24 Noyabr 2017, Cümə - 09:44

Scuderia Ferrari – Ferrari SF70H

Scuderia Ferrari – Ferrari SF70H

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:11 - 24 Fevral, 2017

Keçən il olduğu kimi, mövsümöncəsi testlərin başlanmasına 3 gün qalmış Ferrari komandası cari mövsüm üçün hazırladığı yeni maşını təqdim edib. Təqdimat mərasimi internetdə canlı yayımlanıb və əvvəlcədən hazırlanmış gözəl videoçarxla maşayiət olunub.

 

Formula1 tarixində komandanın hazırladığı 63-cü maşın ənənəvi rənglərə boyanıb, keçən illə müqayisədə yan tərəfdəki loqotip hava kanalının yuxarısına qaldırılıb, hava kanalından başlayan böyük üzgəc ağ rəngə boyanıb – İtaliya bayrağındakı rənglər zolağı üzgəcin yuxarısını tamamlayır. Burun hissədə donqarlıq saxlanılıb. Yan pantonlar orijinal formada yerinə yetiriliblər. Korpusun önə doğru əyilməsi dərhal seçilir – əvvəllər yalnız Red Bull maşınları belə əyilirdilər.

Mauristio Arrivabene, komandanın başçısı: “İstənilən Ferrari-nin – yol maşını olsun, yarış naşını olsun, Formula1 maşını olsun, təqdimatı həmişə emosional hadisədir. Bu gün mən maşına baxaraq düşünürdüm ki, hər bir detala diqqətlə yanaşmaqla yüksək peşəkarlıq nümayiş etdirən nə qədər əməkdaşımız var.

Bizim SF70H – gərgin və çox ciddi işin nəticəsidir. Realist qalaraq biz Barselonaya yollanırıq – iki test seriyası ərzində nəzərdə tutduğumuz proqramı yerinə yetirməliyik. Amma yalnız Melburnda biləcəyik ki, hansı mövqeni tuturuq və qüvvələr nisbətini dəyərləndirə biləcəyik”.

Mattia Binotto, texniki direktor: “Yeni mövsüm həmişə yeni sınaqdır, xüsusən də texniki reqlament dəyişəndə. Hərçənd, Formula1 heç zaman asan olmayıb. Bizim üçün sadəcə yaxşı nəticə göstərmək kifayət deyil – biz birinci olmaq istəyirik, deməli, rəqiblərimizə nisbətən daha yüksək təkmilləşmə tempi tutmalıyıq.

Biz həqiqətən sürətlənməliyik və başlıca çətinlik ondadır ki, bu il hər bir yarışa yenilik hazırlamalıyıq. Kimin modernizə tempi yüksək olacaqsa, ilk yarışdan üstün vəziyyətdə olacaq…”

 

AERODİNAMİK KONSEPSİYA

Skuderiya bütün gücünü asfaltayatma qüvvəsi ilə havaya qarşı müqvimət arasında kompromisin düzgün axtarışına sərf edib. Pirelli-nin cari mövsüm üçün hazırladığı təkərlərin eni çox böyüyüb, nəticədə maşının ön hissəsinin yaratdığı havaya qarşı müqaviməti artıb. Eyni zamanda maşının ön qanadının, altlığın və diffuzorun hasil etdiyi asfaltayatma qüvvəsi də artıb. Daha çox asfaltayatma qüvvəsi ilə təkərlərin asfaltla təmas sahəsinin böyüməsi trasla mexaniki ilişməni və döngələrdə sürəti artırıb.

 

ŞASSİ

Bu layihə ilə Ferrari-nin əvvəlki illərdə qurduğu maşınlar arasında bəzi fərqlər var: daha uzun burun və ox ucluğu formasını almış yeni ön antiqanad reqlamentdəki dəyişikliklərdən xəbər verir. Elə motor qapağında xarakterik üzgəcin peyda olması və yan pantonların hava dəliyinin mürəkkəb forması da reqlamentin tələbləri tərəfindən diktə olunublar.

Ön qanadın altında başlayan hava kanalı aerodinamik funksiya daşıyır, sürücünün başı üzərində təhlükəsizlik qövsü rayonundakı hava kanalının forması isə tam dəyişdirilib. Asılqanların quruluşu da yenilənib: öndə itələyici linklər, arxada isə dartıcı linklər tətbiq olunub. Təkər topu və təkər qaykasının konstruksiyası dəyişdirilib ki, pit-stoplarda mexaniklərin təkər dəyişməsi daha səmərəli olsun. Nəhayət, sükan idarə etməsinin və əyləc sistemlərinin effektivliyi də çoxalan sürətlər müqabilində artırılıb.

 

GÜC QURĞUSU

Aerodinamika ilə müqayisədə güc qurğusunun dəyişiklikləri nəzərə çarpacaq dərəcədə deyil. Əsas dəyişikliyin səbəbi bu il yanacaq ehtiyatının 100 kq-dan 105 kq-dək artırılmasıdır, bunun səbəbi isə artan sürətlərdir. Amma maksimum yanacaq sərfiyatı əvvəlki səviyyədə saxlanılıb: saatda 100 kq. Yeni mühərrik sələfi ilə müqayisdə effektivlik baxımından irəliyə doğru addımdır.

Hibrid güc qurğusunun bzi mexaniki elementlərinin yerləşdirilməsi dəyişdirilib, bəzi elementlər isə yerini saxlayıblar. Bu ildən mühərriyin təkmilləşdirilməsini məhdudlaşdıran şərti bal sistemi ləğv olunub, motorçular mövsümün gedişində güc qurğusunu təkmilləşdirməkdə azadlıq əldə ediblər.

 

Günorta Kimi Rəykkönen yeni maşını Fyoranoda tərəfdaş və sponsorlar üçün çəkiliş günü çərçivəsində trasa çıxarıb. Sebastyan Fettelin trasa çıxmasına yağış mane olub. Komandanın üçüncü sürücüsü Antonio Covinatsi də təqdimat mərasimində iştirak edib…

Kimi Rəykkönen: “Əlbəttə, ilk dövrələrdə hücum edə bilməzdim, sistemləri yoxladıq – hamısı problemsiz çalışır. Sadəcə trasa ilk çıxışımız idi və hələ tamamlamamışıq, əsl iş isə gələn həftə Barselonada başlayacaq. Hərçənd, hələlik hər şey normaldır.

Yeni maşının görünüşü xoşuma gəldi. Keçənilki maşından çox fərqlənir – bu, reqlamentdəki dəyişikliklərlə bağlıdır. Komanda əla işləyib, bütün detallara böyük diqqət ayrılıb. Dediyim kimi, maşın əla görünür – baxaq görək Barselona testlərində özünü necə aparacaq”.

Sebastyan Fettel: “Yeni maşını ilk dəfə görməyimiz xüsusi andır. İlk görünüşdən maşın yaxşı təəssürat yaradır, səbirsizliklə onun sükanı arxasına keçməyi gözləyirəm. Əlbəttə, gələcək işimiz üçün əla bünövrədir.

Kiminin trasda işi zamanı problem yaşanmadı, gördüyümüz kimi, hər şey normal işlədi, indi testləri gözləməliyik. Gələn həftə real sürətimizi biləcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 4. 215
Teqlər , , , , ,
Paylaş

logo