17 Dekabr 2017, Bazar - 18:00

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 64-cü yazı – Ferrari F14 T

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 64-cü yazı – Ferrari F14 T

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:26 - 19 Mart, 2017

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 4 gün qalır – 4 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 64-cü yazımızda Skuderiyanın V6 turbo mühərriyi quraşdırılmış ilk maşını – Ferrari F14 T modelindən danışacağıq…

2014-cü ildə çempionatda ciddi dəyişiklik baş verdi. Formula1 yenidən turbo mühərriklərə qayıtdı. Ona görə də Skuderiya mövsümə böyük ümidlər bağlayırdı. Digər komandalarda olduğu kimi Maranelloda da mövsümə hazırlığa iki il əvvəl başlamışdılar. Keçən il mövsümün ikinci yarısından isə komanda bütün resursunu yeni maşının hazırlanmasına yönəltmişdi. Ceyms Əllison komandaya gec gəldiyi üçün maşının texniki məsuliyyəti Simone Restanın üzərinə düşmüşdü.

Yeni maşının adında istehsal ili ilə yanaşı işlənən T hərfi turbo mühərrikdən istifadəni xatırladırdı. 1.6 litrlik V6 birturbinli mühərrik reqlamentə uyğun hazırlanmışdı. Bu ildən güc qurğusu termini tətbqi olunmağa başladı və bu qurğuya 6 element daxil idi. Daxili yanma mühərriyi ilə yanaşı iki generator (biri əyləcdən, digəri isə turbindən qidalanırdı), enerjini toplayan akkumulyator, turbin və vahid idarəetmə sistem bloku birlikdə güc qurğusunu təşkil edirdilər. Bu yeniliklər maşınların minimal çəkisinin 691 kq-a qaldırılmasını tələb etmişdilər.

Maranelloda sonuncu dəfə 1988-ci ildə turbo mühərrik quraşdırılmış maşın istehsal etmişdilər, həmin maşın mövsümdə cəmi bir qələbə qazanmışdı – McLaren komandasının dominantlıq etdiyi mövsümdə qazanılmış yeganə qələbə Entso Ferrarinin ölümündən bir ay sonraya təsadüf etmişdi.

Komandanın sürücü heyətində də yenilik var idi – Felipe Massa komandanı tərk etdiyi üçün Kimi Rəykkönen 5 ildən sonra komandaya qayıtmışdı. Ferrari-nin son titulunu finlandiyalı sürücü qazandığı üçün komanda bu qayıdışa da böyük ümid bəsləyirdi.

Amma növbəti dəfə hər şey gözlənilənlərin əksinə oldu. Hələ mövsümöncəsi testlərdə məlum oldu ki, komandanın hazırladığı güc qurğusu rəqiblərin qurğusundan ağır və zəif alınıb, qurğunun şassiyə inteqrasiyası isə ideal deyildi. Maşın Alonsonun sürmə stilinə uyğun hazırlanmışdı, amma ispaniyalı sürücü mövsümdə cəmi iki dəfə podiuma qalxa bildi. Ferrari isə 1993-cü ildən sonra ilk dəfə mövsümü qələbəsiz başa vurdu…

 

FERRARİ F14 T

Ferrari, Scuderia Ferrari, Ferrari F14 T, 2014, Fernando Alonso, Kimi Raikkonen

 

F14 T Maranelloada çempionat üçün hazırlanmış 60-cı maşın idi, onun hazırlanması isə iki il əvvəldən başlamışdı – Skuderiyanın motor istehsalçısı kimi şansı var idi ki, yeni güc qurğusunun şassiyə optimal inteqrasiyası sayəsində üstünlük qazansın, düzdür, yeni texniki direktor Ceyms Əllison komandaya gec qoşulduğu üçün bu layihədə iştirak etməmişdi. Maşını Simone Restanın başçılıq etdiyi mühəndislər qrupu hazırlamışdı, əfsanəvi Rori Börn isə öz məsləhətlərini vermişdi.

Komanda aerodinamik borunun bərpasına böyük vəsait xərclədikdən sonra, onun normal işləməsinə nail oldu. Komanda yeni mövsümə böyük ümidlər bəsləyirdi – iki dünya çempionu komandanın şərəfini qoruyurdu: komandaya 2007-ci ildə son titulu qazandıran Kimi Rəykkönen 5 illik fasilədən sonra qırmızı kombinezon geyinmişdi. Ümumiyyətlə, 1999-cu ildən sonra ilk dəfə komandada iki avropalı sürücü çalışırdı.

Yeni maşının xarici görünüşü dərhal sələfindən fərqlərini biruzə verirdi – çempionatın bütün maşınlarında təhlükəsizlik baxımından burun elementi aşağı endirilmişdi: F14 T bu elementinə görə paddokda “tozsoran” adını almışdı. Aşağı endirilmiş buruna görə mühəndislər ön asılqanın konfiqurasiyasını ciddi yeniləmişdilər. Ön və arxa qanadlar da reqlamentin tələblərinə uyğun hazırlanmışdılar.

Mövsümöncəsi testlərdə komanda Mercedes və Williams-a uduzsa da, ilk yarşda 18 xal qazana bildi, 4-cü yarış Çində isə Alonso ilk podiumu qazandı. Amma artıq aydın idi ki, Mercedes mövsümün favoritidir və onunla mübarizə aparmaq mümkün olmayacaq. Ona görə də apreldə komandanın başçısı Stefano Domenikali istefaya göndərildi – onu Ferrari-nin Şimali Amerika fililalının başçısı Marko Mattiaççi əvəz etdi.

Şirkətin prezidenti Luka di Montedzemolo komandaya daha çox diqqət ayıracağına söz verdi – dərhal şayiələr peyda oldu ki, Ədrian Nyui ilə danışıqlar gedir. Komandaya onlarla mühəndis cəlb olundu, amma Nyui növbəti dəfə Red Bull-la müqaviləsini uzatdı.

Kanadaya komanda yenilənmə paketi gətirsə də, sərbəst yürüşlərdə onu yoxlasa da, şənbə və bazar günü köhnə konfiqurasiyaya qayıtdı. Avstriyada da eyni hal təkrar olundu – məlum oldu ki, maşının layihələndirilməsi zamanı ciddi səhvə yol verilib: bunu işdən azad olunmuş baş motorçu Luka Marmorini açıqladı.

Daha bir problem isə maşının Kimi Rəykkönenə tam uyğun gəlməməsi idi – maşın, ümumiyyətlə, çox dar sazlanmalar çərçivəsində çalışırdı. Ona görə də artıq payızda Luka di Montedzemolo da vəzifəsini tərk etməli oldu, mövsümün sonunda isə Marko Mattiaççi də istefaya göndərildi. Onun yerinə isə Philip Morris şirkətinin vitse-prezidenti Mauritsio Arrvabene gətirildi. Mövsümün sonunda komandanın uğursuszluqlarından təngə gələn Alonsonun da komandadan getməsi məlum oldu – onu dördqat dünya çempionu Sebastyan Fettelin əvəz edəcəyi elan olundu.

Lyuis Həmiltona ikinci tutulu qazandıran mövsümü Skuderiya Mühəndislər Kubokunda 4-cü yerdə başa vurdu…

 

FERRARİ F14 T-NİN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari F14 T, 2014, Fernando Alonso, Kimi Raikkonen

 

MövsümQran PriStartPoulQələbəPodiumƏn yaxşı nəticə
2014-cü il19380022

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Ferrari-nin təkamülü
Mənbə
Baxış Sayı 14. 201
Teqlər ,
Paylaş

logo