Dakar-2023: Əl-Əttiyah ikinci qələbəsini qazanıb

Bu gün marafon Hail ətrafında ikinci ilməni vurub, amma bu dəfə peleton şərqə yollanıb.

F-1.az xəbər verir ki, əsl səhra qumları, dyunlar bu dəfə sürücülərə ciddi maneə olublar. Ona görə də təşkilatçılar əvvəlcədən bugünkü xüsusi sahəni də qısa eləyiblər.

Kvadrosikletçilərin yarışında arxada qalan proloq və 4 mərhələnin qalibi Aleksandr Jiru bu dəfə nəinki qələbə qazana bilməyib, hətta heç podiuma belə düşməyib.

Aleksandr yarışın əvvəlində problemlər yaşayıb və saatyarım var itirərək sona düşüb. Amma rəqiblərindən o qədər sürətli olub ki, yarışın ekvatorunda artıq liderlə fərqi 1 saata salmışdı. Finişdə 5-ci olan Jiru qalibə cəmi 7 dəqiqə uduzub.

Qələbəyə isə bu gün argentinalı Fransisko Moreno Flores sevinib. Dragon komandasının sürücüsü finişdə əfsanəvi Pablo Kopettini cəmi 53 saniyə qabaqlaya bilib. Podiumu isə braziliyalı Marselu Medeyros tamamlayıb.

Ümumi sıralamada Flores lider Jiru ilə fərqi azaldıb – indi liderə 40 dəqiqə uduzur. Litavlı Laysvidas Kantsyius bir saatdan çox uduzaraq üçüncüdür.

Motosikletçilərin yarışında mübarizə finişədək gərgin olub və son anda qələbəni fransalı Adrien van Beveren əldə edib. Honda sürücüsü komanda yoldaşı Xose İqnasionu cəmi 13 saniyə qabaqlaya bilib.

KTM-dən Tobi Prays da son kilometrlərdə podiumun son pilləsinə qalxa bilib, amma liderə 4 dəqiqə uduzub.

Marafonun keçmiş lideri Meyson Kleyn liderə 5 dəqiqə uduzaraq 4-cü olub, əvəzində yeni lider Skayler Hausu 20 saniyə qabaqlayıb.

Ümumi sıralamanın yeni lideri Skayler Tobini 2 dəqiqə, Kevin Benavidesi 5 dəqiqə qabaqlayır. Meyson daha bir dəqiqə geridədir. Bugünkü mərhələnin qalibi Adrien 9 dəqiqə fərqlə 5-cidir…

Maşınların yarışı da son kilometrlərə qədər gərgin alınıb. Əsas mübarizə 4 sürücü arasında gedib. Nəzarət məntəqələrində hər dəfə bir sürücü peletona başçılıq edib – fərqlər isə 20 saniyəni aşmayıb.

Amma son hissədə qətərli Nasser əl- Əttiyah sürətli bir qədər artıraraq bu il 2-ci qələbəsini qazanan ilk sürücü olub. Toyota-nın sürücü podiumda iki Audi sürücüsünü qabaqlayıb – dünən də Karlos Sayns və Stefan Peteransel qələbəni əldən vermişdilər. Bu dəfə Karlos liderə 2 dəqiqə, Stefan isə 4 dəqiqə uduzub.

Bu qələbə sayəsində Nasser ümumi sıralamada liderliyini də möhkəmlədib. İndi keçənilki çempion və Dakarın 4 qat qalibi əl-Əttiyah turnir cədvəlində marafonun 14 qat qalibi Peteranseli 23 dəqiqə qabaqlayır.

Səudiyyəli Yezid əl-Raci liderə 27 dəqiqə uduzur, Sayns isə daha 8 dəqiqə geridədir…

Dünənki mərhələnin qalibi Sebastyen Löb sona qədər liderlər qrupunda idi və yenə də qələbəyə əsas namizəd idi, amma son kilometrlərdə səhvə yol verib və maşını aşırıb. Nəticədə dağılmış təkər və asılqan finişdə liderə 20 dəqiqə uduzmağa səbəb olub…

Yüngül baqqilərin yarışında Set Kintero dünənki uğursuzluğun əvəzini artıqlaması ilə çıxıb və bu il ilk qələbəsini qazanıb.

Amerikalı sürücü finişdə Çaleko Lopesi 5, keçənilki çempion Ostin Consu isə 12 dəqiqə qabaqlayıb.

Ümumi sıralamada belçikalı Giyom de Mevyusun liderliyi davam edir – Ostin ona 7 dəqiqədən çox uduzur. Kintero isə bugünkü qələbə sayəsində 3-cü yerə çıxıb, amma liderə 1 saatdan çox uduzur…

Seriyalı baqqilərin yarışında Rokas Batsyuşka növbəti qələbəsini qazanıb. Litavlı sürücü finiş xəttində braziliyalı Kriştianu Batistanı cəmi 5 dəqiqə üstələyə bilib. Səudiyyəli Yesir Seaydan podiuma qalxmaqla azarkeşlərini sevindirib.

Qoçallar ailəsi bu dəfə finişdə 6-8-ci yerləri tutublar – Marek qardaşı Mixal və oğlu Eriki qabaqlayıb.

Ümumi sıralamada Rodriqu Lippi de Olveyranın liderliyi davam edir. Braziliyalı sürücü bu gün 5-ci olduğu üçün Erik Qoçal üzərində üstünlüyünü 17 dəqiqəyə çatdırıb. Batsyuşka isə artıq 3-cüdür və liderə 20 dəqiqə uduzur…

Maraqlıdır ki, bu gün yük maşınlarının da mübarizəsi yalnız finişdə başa çatıb. Bu dəfə marafonun lideri Aleş Loprays 2-ci qələbəsinə sevinib.

Əfsanəvi çexiyalı sürücü finişdə niderlandlı Martin van der Brinki cəmi 16 saniyə qabaqlaya bilib. Niderlandlı Yanus van Kasteren isə 3 dəqiqə fərqlə podiumu tamamlayıb.

Podium elə ümumi sıralanmaya uyğun alınıb – Aleş Martini 15 dəqiqə qabaqlayır, Yanus isə liderə 52 dəqiqə uduzur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*