20 Noyabr 2017, Bazar ertəsi - 07:53

Meksika-2016: Cümə axşamı mətbuat konfransı

Meksika-2016: Cümə axşamı mətbuat konfransı

Müəllif: Elçin Zodorov, redaktor

11:03 - 28 Oktyabr, 2016

Meksikada yarış həftəsinin ilk mətbuat konfransı həmişəki kimi pilotların iştirakı ilə baş tutub. Niko Rosberq (Mercedes AMG), Karlos Sayns (Toro Rosso), Serxio Peres (Force İndia), Esteban Qutyerres (Haas), Markus Eriksson (Sauber) və Esteban Okon (Manor) jurnalistlərin suallarına cavab veriblər.

F-1.az mətbuat konfransında pilotlara ünvanlanan sualları və onların cavablarını təqdim edir.

FİA rəsmisinin sualları

Sual: Mexikoda inanılmaz həyəcan hissi var. Çeko, keçən il sürücülərin paradında azarkeşlər sənə olduqca böyük diqqət göstərmişdilər və sanki bu il bura həmin diqqətin verdiyi məğrurluqla gəlmisən.

Serxio Peres: Əvvəla, çox xoşbəxtəm, çünki mən bütün mövsüm ərzində bu yarışı gözləmişəm və nəhayət buradayıq. Bütün yaxınlarım buradadırlar və mən Mexikoya bir tədbirə görə çərşənbə axşamından gəlmişəm. Mən insanlarda daha çox enerji görürəm. Formula1 burada getdikcə böyüyür, ona olan sevgi artır. Bu məni fərəhləndirir və bazar günü onları sevindirməyə daha çox can atıram. Ümidvaram ki, yarışda güclü performans sərgiləyərəm və yaxşı nəticə əldə edə bilərəm. Azarkeşlər həmişə deyir ki, öz evində yarışmaq sürücülərə əlavə 0.2 saniyə qazandırır. Bu sözə haqq verirəm, çünki onların verdiyi əlavə enerjini hər yerdə hiss edirik və mən əminəm ki, həftəsonu mən bu hissin də köməkliyi ilə əlimdən gələnin ən yaxşısını edəcəyəm. Həftəsonu mənim üçün çox sürətli və gərgin keçəcək, çünki bir çox tədbirlərə qatılmalıyam və bəzi görüşlərim var. Mən hər andan zövq almaq, əylənmək və yaxşı çıxışla azarkeşlərimi sevindirmək istəyirəm.

Sual: Esteban, həqiqətən, sən də Meksikadakı ilk yarışında həmin 0.2 saniyəlik üstünlüyü əldə edəcəyini düşünürsən?

Esteban Qutyerres: Burada olmaq həqiqətən də inanılmazdır və insanların necə həyəcanlı olmalarına bir baxın! Belə bir həftəsonunda iştirak etmək, bu böyük anları paylaşmaq məni şərəfləndirir. Burada bizi dəstəkləyən insanların – ailələrimizin, dostlarımızın, azarkeşlərimizin yanında olmaq inanılmaz hissdir. Dəstək üçün hər kəsə minnətdaram və həftəsonu mümkün olan ən yaxşı nəticəni göstərməyə calışacam. Ən yaxşı nəticəmi göstərmək üçün daha bir imkan əldə etmişəm və düşünürəm ki, bunu elə burada – Mexikoda edə bilərəm. Doğma ölkəmdə yaxşı nəticə əldə etsəm, buna hamı ilə birlikdə sevinə bilərik.

Sual: Esteban, səninlə davam edirik. Düz bir il əvvəl Haas-ın sürücüsü olacağın elan olunmuşdu. Bəs hazırda 2017-ci il üçün nə kimi planlar yaranıb?

Esteban Qutyerres: Mən düşünürəm ki, Cin Haas mediaya olduqca açıq danışıb. Rəhbərlik qərar vermək üçün daha bir neçə yarış gözləmək istəyir. Xoşbəxtlikdən, mənim başqa seçim imkanlarım da var, hansı ki, onlar da diqqətimizdədirlər. Mən hesab edirəm ki, hər şeyin tezliklə dəqiqləşməsi vacibdir. Daha çox gözləyərək riskə gedə bilmərik, çünki sonra gec ola bilər…

Sual: Bu müzakirələr üçün son tarix müəyyən etmisən?

Esteban Qutyerres: Bəli, qərar növbəti iki həftə ərzində verilməlidir.

Sual: Çeko, yenidən qayıdırıq sənə. Sənin hazırkı komanda yoldaşın gələn il başqa komadaya keçəcək. Bəs səni komandada qalmağa nə inandırdı?

Serxio Peres: Mən komandada yaxşı potensial görürəm. Fikir verirsinizsə, mənim keçidimdən sonra komanda hər il daha da irəli gedir. Bu, heç də asan deyil. Hazırda Mühəndislər Kubokunda dördüncüyük və ilk üçlükdəki top komandaların birinə keçə bilmək üçün onlarda yer yoxdur. Mənə elə gəldi ki, başqa komandaya keçsəm, bu ya eyni güclü komandaya keçid olacaq, ya da geriyə doğru atılmış addım olacaq. Gələn il yeni nəsil avtomobillər olacaq və  gələcəyim üçün ən yaxşı addımın burada qalmaq olduğunu düşünürəm. İnsanlar bilirlər ki, mən ancaq işləyirəm, sabitəm. Force İndia mənim karyeraımda çox xol oynayıb və onlara sadiq olmaq istəyirəm.

Sual: Esteban Okona keçirik. Sən Formula1-də yarışdığın 6 yarış ərzində özünü xeyli inkişaf etdirmisən. Sənin adın hazırda bütün komandalardakı boş sürücü yerləri üçün çəkilir. Hansı danışıqlar gedir və gələcəyinlə bağlı qərarı kim verir? Sən, yoxsa Mercedes?

Esteban Okon: Həqiqətən də xoşbəxtəm ki, mən özümü inkişaf etdirə bilmişəm və buna komandamla birlikdə nail olmuşuq. Biz birlikdə yaxşı işlər görürük. Yarım mövsüm yarışıb irəliləyişə mail olmaq asan deyil, lakin mən buna görə xoşbəxtəm. Mercedes mənim karyeramla bağlı hər şeyi edir. Lakin mən hazırda mövsümün qalan yarışlarına fokuslanmağa çalışıram. Nələr baş verəcək, hamısından xəbərimiz olacaq.

Sual: Sən özünü daha böyük komandada yarışmağa hazır hiss edirsən, yoxsa daha bir mövsüm Manor-da qalaraq öyrənməyə davam etməyi düşünürsən?

Esteban Okon: Mən bilmirəm. Dediyim kimi, diqqətimi mövsümün qalan yarışlarına ayırmaq istəyirəm. Əgər yaxşı nəticələr göstərsəniz, gələcəklə bağlı yeni danışıqlar və imkanlar hər zaman yaranar. 

Sual: Markus, sən Ostindəki yarışda hətta 11-ci yerdə gedirdin, hansı ki, bu il başqa yarışda bu qədər qabaqda olmamısan. Sən Sauber-in satıldıqdan sonra bir qədər inkişaş etdiyini düşünürsən?

Markus Eriksson: Bəli, belə hesab edirəm. Son bir neçə yarışda doğru istiqamətdə irəliləmişik. Sinqapur Qran Prisindən etibarən desəm, daha dəqiq olar. Hər həftəsonu istər sıralanma turunda, istərsə də yarışda ilk onluğa daha da yaxınlaşırıq. Sizin də dediyiniz kimi, Ostindəki yarış da bizim üçün yaxşı keçdi. Sıralanma turunun birinci sessiyasında 14-cü nəticə göstərdim və bu, məni daha da nikbin etdi. Yarışda uzun müddət 11-ci yerdə getdim, lakin sonra təkərlərin resursu tükəndi və mən bir neçə yer itirdim. Biz bir komanda olaraq çox işləyirik və doğru istiqamətdə irəliləyirik. Gətirdiyimiz yeniliklər öz effektini göstərir və biz daha yaxşı nəticələr göstərə bilirik. Lakin dayanmamalıyıq və irəliləməkdə davam etməliyik. Bizim bu nöqtədə hədəfimiz Mühəndislər Kubokunda Manor-u üstələməkdir.

Sual: Tamamilə haqlısan, komandanın buna ehtiyacı var. Səncə, qalan üç yarışdan hansında yaxşı nəticə göstərmək üçün şansın var?

Markus Eriksson: Düşünürəm ki, hər yarışda şansım var. Lakin açıq-aydın görünür ki, əsl sürətimi göstərmək çətin olacaq. Xal qazanmağımız üçün bir neçə sürücünün yarışı dayandırmasına və şansa ehtiyacımız var. Bizim ehtiyacımız olan burada olmaq və mümkün qədər yaxşı çıxış etməkdir. Çünki baş verə biləcək gözlənilməz hadisələrdən üstünlük əldə edə bilərik. Bu yarışda əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizi demək çətindir, lakin biz əlimizə düşən fürsətlərdən istifadə etməliyik.

Sual: Karlos, Ostində əla yarışdın və Fernando ilə aranızda böyük mübarizə oldu. Sən tez-tez ondan ilham aldığını deyirsən. Sən onunla yarışarkən, digərləri ilə yarışanda olandan daha çox məmnuniyyət hiss edirsən?

Karlos Sayns: Formula1 sürücüsü olmaq insana böyük məmnunluq verir, çünki dünyanın ən yaxşı 21 sürücüsü ilə yarışırsan. Ola bilər ki, Fernando ilə mübarizələr nisbətən xüsusidir. Mən onu 2003-cü ildən bəri izləyirəm. Ostində 5-cilik uğrunda ona qarşı mübarizə aparmaq iqtidarında idim. Lakin insan həmin anda nə etməli olduğunu dərk edə bilmir. Yatağınıza uzandıqda, bu barədə daha çox düşünürsünüz. Onunla mübarizə yarışımı daha da maraqlı etdi. 

Sual: Toro Rosso təsdiq etdi ki, növbəti mövsümdə də komanda yoldaşın Daniil Kvyat olacaq. Renault ilə yollarınız yenidən birləşir, komandanın gələnilki ambissiyaları barədə nə düşünürsən?

Karlos Sayns: Düşünürəm ki, Toro Rosso hazırda mütəmadi olaraq inkişaf edir. Aydındır, sizin də bildiyiniz kimi, builki motordakı güc çatışmazlığı bizə xeyli mane oldu. İnkişafda olduğumuza sübut Ostindəki performansımızdır. Mən sürməkdən həzz alırdım. Ceyms Ki və komandası hər ilin sonunda bənzər işlər görürlər. Renault mühərriyi yaxşı işləyir. Düşünürəm ki, Toro Rosso gələn il Daniil və mənim timsalımda yaxşı sürücü heyətinə sahib olacaq və öz potensialını göstərə biləcək. Mühəndislər Kubokunda daha yaxşı yer tutacağımıza inanıram. Biz komanda üçün doğru adamlarıq. Ehtiyacımız olan şey düzlükdə daha sürətli olmaq və daha yaxşı nəticələr üçün birlikdə səy göstərməkdir.

Sual: Niko, mövsüm sənin üçün indiyə qədər möhtəşəm keçib və sən bu həftəsonu çempionluğunu elan edə bilərsən. Ola bilməz ki, sən bu barədə düşünməyəsən. Bu fikir sənə necə təsir edir?

Niko Rosberq: Bundan xəbərdaram. Bəli, mənim üçün mövsüm indiyə qədər yaxşı keçib. Lyuislə mövsümün sonuna yaxın çempionluq uğrunda mübarizə aparmaq çox maraqlıdır. Əvvəl də dediyim kimi, hazırda ən yaxşı nəticələri əldə etmək üçün çalışıram. Çempionatdakı bir çox şey məndən asılıdır və Mexikoda qələbə qazanmaq istəyirəm.

Sual: Lyuislə mübarizənizə görə komanda daxilindəki atmosfer necədir? Hər şey 2014-cü ildəki kimidir, yoxsa bir qədər fərqlidir?

Niko Rosberq: Komanda daxilində hər şey, həqiqətən də, çox yaxşıdır. Məsələn, biz Ostindəki yarışdan sonra böyük bir şənlik təşkil etdik. Bütün motorçular, mexaniklər də iştirak edirdi və bu, çox gözəl idi. Komanda artıq böyük yol qət edib və biz hər sahədə güclüyük. Müəyyən istiqamətdə irəliləyirik və birlikdə yaxşı vaxt keçiririk. Düşünürəm ki, bizim içində olduğumuz bu mübarizə hamını həyəcanlandırır.

Sual: Lyuislə münasibətləriniz nə vəziyyətdədir?

Niko Rosberq: Sözün açığı, bu barədə çox da düşünmürəm. Mən mümkün qədər yaxşı nəticə göstərmək üçün çalışıram. Düzdür, aramızda rəqabət var, lakin biz son vaxtlar çox yaxşı yola gedirik.

Jurnalistlərin sualları

Sual (Flavio Vanetti – Corriere della Sera): Sualım Nikoyadır. Ostində Berninin dediyi sözləri eşitdik. Onun dediklərinə cavab verə bilərsən? O demişdi ki, sən çempion olsan, bu, sən və Mercedes AMG üçün yaxşı olar, amma idman üçün yox. Çünki sənin haqqında yazılacaq çox şey yoxdur. Bu barədə nə deyə bilərsən?

Niko Rosberq: Onunla şəxsən görüşdüm və demək istədiyi şeyin bu olmadığını bildirdi. İstənilən halda, bu, mənim üçün çox da əhəmiyyətli deyil. Mən çempionluq mübarizəsinə fokuslanmışam.

Sual (Enrike Qutyerres – El Grafico): Çeko, həyatındakı ən böyük qorxu nədir?

Serxio Peres: Düzünü desəm, ilanlar. Bundan başqa heç nədən qorxmuram.

Sual (Enrike Qutyerres – El Grafico): İkinci sualım isə belədir ki, ölüm barədə nə düşünürsən?

Serxio Peres: Yaxşı sualdır. Bu, insanların yetişməsini heç vaxt istəmədiyi bir andır. Lakin hər kəs gec ya da tez, bir gün öləcək. 

Niko Rosberq: Mən bütün meksikalılara ölüm bayramını yaxşı qeyd etməyi arzulayıram.

Serxio Peres: Düşünürəm ki, o, bu sualı bazar günü ölüm bayramını qeyd edəcəyimiz üçün verib.

Sual (Daniel Conson – The Telegraph): Sualım Nikoyadır. Sən bütün həyatın boyu yarışmısan. Son 1o ildə Formula1-dəsən və 3 ildir ki, çempionluq uğrunda mübarizə aparırsan. Çempionluq sənin üçün nə məna kəsb edir?

Niko Rosberq: Bu, uşaqlıq arzumdur. Amma indi arzu deyil. Dediyim kimi, mənim üçün vacib olan həftəsonu Meksika Qran Prisini qazanmaqdır.

Sual (Frederik Ferre – L’Equipe): Niko, sən Lyuislə necə işləyirsən? Onun sazlanmalarını, telemetriya məlumatlarını nüsxələyirsən, yoxsa hər şeyi özün tam sərbəst şəkildə edirsən?

Niko Rosberq: İndiyə qədər necə idisə, indi də elədir. Hər şey açıqdır və hər şey paylaşılır. Heç nə dəyişməyib.

Sual (Conatan MakEvoy – Daily Mail): Meksika avtodromu dəniz səviyyəsindən çox hündürdə yerləşir – belə şəraitdə çıxış etmək necədir? Hisslərdə, hazırlıqda bir fərq varmı?

Niko Rosberq: Səhər qaçışı zamanı bir fərq hiss etmədiniz? Əminəm ki, hiss etdiniz. Meksika Qran Prisi – fiziki hazırlığın çox vacib olduğu mərhələlərdən biridir, amma burada uzun düzlüklər var və biz dincələ bilirik, ona görə də yarış mövsümün çətin yarışı olmur.

Sual (Conatan MakEvoy – Daily Mail): Çeko, sənin bu mövzuda əlavə etmək istədiyin nəsə var?

Serxio Peres: Görünür, siz də hiss etmisiniz. Təkcə yarışda yox, etdiyimiz hər bir şeydə – qaçarkən, yeriyərkən və etdiyimiz bütün hərəkətlərdə daha çox hiss olunur. Nikonun da dediyi kimi, trasın quruluşu bizə kömək edir. Burada təqvimdəki ən uzun düzlüklərdən biri var və tras o qədər də çətin deyil. Sinqapur və Malayziya yarışları daha yorucudur. Bu tras da çox tələbkardır.

Sual (Lazaro  Montano – Record): Niko, burada çempionluğu elan etmək sənin üçün nə dərəcədə xüsusi olar? Nəzərə alsaq ki, keçənilki uğurlu seriyan məhz buradan başlamışdı. Ostindəki yarışdan sonra burada qalib gələ biləcəksən?

Niko Rosberq: Mənim burada keçən ildən çox gözəl xatirələrim var. Burada qalib gəlmək çox gözəl idi – mən Meksika xalqının böyük dəstəyini qazandım və bu dəstək daha sonra sosial şəbəkələrdən də davam edirdi. Beysbol meydançasında yerləşən podium bu il ən gözəlidir. Burada vaxtından əvvəl çempion olmaq təkcə mənim çıxışımdan asılı deyil. Mənim üçün hər şey qalib gəlməkdən ibarətdir və nələrin baş verəcəyini görəcəyik. 

Sual (Luis Alberto Aquerre – Reform): Markus, sənin növbəti mövsüm Force İndia-da çıxış etmək şansın var? Orada olmaq sənin üçün mümkündür?

Markus Eriksson: Mən düşünürəm ki, gələn il üçün müqaviləsi olmayan bütün sürücülər oranı nəzərdə saxlayıb. Force İndia hazırda keçidin mümkün olduğu ikinci ən yaxşı komandadır. Lakin bu, sadəcə bir variantdır. Sauber məni gələn mövsümlə bağlı həyəcanlandırmağı bacarıb. Çünki onların olduqca güclü layihələri var. Mənim menecerlərim müxtəlif komandalarla da danışıqlar aparırlar. Ümid edirəm ki, tezliklə hər şey dəqiqləşəcək.

Sual (Ben Hant –The Sun): Berni bildirib ki, trasın ətrafında divarlar görmək istəyir. Bilirəm, sizi təhlükəsizlik narahat edir. Bu barədə nə düşünürsüz? Berni istəyir ki, divarlar maşınların trasdan çıxmasına mane olsun, bununla da yanaşı maraq artsın. Bu, o qədər də ağıllı fikir kimi səslənmir, lakin mən sizin mövqeyinizi öyrənmək istəyirəm.

Niko Rosberq: Əgər yarışları daha maraqlı etmək istəyirlərsə, bunun üçün diqqət yetirməli olduqları azı 10 sahə var. Mənim bu barədə fikrim belədir.

Serxio Peres: Niko ilə razıyam. Yarışların maraqlı olması üçün təhlükəsizliyimizi riskə atmaqdan əvvəl  inkişaf etdirilə biləcək xeyli sahələr var. Mən düşünürəm ki, trasları mübarizəyə daha çox imkan verəcək formaya salmaq lazımdır. Trasların ətrafında çınqıllıq və bunun kimi sahələr olduqda, həm təhlükəsizliyimiz təmin olunur, həm də ora çıxıb vaxt itirməmək üçün çox diqqətli sürməli oluruq.

Karlos Sayns: Çeko ilə tamamilə razıyam. Mənim üçün ilk növbətə təhlükəsizliyim gəlir, həm də digər sürücülərlə yarışmaq vacibdir. Mən səhər trasda gəzdim və yəqin ki, siz də görmüsünüz – burada təhlükəsizlik zonaları daha genişdir. Bu, təhlükəsizlik üçün yaxşıdır. Lakin trasın daha çətin olması və gərgin mübarizənin olması üçün nələrsə tətbiq edilə bilərdi.

Sual (Tomas Qubin – AutoHebdo): Çeko, gələn mövsüm komandaya Niko kimi bir sürücü tapmaq nə dərəcədə çətin olacaq və sən kimin komanda yoldaşın olmasını istərdin?

Serxio Peres: Bəli, Niko kimi bir sürücünü tapmaq, əlbəttə ki, çətindir. Mən komandaya doğru istiqamətdə köməklik edəcək, təkan verəcək hər bir sürücü ilə komanda yoldaşı olmaq istəyərəm. Maşında nələrin baş verdiyini anlayan biri olsun. Məndən sürətli olarsa, bu, yaxşı olar. Daha çox çalışaram. Meksikalı sürücünün olması  (Estebanı işarə edir) daha maraqlı olar. Düşünürəm ki, Niko ilə işləmək həqiqətən də yaxşıdır. Çünki biz yaxşı yola gedirik, birlikdə işləyirik və çalışmalarımız komanda üçün də çox səmərəli olur.

Sual (Luis Alberto Aquerre – Reform): Esteban, Çeko ilə komanda yoldaşı olamq istərdin? Çeko, eyni sualı sənə də ünvanlayıram – Estebanı komanda yoldaşın kimi görmək istəyirsən?

Esteban Qutyerres: Əlbəttə, bu, fantastik olardı. Hər bir komanda yoldaşı yaxşıdır. 

Serxio Peres: Niyə də yox?!

Sual (Xuan Pablo Sançes – Millenio): Niko, Meksikadakı uğuru təkrarlamaq üçün hansı yolları düşünürsən?

Niko Rosberq: Mən keçənilki nəticələrə baxıram və buradakı xoş xatirələr istisna olmaqla, bu il çox da fərqlənən bir şey görmürəm. Mən ilk sərbəst yürüşlərdən yaxşı ritm tutmaq, bunu növbəti sərbəst yürüşlərdə, sıralanma turunda və yarışda davam etdirmək istəyirəm.

Sual (Diter Renken – Racing Lines): Karlos, biz “Çili” sousunun vətənindəyik və səni də bəzən belə adlandırırlar. AttribalF1 adlı bir istifadəçimiz maraqlanır ki, bu ləqəbi sənə kim və nə vaxt qoyub?

Karlos Sayns: Bu ləqəbi dostlarım düşünüb. Yəqin ki, bir gecə çox içiblər və əvvəlcə “Karlos”-u “Çarli”, sonra isə “Çarli”-ni “Çilli” ilə əvəz ediblər. Mən bu sousu sevmirəm, çünki ədviyyatlardan xoşum gəlmir. Dünən yemək üçün tako aldım, lakin yeyə bilmədim, çünki çox sərt ədviyyatlar vurulmuşdu.

Sual (Conatan MakEvoy – Daily Mail): Niko, belə görünür ki, sən hər həftəsonu ancaq həmin yarışa diqqətini ayırırsan və başqa şeylər barədə düşünmürsən. Sən belə yanaşmanı kimləsə məsləhətləşib qəbul etmisən, yoxsa öz fikrindir?

Niko Rosberq: Bu, özümü yaxşı hiss etməmə kömək edir. Mən fikrimi ancaq həmin an baş verən şeylərə yönəldirəm.

Sual (Diyeqo Mecia – F1 Canal Latin America): Sualım Niko və Serxioyadır. Aradan 12 aylıq müddət keçib və siz bu müddətdə trasda hansı dəyişiklikləri gözləyirsiniz? Hər şey eyni olacaq, yoxsa hansısa fərqlər görə bilərik? Sizcə, SuperSoft təkərlər nə dərəcədə mühüm amil olacaq?

Niko Rosberq: Trasın səthi bu il daha cod olacaq və bu da təkərlərə keçənilkindən fərqli təsir göstərəcək. Lakin bunları araşdırmaq lazımdır. Görək, necə olacaq…

Serxio Peres: Mən də eyni şeyləri düşünürəm. Tras daha cod olacaq. Daha yumşaq təkər tərkibləri var və biz fərqli strategiyalar görə bilərik. Keçən il bir çox sürücülər yarışı tək pit-stopla başa vurdular, lakin inanmıram ki, bu il belə etmək mümkün olsun.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 360
Teqlər , , , , , , , ,
Paylaş

logo