əsas rəqibinə 5 dəqiqə uduzaraq podiumu tamamlayıb.

Ümumi sıralamada Karlosun liderliyi davam edir, amma Nasser fərqi ciddi qapadıb və əzəli rəqibinə cəmi 2 dəqiqə uduzur. Century-dən Matye Serradori matadora 25 dəqiqə uduzur.

Bu gün həm Audi-dən Stefan Peteransel, həm də Prodrive-dan Sebstyen Löb problemlər yaşayaraq ciddi vaxt itiriblər. Hazırda Stefan 36 dəqiqə uduzaraq 9-cu, Löb isə 1 saat 22 dəqiqə uduzaraq 26-cı yerdədir.

Yüngül baqqilərin yarışında artıq 3-cü sürücü qələbə qazanıb. Bu dəfə finiş xəttini öndə amerikalı Mitçell Qatri keçib.

Dünən qələbə qazanan Fransisko Lopes Kontardo bu dəfə ikinci olub, podiumu isə Set Kintero tamamlayıb – keçən il digər sürücülərə qələbə qazanmağa imkan verməyən amerikalı sürücü özü bu il qələbəyə həsrətdir.

Ümumi sıralamada Lopes liderliyini möhkəmlədib – Kintero ona 8 dəqiqə 43 saniyə uduzur. Belçikalı Giyom de Mevyus daha 10 saniyə geridədir.

Bugünkü qalib sıralamada 4-cü yerə yüksəlib, proloqun qalibi Kristina Qutyerres günü 6-cı yerdə başa vurduğu üçün sıralamada da 6-cı yerə yüksəlib, amma liderə artıq 41 dəqiqədən çox uduzur…

Dünən finişdən sonra məlum olub ki, ağır baqqilərin yarışında qələbə qazanmış Rokas Batsyuşka nəzarət nöqtələrindən birini buraxıb, öna görə də 15 dəqiqə cərimə olunub və qələbə Erik Qoçala qismət olub.

Erik ən gənc qələbə qazanan sürücüdür – 18 yaşı yeni tamam olan polşalı sürücü atası Marek və əmisi Mixalın layiqli davamçısıdır.

Bu gün isə Marek Qoçal oğlunun qələbəsindən ilhamlanaraq qələbə qazanıb. Marek finişdə South Racing komandasının sürücülər – argentinalı Xeremias Qonsales Ferioli və braziliyalı Rodriqo Luppi de Oliveyranı təxminən 10 dəqiqə qabaqlayıb.

Bu qələbə sayəsində Marek ümumi sıralamada da liderliyi ələ keçirib. Protokollarda Marek Rodriqonu (+5:44) və Xeremiası (+6:57) qabaqlayır. Onun oğlu Erik (+14:20) 4-cü, qardaşı Mixal isə (+26:59) 5-cidir.

Yük maşınlarının yarışında proloq və ilk mərhələnin qalibi Martin Matsik bu gün ciddi problemlərlə üzləşib və finiş xəttinə liderdən saatyarım sonra yetişib.

Qələbəyə isə onun həmyerlisi əfsanəvi Aleş Loprays sevinib – Praga da mövsümdə ilk qələbəsini qazanıb, KamAZ-ın yoxluğu Çexiya brendlərinin əlini-qolunu açıb )

Niderlandlı Yanus van Kasteren finiş xəttini böyük fərqlə birinci keçib, amma +15 dəqiqəlik cərimə onu Aleşin 2 dəqiqə arxasına düşməsinə səbəb olub. Onun həmyerlisi Martin Vandenbrink 6 dəqiqə fərqlə podiumu tamamlayıb.

Ümumi sıralamada Aleş Yanusu 12 dəqiqə qabaqlayır, yəni bugünkü 15 dəqiqəlik cərimə olmasaydı, İveco sürücüsü öndə olardı. Digər bir əfsanə Yaroslav Valtr isə Tatra ilə 3-cüdür.

Sabah mübarizə davam edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*