21 Oktyabr 2017, Şənbə - 19:53

Mövsümün yekunları-2016: Scuderia Ferrari

Mövsümün yekunları-2016: Scuderia Ferrari

Müəllif: Elçin Zodorov, redaktor

17:15 - 20 Dekabr, 2016

Formula1 üzrə 67-ci mövsüm artıq geridə qalıb. F-1.az hər bir komandanın mövsüm ərzindəki çıxışını, əldə etdiyi nəticələri təqdim edir.

Ferrari 2015-ci ildə üç qələbə qazanmışdı və yekunda Mühəndislər Kubokunda ikinci olmuşdu. Komanda növbəti addımı atmağı – Mercedes AMG ilə başabaş mübarizə aparmağı planlaşdırırdı və bir çoxları bunun reallaşacağına inanırdı. Lakin Formula1-in ən titullu komandası mövsümü qələbəsiz başa vurub və Mühəndislər Kubokunda Red Bull-a da keçilərək üçüncü olub.

NSürücü
YarışYerXalƏn yaxşı startƏn yaxşı finiş
5Sebastyan Fettel21421232
7Kimi Rəykkönen21618632

 

Scuderia Ferrari
YarışYerXalƏn yaxşı startƏn yaxşı finiş
201621339832
201519242811
201419421642
201319335421
201220240011

Ferrari qış testlərinin başlanmasına üç gün qalmış Ceyms Əllisonun rəhbərliyi altında hazırlanan və SF16-H adlanan yeni maşını təqdim edib. Uzun illər ərzində ilk dəfə olaraq maşının rənglənməsində ciddi dəyişikliklər olub. Lakin əsas dəyişikliklərin maşının daxilində olduğu deyilirdi – Ferrari Mercedes AMG ilə fərqi azaltmaq üçün hər şeyi etmişdi. Ötən mövsüm Mühəndislər Kubokunda ikinci olduqdan sonra komandanın hədəfi məntiqli idi – növbəti addımı atmaq və titul uğrunda mübarizə aparmaq. Komandanın rəhbəri Mauritsio Arrivabene bildirib: “Biz son yarışa qədər titul uğrunda mübarizədə iştirak etmək istəyirik. Başa düşürük, rəqiblərimiz güclüdürlər və buna nail olmaq çətindir. Lakin bunun üçün əlimizdən gələni edəcəyik”.

vettel-vs-raikkonen

Komandanın sürücü heyəti dəyişilməyib – Sebastyan Fettel və Kimi Rəykkönen ardıcıl ikinci il birgə çıxış ediblər. Mühəndislər yeni maşını hazırlayarkən Rəykkönenin sükanla bağlı istəklərini nəzərə alıblar. Dörd mövsüm dartıcı ön asılqanlardan istifadə edən komanda yeni maşına itələyici asılqanlar quraşdırıb – Əllison bu konfiqurasiyanı optimal hesab edib.

Komanda qış testlərində sürətini gizlətməyib – onlar səkkiz test gününün beşində protokollara başçılıq ediblər. Komanda yumşaq tərkiblərlə fəal işləyib. Mercedes AMG sürücüləri eyni tərkiblərlə onların nəticələrinə çatmayıblar. Lakin etibarlılıq tərəfdən vəziyyət yaxşı olmayıb – Ferrari qət edilən ümumi məsafəyə görə Mercedes AMG-yə xeyli uduzub.

Melburndakı həftəsonunda vacib suala cavab tapılıb – Ferrari sürücüləri sıralanma turunda yalnız Mercedes AMG sürücülərinə məğlub olublar. Yarışda isə Fettel üçüncü yeri tutub və finiş xəttini liderdən doqquz saniyə sonra keçib. Lakin etibarlılıqla bağlı suallar meydana çıxıb. Rəykkönen yarışı tamamlaya bilməyib. Bəhreyndəki yarışda da eyni hal yaşanıb, lakin bu dəfə Rəykkönen ikinci yeri tutaraq podiuma yüksələrkən, Fettel qızdırma dövrəsində meydana çıxan motor probleminə görə start ala bilməyib.

Çin Qran Prisində nəhayət ki, komanda mövsümdə ilk dəfə hər iki sürücü ilə xal qazana bilib – Fettel ikinci, Rəykkönen isə beşinci olub. Soçidə daha bir podium əldə edən Ferrari-də həmin yarışı xalsız başa vuran Red Bull-u Mühəndislər kubokunda üçüncülük uğrunda mübarizədə məğlub edəcəklərinə inam artıb. Lakin birincilik barədə danışmaq çətin idi. Ferrari dörd yarışda dörd podium əldə etsə də, sürücülər üç dəfə yarışı tamamlaya bilməyiblər və Mercedes AMG bu müddət ərzində xal hesabında rəqiblərindən kifayət qədər uzaqlaşa bilib.

ricciardo-raikkonen

Ferrari mövsümün üçdə birini Red Bull-dan öndə tamamlasa da, Avstriya Qran Prisindən etibarən vəziyyət Red Bull-un xeyrinə dəyişib – Ferrari sürücüləri son 13 yarışın sadəcə ikisində rəqiblərindən çox xal toplayıblar.

Komanda iyulun əvvəlində Rəykkönenlə olan müqaviləsini 2017-ci ilin sonuna qədər uzadıb. Deyilənlərə görə, Fettel sürücü heyətinin dəyişdirilməsinə “veto qoyub”, Rəykkönen də buna etiraz etməyib.

Ceyms Əllison iyunun sonunda 2017-ci ilin maşını barədə nikbin fikirlər səsləndirilib, lakin təcrübəli mütəxəssis bir ay sonra Ferrari-dən ayrılıb. Buna səbəb kimi yazda həyat yoldaşı vəfat edən Əllisonun uşaqları ilə daha çox vaxt keçirmək üçün Britaniyaya qayıtmaq istəməsi göstərilib. Komanda dərhal onu Mattia Binottonun əvəzləyəcəyini elan edib.

Ferrari Almaniya Qran Prisində Mühəndislər Kubokunda ikinciliyi Red Bull-a verməli olub. Avstriya komandası fərqi getdikcə artırıb. Ferrari sürücüləri mövsüm ərzində 8 dəfə finiş görə bilməyiblər, Mercedes AMG və Red Bull-da isə bu göstərici cəmi 3 olub.

vettel-monza

Montsadakı yarış ərəfəsində motorda sonuncu dəfə ciddi yeniliklər edilib və Ferrari ev yarışında yaxşı nəticə göstərib. Motor gücünə qarşı çox tələbkar olan trasda Fettel üçüncü, Rəykkönen isə dördüncü olub. Bu, həm də komandanın mövsümün ikinci hissəsində əldə etdiyi ən yaxşı nəticə olub. Sepanqdakı yarışda titul üçün riyazı şanslarını da itirən komandanın son yarışa qədər mübarizə aparmaq istəyi reallaşmayib.

Komanda ciddi irəliləyişlər əldə etdiyi 2015-ci ildən sonra geridə qoyduğumuz mövsümü qələbəsiz başa vurub. Fettel komandanın bir il əvvəl vahid lideri hesab olunurdu, lakin 2016-cı ildə vəziyyət dəyişib. Rəykkönen heç də alman sürücüdən geri qalmayıb. Mövsümün sonunda isə ardıcıl beş dəfə sıralanma turlarında komanda yoldaşını qabaqlayıb və yekunda onu 11:10 hesabı ilə məğlub edib.

Komanda kollektiv daxilindən, mətbuatdan və rəhbərlikdən ənənəvi təzyiqləri hiss edib. Buna əsas səbəb kimi maşının vəziyyətini və dəfələrlə gördüyümüz səhv strateji qərarları misal göstərmək olar. Ferrari daha artığını etməyi çox istəsə də, buna rəqibləri nail olub. Xoşbəxtlikdən, bu dəfə komandanın əməkdaşları vəzifələrini itirməyiblər.

Sercio Markionne: “Biz Avstraliyada mövsümə uğurla başladıq. Lakin sonra rəqiblərimiz bizdən daha çox tərəqqiyə nail oldular. Red Bull əla işlədi, biz isə yerimizdə saydıq. Komandanın strukturu əvvəlki kimi qalacaq, ciddi dəyişikliklər baş verməyəcək. Mən Binottoya inanıram. Sürücülərimizin gələn ilin sonuna qədər müqavilələri var və onların komandadakı gələcəkləri bizim gələnilki çıxışımızdan asılıdır. Söz verirəm ki, biz çox çətin rəqib olacayıq, amma bunun nə zaman baş verəcəyini bilmirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 477
Teqlər , , , , ,
Paylaş

logo