20 Oktyabr 2017, Cümə - 07:18

Honda güc qurğusunun yeni versiyasını hazırlayıb

Honda güc qurğusunun yeni versiyasını hazırlayıb

Müəllif: Elçin Zodorov, redaktor

15:14 - 03 İyul, 2017

F-1.az xatırladır ki, McLaren-in cari mövsümdə ilk xallarını Bakıdakı yarışda Fernando Alonso qazanmışdı. Komanda Avstriyada daha yaxşısına ümid edir, çünki Honda Şpilberqə motorun yeni versiyasını gətirəcək.

Fernando Alonso: “Bakıdakı yarış çox xoşuma gəldi. Qazandığımız xallar təkcə maşının yaxşı vəziyyətdə olmasının yox, həm də mühəndislərimizin, mexaniklərimizin və strategiya üzrə mütəxəssislərimizin uğurlu işinin göstəricisi idi. Onlar hər zaman soyuqqanlıdırlar və istənilən vəziyyətdən yararlanmağa hazırdırlar. Çətin həftəsonunda qazanılan iki xal əslində təsəllidən başqa bir şey deyil, lakin dediyim kimi, biz irəliləmək üçün bu təcrübədən istifadə edirik.

Avstriya Qran Prisi ərəfəsində nikbin olmağımız üçün səbəblər var. Burada mühərrik gücü ön plana çıxmır və hesab edirəm ki, trasın konfiqurasiyası maşınımıza uyğundur. Var gücümüzlə hücum edə biləcəyimizi düşünürəm. Bundan başqa, bir sıra texniki yeniliklər əldə edəcəyik. Ümidvaram ki, onların arasında mənim Azərbaycanda cümə günü məşqlərdə istifadə etdiyim Honda motorunun yenilənmiş üçüncü versiyası da olacaq. İrəli atılan hər addım vacibdir. Var qüvvəmlə yarışmağa və müsbət nəticə əldə etməyə hazıram”.

Stoffel Vandorn: “Mən Avstriya Qran Prisinə hazıram. Dövrə qısadır və ötmələr üçün əla imkanlar var. Adətən sıx mübarizə və gözlənilməz nəticələr olur. Bakı və Kanadadakı uzun düzlüklər bizim əleyhimizə idi, lakin Red Bull Rinq maşınımıza xeyli uyğun trasdır. Ötən yarışda qazanılan xallar komandaya müsbət təsir göstərib. Ümid edirəm ki, Avstriyada daha yaxşısına nail olacağıq. Yeniliklər gəlib və irəliyə doğru addım atırıq. Problemsiz həftəsonu olsa, yaxşı nəticə əldə etmək mümkündür. Düzdür, olmaq istədiyimiz yerdə deyilik, lakin Avstriyadakı yaxşı nəticə komandaya təkan verəcək”.

Erik Bulye: “Bir neçə səfər yarışından sonra yeniliklər əldə etmək və Avropaya qayıtmaq əla hissdir. Bol insidentli Azərbaycan Qran Prisindən sonra ümid edirəm ki, Avstriyada da maraqlı yarışın şahidi olacağıq. Tras sıx mübarizəyə imkan verir. Kanada, Bakı və Silverstoun kimi traslarla müqayisədə, konfiqurasiyası maşınımıza daha çox uyğundur.

Keçən il burada ən yaxşı nəticələrimizdən birini göstərmişdik – Censon yarışa üçüncü yerdən başlamışdı və yekunda altıncı olmuşdu. Bir sıra yeniliklər hazırdır. Bakıdakı yarış bizə tam sevinməyə imkan verməsə də, pis işləmədiyimizi gördük. Şpilberqdə modernləşdirilmiş Honda mühərriyi ilə yanaşı, bir çox yenilik gətiririk. Bu da orta qrup komandaları ilə mübarizə aparmağa və irəli addım atmağa imkan verəcək”.

Yusuke Haseqava: “Red Bull Rinq unikal və dağlarla əhatə olunmuş gözəl trasdır. Bu, təqvimdəki ən qısa traslardandır və doqquz döngədən ibarətdir. Buna baxmayaraq, çətin trasdır və sürücülər 71 dövrə boyunca diqqətli olmalıdırlar. Biz Bakıda ilk xallarımızı qazanmışıq. Bu, komandanı ruhlandırdı. Cümə günü Fernando motorun son versiyasını sınaqdan keçirdi və gördük ki, güc baxımından irəliləyiş var. Əldə etdiyimiz məlumatlara əsasən, işimizi davam etdirdik və indi onları hər iki sürücünün maşınına quraşdırmağa hazırıq.

Düşünürəm ki, rəqabət səviyyəmiz qalxıb və Avstriyada göstərəcəyimiz nəticə mənim üçün çox maraqlıdır. Hazırlıq prossesi son dəqiqəyə qədər davam edəcək və ümid edirəm ki, biz inkişafımızın təsdiqi olaraq, yaxşı yarış keçirəcəyik”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 691
Teqlər , , , , , , ,
Paylaş

logo