13 Dekabr 2017, Çərşənbə - 15:15

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 51-ci yazı – Ferrari F2001

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 51-ci yazı – Ferrari F2001

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:20 - 06 Mart, 2017

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 17 gün qalır – 17 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 51-ci yazımızda Mixael Şumaxeri tarixin ən çox qələbə qazanan sürücüsünə çevirən F2001 modelindən danışacağıq…

2001-ci ildə Ferrari komandası 2000-ci ildə olduğundan az qələbə qazansa da, Skuderiyanın yeni maşını – F2001 sələfindən güclü alınmışdı. Komandanın sürücüləri – Mixael Şumaxer və Rubens Barrikello da güclü çıxış edirdilər, amma statistik göstəricilərin pisləşməsinin səbəbi Ferrari-nin daha bir güclü rəqibinin peyda olması idi. Ənənəvi rəqibi – McLaren-Mercedes komandasından başqa Skuderiya 2001-ci ildə daha bir Britaniya-Almaniya komandasına qarşı mübarizə aparmalı oldu – Williams-BMW. Bu komandanın sürücüləri – Ralf Şumaxer (Mixaelin balaca qardaşı) və Xuan Pablo Montoya uzun fasilədən sonra çempionata qayıtmış Michelin təkərlərində çıxış edərək mövsümün gedişində 4 qələbə qazanmışdılar.

Buna baxmayaraq, F2001 çempionatın ən yaxşı maşını idi və Skuderiyanın tarixində ən mükəmməl maşınlardan biri oldu. Sələfi ilə oxşarlığı elə də çox deyildi: reqlamentdəki növbəti dəyişikliklər yeni modelin hazırlanmasını tələb edirdi. Dartmaya nəzarətin (trəkşn-kontrol) çempionata qayıtması üzündən transmissiya və arxa asılqan tam yeniləndi. Bundan başqa 2001-ci ildə ön qanadın yerdən minimal hündürlüyü qaydalarla müəyyən edildiyi üçün qanad o dövrə xarakterik konfiqurasiyanı – qanadın ortası qaşıq formasını aldı. Maşının kütləsi növbəti dəfə azaldı – V10 mühərriyi 5 kq arıqlayaraq 100 kq olmuşdu.

Bütün bu dəyişikliklər sayəsində F2001 sələfindən sürətli alınmışdı, ən əsası isə təkəri qənaətlə işlədirdi. Maşın universal idi və bütün tip traslarda sürətli idi. Düzdür, Ferrari motoru güc baxımından BMW motoruna uduzurdu və bu, sürətli traslarda öz təsirini göstərirdi. Amma yekunda Şumaxer ən yaxın izləyicisi Devid Kulthardı xalların sayına görə 2 dəfədən çox qabaqlamaqla inamlı qələbə qazandı.

 

FERRARİ F2001

Ferrari, Scuderia Ferrari, Ferrari F2001, 2001, Michael Schumacher, Rubens Barrichello

 

2000-ci ilin sonunda hər iki titulu qazanan Ferrari-nin kefini Britaniya mətbuatı pozmuşdu. Mövsümün son yarışı Malayziya Qran Prisindən dərhal sonra komandanın tarixi rəqibləri və britaniyalı jurnalistlər dünyaya car çəkirdilər ki, zirvəyə çıxmaq çətindirsə, orada qalmaq ondan da çətindir. Yəni 21 illik fasilədən sonra Ferrari çətinliklə qələbə qazanmışdısa, növbəti qələbəni yenə də on illərlə gözləməli olacaq.

Amma Maranelloda tam fərqli düşünürdülər. 2001-ci il mövsümü üçün hazırlanmış maşın elə ilk yarışlardan komandanın hədəfinin qələbə qazanmaq olduğunu hamıya göstərdi. Əgər 2000-ci ildə uğurun əsas səbəbkarı Mixael Şumaxer hesab olunurdusa, 2001-ci ildə titulun qazanılması sürücü və maşının bərabər payına düşürdü. Əgər 2000-ci ildə Mixael mövsümün sonuna bir yarış qalmış titulu qazanmışdısa, 2001-ci ildə 4 yarış qalmış artıq titul onun cibində idi. Ona görə də F2001 bütün zamanların ən yaxşı maşınlarından biri hesab olunur.

F2001 həm sürətli, həm də şəhər tipli traslarda effektiv idi. Ferrari-nin mühəndisləri federasiyanın tətbiq etdiyi qaydalardan daha yaxşı faydalanaraq asfaltayatma qüvvəsinin itkisini minimuma endirmişdilər. Mövsümün gedişində rəqiblər qırmızı maşının bəzi elementlərini nüsxələməyə çalışırdılar, amma mövsümün sonuna qədər Ferrari-yə layiqli cavab verə bilmədilər.

Formula1-də yeni güclü rəqibin peyda olmasına baxmayaraq, Miaxel Şumaxer bir il əvvəl olduğu kimi aktivinə 9 qələbə yazaraq dördqat dünya çempionu oldu. Rubens Barrikello bu dəfə mövsümü qələbəsiz başa vurdu.

Düzdür, qələbələrin sayı çox ola bilərdi. Amma Montsada tiffozilərin önündə İtaliya Qran Prisi sentyabrın 16-da baş tutmalı idi. ABŞ-da məşhur terror aktından bir neçə gün keçmişdi. Avtoidmanla heç bir əlaqəsi olmayan bu hadisə Skuderiyaya və xüsusən də Mixaelə pis təsir etmidşi, almaniyalı sürücü depresiyaya düşmüşdü. Yarışa bir gün qalmış Almaniyadan daha bir pis xəbər gəldi – 2 il əvvəl Formula1-də çıxış edən Alessandro Dzanardi ağır qəzaya uğramışdı və həkimlər onun hər iki ayağını kəsməli olmuşdular.

Bir ay əvvəl titulu özünə təmin etmiş Şumaxer yarışdan imtina etməyi düşünürdü, amma Berni Ekksltoun komandanı cərimə edəcəyi ilə hədələdi. Nəticədə Mixael və Ferrari starta çıxdılar, amma maşınlardan bütün loqotiplər söküldü və maşının burnu qara rəngə boyandı. Yarışda Barrikello 2-ci oldu, Şumaxer isə heç podiuma düşmək belə istəmədi. Finiş xəttini 4-cü keçən almaniyalı sürücü dərhal avtodromu tərk edərək Almaniyaya getdi.

F2001 o qədər güclü idi ki, komanda 2002-ci ilin ilk yarışlarına da bu maşınla çıxmağı qərara almışdı – yeni maşın hələ test meydanlarında sınaqdan keçirdi. Avstraliyada Ferrari sürücüləri ilk cərgədən start aldılar. Pouldan start alan Barrikello Mixaelin balaca qardaşı ilə toqquşaraq finiş görmədi, Mixael isə qələbə qazandı. Malayziyada isə Mixael pouldan start aldı və Williams-ın digər sürücüsü Montoya ilə toqquşdu, amma boksa gedərək ön qanadını dəyişən almaniyalı sürücü finiş xəttini 3-cü keçə bildi. Braziliyada Mixael artıq yeni maşında çıxış edirdi, Barrikello isə F2001-lə ev yarışında növbəti dəfə finiş görə bilmədi…

 

FERRARİ F2001-İN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari F2001, 2001, Michael Schumacher, Rubens Barrichello

 

MövsümQran PriStartPoulQələbəPodiumƏn yaxşı nəticə
2001-ci il1734119241
2002-ci il352121

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Ferrari-nin təkamülü
Mənbə
Baxış Sayı 5. 283
Teqlər ,
Paylaş

logo