24 Oktyabr 2017, Çərşənbə axşamı - 04:30

P.Lou Williams-a keçməyə yaxındır

P.Lou Williams-a keçməyə yaxındır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:13 - 11 Dekabr, 2016

Mercedes komandasının texniki direktoru Pəddi Lou Williams komandasına sensasiyalı keçid etməyə hazırlaşır – eyni anda bir neçə mənbə təsdiq edib ki, artıq gələn il Pəddi Brəklidən Qrouva köçəcək…

Lounun Mercedes-dəki gələcəyi son ayların əsas müzakirə mövzusudur. Britaniyalı mütəxəssisin ardıcıl son 3 ildə Mühəndislər Kubokunu qazanan komanda ilə müqaviləsi bu ilin sonunda başa çatır və komandanın rəhbərliyi mühəndislə müqavilənin uzadılması istiqamətində razılıq əldə edə bilməyib.

Əslində, Lou və Mercedes Motorsport-un başçısı Toto Volff arasında danışıqlar yayda başlamalı idi, amma Volff komandanın texniki direktorundan xahiş edibmiş ki, sürücülərin mübarizəsi başa çatana kimi danışıqlara qayıtmasınlar və mövsümün sonunda hər şeyi yoluna qoyacaqlar. Amma bu müddət ərzində Lou rəqib komandalardan da maraqlı və ciddi təkliflər alıb.

Louya yaxın olan mənbənin verdiyi məlumata görə, mühəndislə müqavilə imzalamağa ən yaxın olan Williams komandasıdır. Komandanın rəhbərliyi uğursuz 2016-cı il mövsümünü düzəltməyə çalışır – britaniyalılar Mühəndislər Kubokunda, hətta Force İndia-ya da məğlub olmaqla, beşinci yeri tutublar. Rəsmən bu məlumat hələ təsdiq olunmayıb, amma güman etmək olar ki, Lou Williams komandasının təklifindən razı qalıb və komandaya təklifi dəyərləndirməyə hazır olduğunu bildirib.

Ən maraqlısı isə odur ki, Lounun Mercedes-lə müqaviləsi dekabrın 31-də başa çatır, yəni mühəndis iş yerini dəyişməli olarsa, onda bu hallarda belə yüksək səviyyəli mühəndislərə tətbiq olunan birillik məzuniyyət götürməyə ehtiyac da olmayacaq.

Hələlik aydın deyil ki, Lounun Williams-a keçidi komandanın hazırkı texniki direktoru Pət Simondsun karyerasına necə təsir edəcək – Simonds gələn ilin sonunda karyerasını başa vurmağa hazırlaşır və ehtimal var ki, mövsümün gedişində işləri hissə-hissə Louya təhvil verəcək.

İstisna deyil ki, Qrouvda Pəddinin funksiyaları texniki departamentin başçısı çərçivəsindən kənara çıxacaq – məhz bu faktor sayəsində Lou McLaren komandasından Mercedes-ə keçmişdi, çünki komandaya daha aktiv rəhbərlik etməyi arzulamışdı.

F-1.az bildirir ki, əgər Pəddi Mercedes komandasını tərk edəcəksə, onda 100% ehtimalla onun yerini Ferrari-nin keçmiş texniki direktoru Cemys Əllison tutacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 259
Teqlər , , , , , ,
Paylaş

logo