Bu gün Lyuis Həmilton Böyük Britaniyanın şərqində Brendon şəhərciyində yerləşən PF İnternational kartinq trasına baş çəkib və milli Formula Kart Stars (FKS) çempionatının açılış mərasimində iştirak edib. FKS – milli çempionatın yüksək liqasıdır, vaxtilə bu liqada Lyuisin özü, Super Aguri-nin keçmiş sürücüsü Əntoni Dəvidson və McLaren-in test pilotu Qəri Paffet və başqa britaniyalı sürücülər çıxış ediblər. Lyuis məmnuniyyətlə gənc istedadlı sürücülərlə görüşüb, onlarla təcrübəsini bölüşüb və onların çoxsaylı suallarını cavablandırıb…
Lyuis Həmilton: “Mənim Formula Kart Stars çempionatının iştirakçıları ilə ünsiyyətdən çox xoşum gəldi: mən öz uşaqlığımı xatırladım. Vaxtilə bu çempionat mənə çox şeyi öyrədib. Bu idmanın əsasıdır: gənclər yarışmaq imkanı əldə edirlər və ustalıqlarını artırırlar, sonda da başa düşürlər ki, özünü tam işinə həsr etməlisən.
Ümid edirəm ki, mən onlara bir neçə yaxşı məsləhətlər verdim!”