Azərbaycanı Avropada təmsil edən Cəmil Rocers: “Hazırda sponsorlarım valideynlərimdir”

Artıq Azərbaycanda uzun illərdir ki, beynəlxalq avtomobil yarışları keçirilir. 2012-2014-cü illərdə GT yarışları olmuşdu, 2016-cı ildən etibarən isə ölkəmizdə avtoidmanın zirvəsi sayılan Formula1 yarışları keçirilir. Lakin uzun illərdir ki, keçirilən bu yarışlarda ölkəmizi təmsil edən idmançımız olmayıb. Daha əvvəl Gülhüseyn Abdullayev ölkəmizi Formula3-də təmsil etsə də, sponsor dəstəyi tapa bilmədiyi üçün yarış karyerasını bitirmişdi. Bugünkü qonağımız isə sürüşü ilə britaniyalıları özünə heyran qoyan Cəmil Həsənli Rocersdir.

F-1.az bildirir ki, 14 yaşlı Cəmil avtoidmanın beşiyi sayılan Britaniyada yaşasa da, mötəbər kartinq turnirlərində Azərbaycanı təmsil edir. Gənc idmançımız SuperOne kartinq çempionatında 3-cü yeri tutub və indidən bəzi Formula1 komandalarının gənc sürücü akademiyaları Cəmillə maraqlanmağa başlayıblar.

Səni nə ilhamlandırdı?

Altı yaşım olanda valideynlərim məni açıq kartinq mərkəzinə apardılar. O vaxt qərbi Afrikada – Nigeriyada yaşayırdıq. Səkkiz yaşım olanda İngiltərəyə köçdük. Yenidən kartinqə başladım və bu, bizim həftəsonu hobbimizə çevrildi. Valideynlərim hər bazar günü məni kartinq mərkəzinə aparırdılar. Həm atam, həm də anam Formula1 fanatıdırlar və böyüdükcə mənim də F1-ə marağım artdı. 10 yaşımdaykən Castle Combe çempionatında yarışan ən gənc sürücü idim. Podiumlar qazandım və buna görə də İngiltərədəki çempionatlara dəvət olundum. Lakin 2018-ci ilə qədər gözləməli oldum. Çünki azərbaycanlı olduğumçün mənə Azərbaycan Avtomobil Federasiyasının icazəsi lazım idi. Nəhayət ki, 2018-ci ilin sentyabr ayında mənə icazə verildi və Böyük Britaniyada iki çempionata qatıldım. SuperOne çempionatındakı debüt ilimdə üçüncü yeri tutdum.

– İlk kubokunu nə vaxt qazandın və hansı hissləri keçirdin?

– İlk kubokumu 10 yaşımdaykən qazandım. Daha doğrusu, 11. 2016-cı ilin avqust ayı idi. Qürur hissi keçirdim, çünki irəliyə doğru addım atdım. Rəqiblərim 15 yaşlı sürücülər idilər. Buna görə də bu kubok xüsusi idi.

– Nə yarışı idi?

– Castle Combe Junior Kartinq Club çempionatı. Yarışda ikinci olmuşdum.

– Bəs ən böyük uğurun hansıdır?

– Ən böyük uğurumu 2019-cu ildə SuperOne çempionatını 3-cü olaraq qazandım. Əslində ikinci yerdə idim, ancaq son iki yarışda mühərriklə bağlı problemlərlə üzləşdim və yekunda 3-cü yerlə kifayətlənməli oldum.

– Gözəl. Bəs F1 və ya digər yarış seriyalarında bir idealın varmı?

– Lyuis Həmilton. Şübhəsiz ki, Dünyanın ən yaxşı sürücüsüdür. Daim inkişafdadır və ondan ilham alıram. Daniel Rikkardonu isə pozitivliyinə görə sevirəm. Avtoidmanda daim pozitiv olmaq çətindir. Bunu Britaniyadakı kartinq çempionatından, rəqabət təcrübəmdən bilirəm. Müsbət əhval-ruhiyyədə qalmaq çox çətindir.

– Daha əvvəl Gülhüseyn Abdullayev Azərbaycanı Formula yarışlarında təmsil etmişdi. Bəs Gülhüseynin bu uğuru sənə motivasiya verirmi?

– Gülhüseyn bu idman növündə Azərbaycanın flaqmanıdır. Onun aldığı dəstək göstərdi ki, bu idmana doğrudan da həvəs var. Onun cəsarəti və bu idmana olan sevgisi mənim kimi pilotların yolunu açdı.

Cəmil Rocers və Gülhüseyn Abdullayev

– Dəstək demiş, bəs yarışdığınız dövrdə sponsorun olubmu?

SuperOne seriyasında üçüncü olduqdan sonra İngiltərədəki bəzi təşkilatlarla ünsiyyətim olub. Kritik anlardır, çünki Formula yarışlarına sponsorsuz getmək mümkünsüzdür. Mən azərbaycanlıyam və arzum yarış karyeram ərzində Azərbaycanı təmsil etməkdir. Ümid edirəm ki, SuperOne-dakı uğurum azərbaycanlı sponsorların diqqətini cəlb edəcək və 2020-ci ildə Avropa Seriyasında yarışmağıma imkan yaradacaq. Ancaq hazırda mənim sponsorlarım valideynlərimdir.

– Azərbaycandan sponsor axtarmısınız? Yekunda Azərbaycanı təmsil edirsiniz.

Mənim səviyyəmdəki bütün sürücülərin sponsorları var. Karyeramı davam etdirmək üçün sponsor vacibdir. Hazırda sponsor axtarışındayıq. Bəzi danışıqlar oldu və biz hazırda pozitiv cavaba ümid edirik. Sponsor olsa, yarış üçün daha yaxşı avadanlığımız və daha yaxşı sürücü təhsilim olacaq. SuperOne-dakı uğuru ən yaxşı avadanlıq olmadan əldə etdim. Hazırda İngiltərədə və Dubayda iki yarış komandasının diqqətini cəlb etmişəm. İnfinity pilot menecer şirkəti mənimlə işləmək istəyir. İnfinity menecer şirkəti Corc Rassel kimi sürücü ilə işləyir. Əgər sponsorum olsa, Renault və ya Sauber komandalarının gənc sürücü proqramına qatılmaq şansım olacaq.

– Bəs Azərbaycandan mənəvi dəstək alırsan?

– İnanılmaz dəstək alıram. Azərbaycandan və Türkiyədən mesajlar alıram. Mənə xoş arzular diləyirlər. Mənə çoxlu sual verirlər. İdmana necə qoşulmaq olar? Biz nə etməliyik kimi suallar verirlər.

– Bu işə yeni başlayan gənclərə nə məsləhətin var?

– İlk yarışlarda hədəfim qalib gəlmək idi. Uduzan zaman pozitiv qalmaq və itkini unutmaq çətin idi. Daha sonra atamla yarışlara münasibətimi dəyişdim. Hər yarışda qarşıma 3 məqsəd qoyulurdu. Artıq birinci hədəfim qalib gəlmək yox, təcrübə toplamaq və özümü təkmilləşdirmək idi. Bu işə yeni başlayanlara tövsiyəm odur ki, özlərini inkişaf etdirsinlər. Belə etsələr, qələbə qazanacaqlar.

– Azərbaycanda kartinq məktəbləri istənilən səviyyədə deyil. Bundan başqa avtoidman ənənəsi də zəifdir. Buna görə də bu işə başlamaq üçün bizim gənclərə daha sərfəli və daha faydalı hansı ölkədir? 

– Avropada kartinq məktəbi çoxdur. Avropada yarış trasları, yarış komandaları və kartinq çempionatları var. Keçmiş çempionlar cavan sürücülərə dərs keçirlər. Mənim məşqçim 2010-cu ildə kartinq üzrə Dünya Çempionatında vitse-çempion olmuş Cordan Çemberleyndir. Əsas olan erkən yaşda yarış instinktini inkişaf etdirməkdir. Bunu həm qapalı, həm də açıq yarış traslarında etmək olar və Bakıda hər ikisi var. Bu idmanda inkişaf etmək üçün özündən güclü ilə mübarizə aparmalısan. Hazırda İngiltərə, İtaliya və İspaniya bu cəhətdən güclüdür.

– Bütün gənc sürücülərin hədəfi, istəyi Formula1-də yarışmaqdır. Lakin alınmayanda digər seriyalarda yarışmağa başlayırlar. Bəs səndə necə? Hədəfin nədir?

– Mənim hədəfim yaxşı idmançı və pilot olmaqdır. Həm də azərbaycanlı gənclərin təslim olmamalarını və ruhdan düşməmələrini istəyirəm. Formula1-ə hələ çox var və yol uzundur. Hazırda ailəmizin əsas hədəfi mənim Formula Renault-da yarışıb yaxşı nəticə göstərməyimdir. Bu isə 2022-ci ildə baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*