Öz hekayəsinin mənfi obrazı – Mayk Hotorn

Bu gün 1958-ci ilin dünya çempionu Mayk Hotornun ölümündən 59 il ötür. 1959-cu ilin məhz bu günündə avtoqəzada həlak olan britaniyalı sürücüdən həyatının son anlarında özü haqqında dürüst danışmaq tələb olunsaydı, yəqin ki, aşağıdakıları deməli olardı.

Mənim adım Mayk Hotorndur, Formula1 üzrə dünya çempionu kimi ölürəm.

Adım Con Mişel Hotorndur. İnsanlar mənə Mayk deyir. Almanlara nifrət edirəm.

Sap-sarı saçlarım və mavi gözlərimə görə o zəhləm gedən irqin insanlarına bənzədiyim üçün heç də şad deyiləm. Onlara elə nifrət edirəm ki, əsla istehsal etdikləri maşınları sürməyəcəm. Onsuz da belə bir seçimim yoxdur, çünki bir neçə saniyə sonra öləcəm.

Ən azı nifrət etdiyim qədər mənə də nifrət ediblər. Bir Formula1 çempionu kimi ölərkən heç kim mənim etdiyim yaxşı şeylər barədə danışmayacaq. Heç kim övladına mənə görə Con, Mişel və ya Mayk adını qoymayacaq. Bunu bilirəm, lakin vecimə də deyil. Hər hekayənin bir mənfi obrazı olur. Bu hekayəninki də mənəm.

Həyatımı yarışaraq keçirmişəm. İlk dəfə Riley Ulster İmp markalı maşınla mübarizə aparmışam. Adında iblis sözü olan bir maşınla karyeranıza başlamısınızsa, həyatınızın necə davam edəcəyini proqnozlaşdırmaq üçün falçı olmanıza ehtiyac yoxdur. Amma mən almanları udmaq, onları məhv etmək istəyirdim. Daha əvvəl doğulmuş olsaydım, müharibədə də bunu edərdim. Lakin biz müharibədə deyildik və bunun üçün ən yaxşı şans yarışmaq idi.

Formula1 karyerama 1952-ci ildə başladım. Öz ölkəmdə, kraliçanın bayrağı dalğalanarkən ilk dəfə podiuma yüksəldim. İdarə etdiyim maşın Cooper idi – ingilis maşını. Əla hiss idi. Sonra isə o nasistlərdən törəyənləri məğlub edə bilmək üçün Ferrari idarə etməli olduğumu düşündüm. 1953-cü ildə 24 yaşımda ilk qələbəmi qazandım. Qələbəni qeyd edərkən aristokrat fransız qızını hamilə qoyduğum üçün ailədə söz-söhbətə səbəb oldum. Eh, həyatdan zövq almadan yaşamaq olmaz…

Nəhayət, 1954-cü ildə Mercedes-ləri çiy-çiy yemək şansım olacaqdı. Amma heç də gözlədiyim kimi olmadı. İl ərzində sadəcə bir dəfə – İspaniyada qalib gəldim. Almaniya və İtaliya yarışları isə tamamilə fiasko idi. Fanxio hər iki yarışı Mercedes-i ilə mənim önümdə başa vurdu. Əsəbdən dəliyə dönmüşdüm, o əsəbin təsirləri hələ də bədənimdədir.

Bir il sonra isə qəribə bir hadisənin baş verməsində mənim də rolum oldu. Le Manda… Bir çoxları həmin ili faciə kimi xatırlayır. Mən isə 1955-ci ildə Le Manda baş tutan 24 saatlıq yarışı Mercedes-ə diz çökdürməyimiz və almanların avtoidmandan rədd olub getmələri kimi xatırlayıram.

Gənc və qanı qaynayan bir ingilis olan mən “Britaniyanın yarış yaşılına” boyanmış bir Jaguar-ın sükanı arxasında idim. Mercedes-in cazibəsinə dayana bilməyən ingilis Stirlinq Mossun tərk etdiyi bolidə məmnuniyyətlə əyləşdim. Üç saat boyunca Fanxio ilə mübarizə apararkən trasın rekordunu yenilədim. Pit yoluna üz tutarkən başlatdığım zəncirvari qəzada Mercedes-lərdən biri alovlar arasında tamaşaçıların üzərinə uçdu. Sevindiyimi deyə bilmərəm, amma yarışa baxmağa gələnlərin bu riski qəbul etdiklərini düşünürəm. Digər iki Mercedes onuncu saata qədər yarışa davam edib bizdən iki dövrə öndə olduqları bir vaxtda yarışdan çəkildilər. Hələ bir də utanmadan onlara qoşulmamızı istədilər. Yuxularında görərlər!

Finiş xəttini birinci keçdiyimizdə, can dostum Piter Kollinz də Aston Martin-i ilə ikinci yerdə idi. İkin ingilis markası ilk iki sırada. Zəfər hissi bütün varlığımı bürümüşdü. Şampan dolu qədəhlərlə qələbəni qeyd edərkən fransız jurnalistlər bizə qəribə baxırdılar. Almanları udduqları görülməmiş bir millətdən bizi başa düşmələrini gözləyə bilməzdim…

Həmin il həkimlər qalan tək böyrəyimin də sıradan çıxmaq üzrə olduğunu deyərək maksimum üç il yaşayacağımı bildirdilər. Qısa ömrümü həzz ala-ala yaşamaqdan heç vaxt əl çəkmədim. Onsuz da içki, siqaret, qadınlar və almanları traslarda məhv etməyə həsr edilmiş həyatım bu xəstəlik olmasa da uzun olmazdı.

1955-ci ilin sonunda Mercedes Formula1-dən getdi. Le Man faciəsindən sonra idmanda qalmamağa qərar verdilər. Qorxaqlar. Halbuki onları üstələyərək çempion olmağı o qədər istərdim ki. Qarşıma çıxası cəsarətləri yox idi. Çox pis. Onlar getdikdən sonrakı iki mövsümdə də çempion ola bilmədim. Almanlar getmişdilər, lakin Fanxio hələ də yarışırdı. Onu heç vaxt məğlub edə bilmədim.

1958-ci il 29 illik ömrümün qısaca izahı kimi idi. İtirdiyim dostlarım, yarımçıq sevinclər, nifrət etdikərimin sonunu hazırlamaq… Ferrari komandaya zərər vurmadığı müddətdə sürücülərinin bir-birinə düşmən münasibəti göstərməsinə mane olmurdu. Piterlə kim qalib gəlsə də, qazanılan pulu aramızda böləcəyimiz barədə razılığa gəlmişdik. Həmin vaxtlar mafiyaya borcu olan italyan Musso ilin ən böyük mükafatlı yarışı olan Fransa Qran Prisində məni keçmək istəyərkən öldü. Borcu istedadından çox imiş, nə edə bilərik?! Yarışdan sonra Piterlə gülüb əylənir, qazancımızı qeyd edirdik. Növbəti yarışda isə öz vətənimizdə Kollinz birinci, mən ikinci idim. Bu, paylaşdığımız son podium idi…

Lənətə gəlmiş alman torpaqlarındakı yarışda ən yaxın dostumu gözlərimin önündə itirdim. Piter ölmək üçün həyatım boyu nifrət etdiyim ölkəni “seçmişdi”. O anda qərarımı verdim – nə baş versə də, mövsümün sonunda karyeramı tamamlayacaqdım.

Tamamladım da. Çempionatdakı rəqibim, Jaguar-ı Mercedes üçün satan Moss məni müdafiə etdiyi üçün Portuqaliya Qran Prisində qazandığım xallarımı ləğv etmədilər. Həmin xallar çempionat başa çatdıqda məni çempion etdi. Piter ilə qeyd edə bilmədiyim bir çempionluğu istəmədiyimi həmin gün hiss etdim. Həm də Mercedes-ləri məğlub etmədən əldə olunan çempionluğun nə qiyməti ola bilərdi ki? Alçaqlar, çempionluqdan həzz almağıma da mane oldular. Boş yerə onlara nifrət etmirəm ki.

Və indi buradayıq. İngiltərədə yağışlı bir gündə, Surreyin yaxınlığındakı yolun kənarında bir ağacdan millisaniyələrlik məsafədə. “Mercedes-yeyən” adını verdiyim bütün maşınlarım kimi eyni ada sahib Jaguar-ımla bir Mercedes-ə həddini bildirdikdən sonra idarəetməni itirmişəm. Böyrək çatışmazlığına görə onsuz da, gözüm tez-tez qaralırdı.

Mən Mayk Hotornam, Formula1 üzrə dünya çempionu kimi ölürəm. Nifrət və qəzəb dolu qısa həyatım oldu. Formula1 tarixinin danışılmayan, gözardı edilən hekayələrindəndir mənimki. Hər hekayənin bir mənfi obrazı olur. Mən də öz hekayəmin mənfi obrazıyam…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*