21 Oktyabr 2017, Şənbə - 19:57

Komandalar asılqanların konstruksiyasını dəyişməli olacaqlar?

Komandalar asılqanların konstruksiyasını dəyişməli olacaqlar?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:51 - 04 Yanvar, 2017

Hələ 2014-cü il mövsümünün gedişində FİA o zaman dəbdə olan FRİC (Front and Rear-İnterConnected) sisteminin istifadəsini qadağan etmişdi – bu sistem hidravlika sayəsində ön və arxa asılqanları qarşılıqlı əlaqələndirməklə, maşının altlığı ilə asfalt arasındakı məsafənin (klirens) stabilliyini təmin edirdi.

Həmişə olduğu kimi, sistem qadağan olunsa da, komandalar bu istiqamətdə işləməkdən imtina etməmişdilər, sadəcə onların hazırladıqları yeni sistemə FİA-nın narazılığı yox idi. Şassinin və klirensin stabilliyi aerodinamikanın effektiv işləməsi üçün çox vacibdir, ona görə də bütün top-komandalar öz variantlarını tapmışdılar. Biz Mercedes komandasının tətbiq etdiyi sistem barədə məlumat vermişdik – sistem trasın müəyyən hissəsində köndələn stabillik amortizatorunun möhkəmliyini dəyişməyə imkan verirdi, yəni döngədə maşının sağa və ya sola əyilməsinin qarşısını alırdı. Keçən il oxşar sistem Red Bull maşınlarında da peyda olmuşdu.

Bu sistemin üstünlükləri aşkar idi, amma Britaniyanın nüfuzlu Autosport resursunun verdiyi xəbərə görə, Ferrari-nin baş konstruktoru Simone Resta FİA-nın yarış direktoru Çarli Uaytinqə məktub yazıb (məktubun nüsxələri komandalara göndərilib). Simone məktubunda bildirib ki, Ferrari-nin mühəndisləri ön və arxa asılqanların fiziki bağlılığı olmayan FRİC sistemini reallaşdırıblar: məktubda sistemin funksionallığı təfərrüatlı izah olunub.

İndi Ferrari-nin mühəndisləri bu konstruksiyanın leqallığı barədə maraqlanıblar ki, bu sistemdən yeni maşında istifadə etmək olarmı? Uaytinq komandanın sualına mənfi cavab verərək bildirib ki, bu konstruksiya texniki reqlamentin 3.15 bəndini pozur – deməli, digər komandaların da, o cümlədən Mercedes komandasının da, oxşar sistemi qadağandır.

F-1.az xatırladır ki, yeni maşınlar üzərində konstruktor işləri artıq başa çatıb və hazırda element və komponentlərin istehsalı mərhələsi gedir. Ona görə də komandalar çətin seçim qarşısında qalıblar – ya klirensin stabilliyini təmin edən asılqan konstruksiyalarından imtina etməli, çünki Melburnda bu cür maşınların reqlamentə uyğun gəlmədikləri elan oluna bilər, ya da təcili FİA-nı razı salan başqa variant axtarmalıdırlar.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 106
Teqlər , , , , , ,
Paylaş

logo